Adiləşən boşanmaların qarşısını necə almaq olar?

2023-cü ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24146 nikah və 10631 boşanma halları qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb. Boşanmaların sayı hər il artır. Bununla bağlı olaraq SOS siqnalı verilsə də, konkret təkliflər irəli sürülmür, çıxış yolları təklif edilmir.
Bəs nikahın dayanıqlığını təmin edən hər hansı təkiflər varmı?
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, müxtəlif müzakirələrdə, dövlət qurumlarının tədbirlərində bu narahatlıq ifadə edilir:
"Əslində narahatlıq var. Müxtəlif müzakirələrdə, dövlət qurumlarının tədbirlərində bu narahatlıq ifadə edilir. Lakin hansısa nəzarət mexanizmi qadınların üzərində mənfi nəticə verə bilər. Nəzərə almaq lazımdır ki, biz hüquqi dövlətik, beynəlxalq konvensiyalara qoşuımuşuq, nikah haqqında qanunumuz var. Buna baxmayaraq, ailələrdə boşanmalar və zorakılıq faktları, uşaqların taleyi ilə bağlı çətinliklər, uşaqların valideynsiz qalma məsələsi, boşanma prosesində uşaqların manipulyasiya olunma problemləri, uşaqlardan imtina halları var.
Bu da narahatlıq doğurur. Əslində tərəflərin boşanması normal prosesdir. Tərəflər boşananda problem yaradırsa və bu problemin bir ucu dövlət həm büdcəsinə zərər verir, həm də kifayət qədər yeni problemlər yaradır. Uşaqdan imtina etmək, baxmamaq kimi problemlər ortaya çıxır. Hər gün uşaqların imtina halları artır. Bunlar göstərir ki, böhranlı vəziyyət var".
Onun sözlərinə görə, ailələr üçün yol xəritəsi hazırlanmalıdır:
"Zorakılıq faktlarına nəzər yetirək. Zorakılıqdan zərər çəkən, qətlə yetirilən, xəsarət alan nə qədər insan var. Bunlar üzərində tədqiqatlar aparılmalıdır ki, hansı ailə modeli daha uyğundur. Ailələr üçün yol xəritəsi hazırlanmalıdır. Ənənəvi ailə modelində kişi işləyir, qadın evdə oturur. Müasir ailə modelində isə həm kişi, həm qadın işləyir. Qanunvericiliyimiz də bunu təsdiqləyir. Konstitusiyamız, qoşulduğumuz beynəxalq konvensiyalarda tərəflərin bərabər olduğu bildirilir.
Amma ailə münasibətlərinə gəlincə, köhnə adət-ənənələrə söykənirik. Düşünürük ki, qadının rolu kişinin rolundan daha aşağıdır, bərabərlik pozulur. Bu baxımdan mən düşünürəm ki, indiki dövr üçün bunları tənzimləmək üçün hər hansı cinayətlərin qarşısıını almaq, ailələri daha şüurlu qorunması üçün ailənin yol xəritəsi hazırlanmalıdır".
M.Zeynalova bildirib ki, bütün proqramlar qadınlara yönəldilib, lakin ailə modelində kişinin rolu da diqqətə alınmalıdır:
"Araşdıranda görürük ki, bütün proqramlarda fəaliyyətləri daha çox qadınlara yönəltmişik. Cinayət törədənlərə qarşı proqramlarımız yoxdur. Köhnə qaydada ailə modelini qurmaq olmur ki. Hüquq və məsuliyyəti dərk edən ailə modelini qurmaq lazımdır. Yalnız qadına yönəlik yox kişiyə də dəstək verəcək proqramlar olmalıdır. Biz kişiləri tamamilə kənara ata və aşağılaya bilmərik. Əgər modelini qururuqsa, tərəflərin hər ikisinin nüfuzunun qoruyub saxlayan konsepsiya hazırlamalayıq. Bəzi beynəlxalq sənədlərdə qadınının rolunun artırılmasına yönəlik proqramlar var. Kişini də bundan kənar qoymaq aqressiyanın artmasına gətirib çıxarır".
M.Zeynalova bərabərhüquqlu ailə modelini qurmaq üçün tərəflərin nikahdan öncə hüquq və vəzifələrini anlamalı olduğunu söyləyib:
"Bir çox ölkədə ailələrin yol xəritəsi var. Bizdə də bu olmalıdır. Bizdə nikaha girən şəxslər üçün 1 ay müddət verilir. Tərəflər 1 ay müddətində heç bir addım atmır. Sadəcə 1 ay toya hazırlaşıb nikah sənədlərini götürürlər. Bu 1 ay müddət niyə boş qalmalıdır? Bu 1 aylıq müddətdə tərəflərin hüquq və vəzifələrinin anladılması ilə bağlı proqramlar olmalıdır. Nə üçün ailə qururlar, bunun öhdəliyini anlayırlarmı? Belə proqramlar hazırlanmalıdır. O zaman bərabərhüquqlu ailə modelinə gəlib çata bilərik".
Naibə
Cebhe.info