“Kurtlar Vadisi”nin həm də  “Məşədi İbad” olan aktyoru- “Azərbaycan havası udmaq istəyirəm” - ÖZƏL MÜSAHİBƏ 

“Kurtlar Vadisi”nin həm də  “Məşədi İbad” olan aktyoru- “Azərbaycan havası udmaq istəyirəm” - ÖZƏL MÜSAHİBƏ 

Cebhe.info-nun “Türk Ulduzları” rubrikasının növbəti qonağı “Kurtlar Vadisi Pusu” serialı ilə daha çox tamaşaçı sevgisi qazanan İzzət Çivril oldu.

O, həmçinin, “Behzat Ç.”, “Kız Annesi”, “Alemin Kıralı”, “Nizama Adanmış Ruhlar” seriallarında və “Aziz İstanbul”, “Ayaz”, “Fetih 1453” kimi filmlərdə rol alıb.

- İzzət bəy, çox uğurlu bir opera aktyorusunuz. üstəlik, bir çox Azərbaycan tamaşasında da oynadığınızı bilirik. Rol aldığınız Azərbaycan tamaşaları haqqında nələr deyə bilərsiniz?

- üzeyir Hacıbəyovun "Arşın mal alan" əsərində 15 ilə yaxın Vəli, "Məşədi İbad" (“O olmasın, bu olsun”) da isə təxminən 1 il hambal rolunu oynamışam. Daha sonra isə 5 il ərzində “Məşədi İbad” rolunu canlandırmışam. Bu tamaşaların biletlərinin hamısı tez satılırdı və çox təqdir olunurdu. Çox gözəl günlərimizin keçdiyini deyə bilərəm. Hətta “Sevilya Bərbəri” əsərində də azərbaycanlı aktyorlarla birlikdə oynamaq fürsətim olub. Bu tamaşalar Ankara Dövlət Operasında səhnələşdirilirdi, amma Türkiyənin bir çox şəhərlərə turnelərə də getmişdik. Həmin tamaşaları bu gün də oynasaq, yenə böyük izləyici kütləsi tərəfindən izlənəcəyindən adım kimi əminəm. Çünki belə maraq göstərilməsəydi, bu illər ərzində səhnələşdirilməzdi. Mən də həmin tamaşalarda oynadığım üçün çox xoşbəxtəm və gözəl dostluqlar qazandım. Yeri gəlmişkən, azərbaycanlı dirijor və bəstəkar Niyazi Tağızadəni də çox sevirəm.

- Bəs başqa Azərbaycan layihələrində yer almısınız?

- Yox. Mən daha çox teatrda oynamışam. Tam 45 il dövlət teatrının aktyoru olmuşam.

- Bir çox serialda rol almısınız, amma izləyicilər sizi ən çox "Kurtlar Vadisi Pusu"da oynadığınız Faruk bəy obrazı ilə sevdi.

- Həqiqətən də "Kurtlar Vadisi Pusu" serialında oynadığım Faruk bəy obrazı ilə xeyli sevildim. Eşitdiyimə görə, "Kurtlar Vadisi Pusu" Azərbaycanda da ən çox izlənən və sevilən layihələrdən biri olub. Təbii ki, mən də buna görə sevinirəm. Hətta hələ də məni öz adımla deyil, Faruk bəy deyə çağıranlar olur. Deməli, xeyli iz buraxan bir rol olub. Bu da mənim xoşuma gəlir. Əslində “Pana Film” mənə Faruk bəy rolunu 9 bölümlük təklif etmişdi, amma daha sonra obrazın əhəmiyyəti artdığı üçün bir mövsümə qədər uzandı.

- "Kurtlar Vadisi Pusu"da heç unuda bilmədiyiniz xatirələriniz hansılardır?

- Faruk bəyin evinə basqın olunduğu və onun xilas edildiyi səhnə çox xoşuma gəlmişdi. Amma heç unuda bilmədiyim səhnə Faruk bəyin ölüm səhnəsidir. Həmin səhnənin çəkilişlərində “Poyraz” rolunu oynayan aktyor Yıldırım Memişoğlu mənə "Qardaş, üzrlü say, səni öldürəcəyəm" dedi. (gülür)

- Dediyiniz kimi, izləyicilər də sizi ən çox Faruk bəy kimi tanıyır. Bəs sizə görə ən yaxşı rolunuz hansıdır?

