Azərbaycançılıq ideologiyası: Bütöv Azərbaycana gedən yol

Azərbaycançılıq ideologiyası: Bütöv Azərbaycana gedən yol

İSTİQAMƏT: 6.3.9. azərbaycançılıq ideyasının təbliği

Hər bir dövlətin inkişaf etməsi birbaşa cəmiyyətdən asılıdır. Cəmiyyətdə isə vahid mövqeyə ehtiyac var ki, bu da birləşdirici ideologiyadan asılıdır. Azərbaycan üçün isə bu, azərbaycançılıq ideologiyasıdır. Azərbaycançılıq ideologiyası dövlətin güclənməsində, cəmiyyətin inkişafında əsas lokomotivdir. Bu ideologiyanın inkişaf mərhələsi isə müstəqillik əldə etdikdən bir neçə il sonra başladı. Azərbaycançılıq ölkədə yaşayan bütün xalqların, etnik qrupların söykəndiyi ideoloji əsasdır.

Ultramillətçilik, regionçuluq kimi zərərli ideologiyalar zaman-zaman müxtəlif qüvvələr tərəfindən geniş təbliğ edilsə də, Azərbaycan cəmiyyətində özünə yer tapa bilmədi. Cəmiyyət bu cür ideoloji əsası olmayan, xalqı pərən-pərən salan fikirlərdən imtina edərək azərbaycançılıq ideologiyasını əsas tutdu ki, bu da inkişafda əsas rol oynayan amilə çevrildi. Bu ideologiya Azərbaycanın siyasi həyatında olduğu kimi, iqtisadi həyatında da əsaslı dönüş yaratdı. Lazımsız və əsası olmayan ideoloji təxribatlardan imtina edildi.

Azərbaycan 30 ildə çətin, ancaq şərəfi yol keçdi. Müstəqillikdən qısa müddət əvvəl və müstəqilliyin ilk illərində torpaqlarının 20 faizi işğal olundu, ancaq müxtəlif siyasi qüvvələrin çəkişmələri, vətəndaş qarşıdurması, müxtəlif ölkələrdən təzyiqlər fonunda Azərbaycan inkişaf edə, güclənə bildi. Nəticədə siyasi, iqtisadi gücə sahiblənən Azərbaycan 2020-ci ildə torpaqlarını işğaldan azad etməyi, bölgənin lider dövlətinə çevrilməyi, dünya üçün lazımlı ölkə olmağı bacardı. Təbii ki, bütün bunların kökündə duran əsas məqam azərbaycançılıq ideologiyası oldu. O ideologiya ki, cəmiyyəti birləşdirən əsas dəyərdir.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya deyib ki, Azərbaycan əslində cavan ölkədir:

“30 il tarix üçün böyük bir dövr deyil. Müstəqilliyimizi bərpa etməyimizdən cəmi 30 il keçir. Müstəqilliyin ilk illərində hesab edirəm ki, azərbaycançılıq daha çox təbliğ olunurdu. O dövr gəncliyimiz vətənpərvərlik ideyaları ilə silahlanmışdı. Sonrakı dövrdə bu məsələlərlə bağlı çox ciddi iradlarımız var idi. Torpaqlarımız işğal altında idi, Azərbaycan cəmiyyətində uğursuzluq sindromu vardı. Bütövlükdə öz dilimizdə təhsilə daha çox diqqət yetirilmirdi, rus və başqa dillərə maraq çox idi. Televiziyalarda şou proqramlara daha çox üstünlük verilirdi. Cəmiyyəti başqa istiqamətə yönəltmək çabası müşahidə olunurdu.
Bununla bağlı ciddi problemlərin olduğu göz qabağında idi. Mütəmadi olaraq deyirdik ki, həm torpaqlarımızı işğaldan azad etmək, həm də millət olaraq dövlətimizi daha da gücləndirmək üçün azərbaycançılıq ideologiyasına ehtiyac var. Son dövrlərdə bu məsələdə çox ciddi uğurlar əldə olunub. Xüsusilə də 2016-ci ilin aprel hadisələrindən sonra torpaqlarımızı işğaldan azad etmək, dövləti gücləndirməklə bağlı böyük qüvvə ortaya qoya biləcəyimizə dair fikir formalaşdı. Bu ideyanı daşıyanlar isə cəmiyyətdə daha çox gənclər olur. Bu baxımdan gəncliyin bu ideyalarla silahlanmasına çox ciddi ehtiyac var. Bu istiqamətdə də çox ciddi addımlar atıldı. Torpaqlarımız ona görə işğaldan azad edə bildik ki, milli ruhumuz vardı. Bu milli ruh formalaşmışdı. Hesab edirəm ki, bu istiqamətdə uğurlu addım atıldı. Azərbaycançılıq və milli birlik ideologiyası formalaşdı ki, biz həm torpaqlarımızı işğaldan azad etdik, eyni zamanda cəmiyyətdə dövlətimizin güclənməsinə yönəlik addımların atılmasının şahidi oluruq".

Partiya sədri əlavə edib ki, azərbaycançılıq idelogiyası mütəmadi olaraq təbliğ olunmalıdır:

“Bu, bütövlükdə cəmiyyətdə milli ideologiya olmalıdır ki, insanlarımız, xüsusilə də gəncliyimiz dövlətin güclənməsinə yönəlik addımlar atmaq həvəsində olsun. Təbii ki, bu, çox vacib idelogiyadır. Azərbaycan elə bir regionda yerləşir ki, zaman-zaman qonşularımızın xoş olmayan münasibəti ilə üzləşirik. Hesab edirəm ki, cəmiyyət olaraq Bütöv Azərbaycan ideologiyasına qoşulmalıyıq ki, tarixi torpaqlarımızda bərqərar olan güclü bir dövlətə çevrilək. Biz parçalanmış millətlərdənik. Sərhədləri öz torpaqları ilə qonşu olan Azərbaycan kimi ikinci bir dövlət göstərmək mümkün deyil. Ona görə də ideoloji baxımdan elə işlər aparılmalıdır ki, bütün dünya azərbaycanlıları Bütöv Azərbaycan uğrunda mübarizəyə qoşulsunlar. Azərbaycanın bu regionda həm siyasi, həm hərbi, həm də iqtisadi cəhətdən daha güclü bir dövlətə çevrilməsinə nail ola bilək”.

Göründüyü kimi, azərbaycançılıq ideologiyasının təbliği mütəmadi olaraq aparılır. Bunun məntiqi nəticəsini 44 günlük Vətən müharibəsində bütün dünya gördü. Həmin dövrdə cəmiyyətin bütün təbəqələri vahid yumruq şəkildə birləşdi və torpaqlarımızın işğaldan azad olunmasına dəstəyini verdi. Amma hələ görüləcək işlər var və Bütöv Azərbaycana gedən yol da məhz azərbaycançılıq ideologiyasının cəmiyyətin hər bir fərdi tərəfindən mənimsənilməlidir. Bunun üçün isə maarifləndirmə prosesinin daha da genişlənməsinə ehtiyac var.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar
Cebhe.info