İmtahan sualları asanlaşıb: Qəbul daha da çətinləşəcək?

İmtahan sualları asanlaşıb: Qəbul daha da çətinləşəcək?

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. İmtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. 10 mart 2024-cü ildə keçirilmiş buraxılış imtahanının nəticələrinin 15 – 19 aprel tarixləri ərzində elan olunması nəzərdə tutulur.

14 aprel 2024-cü il tarixində də növbəti imtahan keçiriləcək. Bu il ilk buraxılış imtahanından maksimal balı toplayanların sayı çox olub. 

Maraq doğuran odur ki, bu nəticə cari ildə imtahan suallarının asanlaşması, yoxsa şagirdlərin bilik səviyyəsinin artmasından irəli gəlir? Eləcə də bu nəticələr qəbul imtahanlarında müsabiqə vəziyyətini cətinləşdirəcəkmi? 

Təhsil üzrə ekspert Kamran Əsədov “Cebhe.info”-ya bildirib ki, ümumiyyətlə, hələ də eyni tipli imtahanlar keçirilir və aprelin 14-də də növbəti imtahan olacaq:

“Birmənalı şəkildə imtahan nəticələrinə test tapşırıqlarının nisbətən asan salınması öz təsirini göstərib. Ötənilki suallarla müqayisə aparanda bu il sualların müəyyən qədər asan olduğunu müşahidə edirik. Bu, danılmaz bir faktdır. Bir səbəb test tapşırıqlarının ağırlıq səviyyəsinin aşağı salınmasıdır. İkincisi, son 3 il ərzində Elm və Təhsil Nazirliyi mütəmadi olaraq orta ümumtəhsil məktəblərində kuriklum məzmun, art standartlarının reallaşması ilə bağlı monitorinqlər aparır. Digər tərəfdən, müəllimlərin sertifikasiya imtahanı, həmçinin direktorların müsabiqə və müsahibə ilə işə qəbulu prosesi, yeni müəllimlərin son illərdə daha çox orta ümumtəhsil məktəblərinə getməsi təhsilin keyfiyyətinə öz təsirini göstərir. Artıq bu model, buraxılış imtahanı modelinin sualları bütün müəllimlərə məlumdur. Əvvəllər bu model, istər açıq, qapalı tipli suallar müəllim və şagirdlər üçün yeni idi.

Onun qiymətləndirilməsini, cavablandırılmasını o qədər də yaxşı bilmirdilər. Artıq işlək bir modelə çevrilib. Bu test modeli tanışdır. Ona görə də şagirdlər sualları cavablandıra bilirlər. Elə 10 martda keçirilən imtahan nəticələrində də daha çox bal toplayan şagird sayı müşahidə edə biləcəyik.

Pandemiyadan sonra tədrisin keyfiyyətinin yüksəldilməsinə daha çox diqqət yetirilib. Regional idarələr monitorinq imtahanı keçirdilər ki, buradakı suallar buraxılış imrahanı modelində idi. Yəni bir çox ciddi səbəblər var. Son 3 il ərzində təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görülüb. Bu da birmənalı şəkildə buraxılış imtahanlarına öz təsirini göstərib”. 

Ekspertin sözlərinə görə, say çoxluğu ali məktəblərə qəbul zamanı müsabiqə prosesinə elə də ciddi təsir göstərməyəcək:

“Müsabiqə nəticəsində imtahan iştirakçılarının 50 faizi onsuz da keçid balını toplaya bilməyəcək. Yaxud da bu il ali məktəblərə qəbul plan yeri artıb. Eləcə də Qarabağ Universiteti, Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq. Həmçinin ADA Universitetində I ixtisas qrupu üzrə yeni ixtisaslar açılıb. Ümumilikdə plan yerləri 60 minin üzərində olacaq. Təbii ki, say nə qədər çox olsa belə, bu amillər ümumilikdə ciddi bal artımına gətirib çıxarmayacaq”. 

Nigar Abdullayeva 
“Cebhe.info”