Elman Nəsirov Azər Badamovun geri qaytarılmasından danışdı: “İki nəfər yaxınlaşıb dedi ki...”

Elman Nəsirov Azər Badamovun geri qaytarılmasından danışdı: “İki nəfər yaxınlaşıb dedi ki...”

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Azər Badamov Həştərxan vilayətinə səfəri çərçivəsində Rusiyanın Moskva hava limanında saxlanılıb və ölkəyə girişinə qadağa qoyulub. 

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən verilən açıqlamada Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfərinin məhz vilayətin vitse-qubernatoru - Hökumət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə olduğu qeyd edilib. 

Həmi səfərdə iştirak edən deputat Elman Nəsirov yaranmış insidentə münasibət bildirib.

O, "Cebheinfo.az"-a açıqlamasında səfər zamanı həmkarı, deputat Azər Badamovun Moskva hava limanında saxlanılaraq Rusiyaya girişinə qadağa qoyulmasına dair təfərrüatları bölüşüb: 

"Biz Həştərxana rəsmi dəvət əsasında getmişdik. Səfər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak məqsədi daşıyırdı. Dəvət Rusiyanın Həştərxan vilayətinin vitse-qubernatoru, vilayət hökumətinin rəhbəri Denis Afanasyevdən gəlmişdi", – deyə deputat bildirib.

Elman Nəsirovun sözlərinə görə, Moskvada ilkin keçiddə heç bir problem yaşanmayıb: 

“Pasport nəzarətindən problemsiz keçdik. Hər şey qaydasında idi. Sonra Sərhəd Mühafizə Xidmətindən iki nəfər yaxınlaşdı və bildirdilər ki, STOP qeydi var və dəqiqləşmə aparılmalıdır. Azər müəllim özü də dedi ki, cəmi 10 gün əvvəl Dağıstanda səfərdə olub və heç bir problem yaşamayıb. Bu dəfə nə dəyişdi?”

Elman Nəsirov, həmçinin qeyd edib ki, Azər Badamov Rusiya ilə parlamentlərarası dostluq qrupunun və MDB Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvüdür: 

“Biz irad bildirdik, dedik ki, bu, hansı anlaşılmazlıqdır? Cavab verdilər ki, texniki səhv ola bilər. Amma bir neçə dəqiqə sonra dedilər ki, bu, guya təhlükəsizliklə bağlı məsələdir və Azər Badamov geri qayıtmalıdır. Lakin konkret izahat verilmədi. “Təhlükəsizlik deyəndə nəyi nəzərdə tutursunuz?” sualımıza da cavab ala bilmədik”.

Deputat onu da vurğulayıb ki, Həştərxanda nümayəndə heyəti yüksək səviyyədə qarşılanıb: 

“Həştərxan vilayətinin hökumət rəhbəri bizi birbaşa hava limanında qarşıladı. Baş nazir səviyyəsində diqqət və qayğı hiss etdik. Tədbirlər planımız var, diaspor nümayəndələri ilə görüşlər, ağacəkmə aksiyası, şəhər meri və Ulu Öndər Heydər Əliyevin adını daşıyan məktəbdə şagirdlərlə görüş nəzərdə tutulub. Haziırda bu tədbirlərdyəm. 

Biz bu səfəri Azərbaycan-Rusiya münasibətlərinin ruhuna uyğun şəkildə həyata keçiririk. Ona görə də bu insident bizim üçün təəssüf doğuran anlaşılmazlıqdır. Xarici İşlər Nazirliyimiz artıq məsələyə münasibət bildirib”.

E.Nəsirov sonda vurğulayıb ki, məsələ ciddi şəkildə araşdırılmalı və cavab verilməlidir: 

“Milli Məclis də bu məsələyə münasibət bildirməlidir. Hesab edirəm ki, konkret və məntiqli cavab verilməlidir. Çünki artıq səfirliyimiz Rusiya Xarici İşlər Nazirliyinə rəsmi müraciət edib. 

Hadisə bazar gününə təsadüf etdiyindən, rəsmi cavab alınmayıb. Amma yeni iş həftəsi başlayıb və yaxın günlərdə bu məsələ ilə bağlı daha aydın mənzərə yaranacağına inanıram. Əgər cavab məntiqli və qənaətbəxş olmazsa, adekvat addımların atılması istisna deyil”. 

Səbinə Uğur 
"Cebheinfo.az"