Ermənistanın Rasmussen təxribatının arxasında QƏRB İZİ

Ermənistanın Rasmussen təxribatının arxasında QƏRB İZİ

Ermənistan Azərbaycan əleyhinə təxribatlarına davam edir.

Onlar NATO-nun keçmiş baş katibi, danimarkalı siyasətçi Anders Foq Rasmusseni İrəvana çağırıblar.

Siyasətçi gələr-gəlməz Ermənistanın Qərb ictimaiyyətinə inteqrasiyasını dəstəkləmək və kollektiv Qərbin diqqətini bu ölkənin təhlükəsizliyi ilə bağlı problemlərinə cəlb etmək niyyətində olduğunu deyib.

NATO-nun sabiq rəhbəri də ermənilərin təxribatının bir parçası olub. Belə ki, Anders Foq Rasmussen Azərbaycanla sərhəd bölgəsinə və Laçın-Xankəndi yoluna baş çəkib. Ardınca isə erməni mətbuatına Azərbaycan əleyhində açıqlamalar verib.

Qeyd edək ki, ermənilərin Anders Foq Rasmussenə pul verib gətirdiyi də ortaya çıxıb. Artıqın Ermənistan hər cür təxribata əl atdığını görürük.

Bəs bu son təxribat kimin sifarişidir və məqsəd nədir?

“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətov Cebhe.info-ya açıqlamasında deyib ki, Anders Foq Rasmussenin öncə İrəvana, sonra Laçın-Xankəndi yoluna gəlməsi şübhəsiz ki, erməni lobbisinin pulları hesabına olub:

"Eyni zamanda Ermənistandakı mövcud hökumətin tutduğu yanlış strategiyanın nəticəsi olaraq ortaya çıxır. Nəzərə almaq lazımdır ki, bu gün Ermənistan-Azərbaycan arasında baş verən proseslərin kökündə Ermənistanın qeyri-konstruktiv mövqeyi dayanır. Belə mövqeyində artıq uzun müddətdir sərgilənməsi bölgədə bir böhran vəziyyəti yaradıb.

NATO-nun keçmiş baş katibinin səfərinin və açıqlamalarının arxasında maddi maraqlar dayanır. Onsuz da, onun hansısa ciddi bir təsir imkanı yoxdur. Aydın məsələdir ki, NATO-nun indiki Baş katibi Yens Stoltonberqin mövqeyi də Anders Foq Rasmussendən fərqlidir.

Hətta NATO-nun mövqeyi də onun mövqeyi ilə üst-üstə düşmür. Rasmussen sadəcə olaraq, erməni lobbisinin pulları hesabına çağırışlar edə bilər. Hesab edirəm ki, belə çağırışların edilməsi Qərb təchizatlarını gözdən salmaqdır".

Politoloq hesab edir ki, buradakı bir digər məqsəd isə bölgə ilə bağlı Qərb-Rusiya qarşıdurmasını gücləndirməkdir:

"Əslində Nikol Paşinyanın və onun komandasının əsas hədəfi Ermənistanda və Qarabağda NATO-Rusiya qarşıdurmasını gücləndirməkdir. Bu isə Paşinyanın özündən qaynaqlanmır. Görünür, bunlar Qərbdəki beyin mərkəzlərinin göstərişlərilə həyata keçir.

Təbii ki, bu da açıq şəkildə görünür ki, onun əsas ittihamları birinci Azərbaycana yönəlib. Amma indiki məqamda Anders Foq Rasmussen səfərinin arxasında başqa bir rəsmi görmək mümkündür.

Yəni bu Azərbaycan-Ermənistan məsələsindən daha çox NATO-Rusiya qarşıdurmasının Ermənistan üzərində gücləndirilməsi üçün atılan bir addımdır.

Onun Ermənistana gəlməsi və verdiyi bəyanatlara diqqətlə fikir versək, bunları görmək olar. Yəqin ki, Rusiyadan da Rasmussenin fikirləri ilə bağlı açıqlamalar gələcək".

Elmir Mustafa
Cebhe.info