- "Fetih 1453" filmində rusiyalı Kardinal İsidor obrazını qeyd edə bilərəm. Həmin filmi də təxminən 7,5 milyon insan izlədi. Mən hər rolu oynaya bilən bir insanam. Yəni sərxoş, dəli və ya aristokrat olmasından asılı olmayaraq, nə rol versələr, oynayıram. Keçən il də Diyarbakırda “Kançepek” adlı bir filmdə dəli rolunu canlandırdım. Həmin səhnələri "TikTok" platformasında 1,5 milyona yaxın insan izlədi. Yəni həmin obrazdan da çox təsirləndim. Amma təəssüf ki, o film yarımçıq qaldı. Ən çox da o filmin yarımçıq qalmasına görə məyus oldum. Çünki tamamlansa və ya qısa film kimi harasa göndərilsə, mükafat ala bilərdi.

- "Kurtlar Vadisi Pusu" kimi "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialının da çox böyük izləyici kütləsi var idi. Hətta orada "Kurtlar Vadisi Pusu"da rol alan çox sayda aktyorlar çəkildi. Amma sizi həmin layihədə görə bilmədik. Sizə "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialından təklif gəlmişdi?

- Təəssüf ki, həmin serialdan mənə heç bir təklif gəlmədi. Bunun səbəbini də başa düşmürəm. Çünki məndən həmişə "Eşkıya Dünyaya Hükümdar Olmaz"a niyə çağırılmadığımı soruşurdular. Amma əgər alınsaydı, yaxşı olardı deyə düşünürəm. Mənim ora qatqım ola bilərdi. Amma nə deyək, qismət deyilmiş.

- Yeni layihələriniz varmı?

- Son olaraq, Urfa şəhərində "Hökümət Bəy" adlı komediya filmində oynadım. Olduqca gözəl bir iş ərsəyə gəldi. İnşallah oktyabr və ya noyabr aylarında təqdim olunacaq. İzləməyinizi tövsiyə edirik, çünki çox gülməli və əyləncəli vaxt keçirə biləcəyiniz bir filmdir. Başqa film təklifləri də var, onları da dəyərləndirirəm.

- Bəs serial təklifləri varmı?

- Bəzi təkliflər var, amma hələ tam dəqiq deyil. Ancaq gözəl bir layihə olsa, qəbul edirəm. İstədiyim kimi bir serial olarsa, istər Türkiyədə, istərsə də Azərbaycanda sevə-sevə oynayaram.

- Hazırda hansı rolu oynamaq istəyərsiniz?

- Mən əslində həyata dair psixoloji bir layihədə yer almağı çox istəyirəm. Rolu oynarkən, izləyicilərə də nələrisə ötürə bilirəmsə, həmin obrazı çox yaxşı canlandırdığımı düşünərəm. Məncə, insanlar izlədikləri filmlərdən dərs almalıdırlar. Yəni elə keyfiyyətli filmlər çəkilməlidir. Mən də elə filmlərdə rol almağı çox istəyirəm.

- İzzət bəy, Azərbaycan dedikdə ağlınıza ilk nə gəlir?

- Azərbaycan dedikdə ağlıma səmimi hiss etdiyim, qardaşım və dostum gəlir. üstəlik, bir çox azərbaycanlı dostum da oldu. Mən Azərbaycanı çox sevirəm. İnşallah, dostluğumuz və qardaşlığımız heç bir zaman pozulmaz.

- Bəs Azərbaycan serialında çəkilmək istəyərsiniz?

- Əgər Azərbaycanda keyfiyyətli bir serial və ya film təklifi gələrsə, rahatlıqla oynaya bilərəm. Yəni qardaş ölkədə oynamaq istəyərəm və zövq alaram. üstəlik, Azərbaycan sənətdə çox irəlidədir. Onu da deyim ki, Azərbayacana heç vaxt gəlməmişəm, amma dəvət olunsam, sevə-sevə gələrəm. Çünki Azərbaycanın havası ilə nəfəs almaq istəyirəm.

Elmir
Cebhe.info