İnsan alverinə qarşı mübarizə: Koalisiya ilk dəfə dövri hesabat təqdim etdi- FOTO

İnsan alverinə qarşı mübarizə: Koalisiya ilk dəfə dövri hesabat təqdim etdi- FOTO

Aprelin 15-də “İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası”nın dövri hesabat təqdimatı keçirilib.

Təqdimat Koalisiyanın sədri, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova tərəfindən təqdim olunub. O bildirib ki, bu, Koalisiyanın ilk dəfə belə dövri hesabat təqdimidir və bu praktikanın davamlı olacağı nəzərdə tutulur.

İnsitutsional inkişaf və yeni struktur

2024-cü ilin dekabrından 2025-ci ilin aprel ayınadək dövrdə Koalisiyanın fəaliyyətində bir sıra mühüm dəyişikliklər baş verib. Yeni sədrin seçilməsi, əsasnamə və fəaliyyət planının təsdiqi, idarə heyətinin və nəzarət-təftiş komissiyasının formalaşdırılması ilə yanaşı, arxiv və kitabxana yaradılıb, həmçinin üzvlər barədə məlumat bazası hazırlanıb.

Qanunvericilik təşəbbüsləri və monitorinq

Qanunvericilik təşəbbüsü qrupu 2 ay ərzində 4 görüş keçirib. Görüşlərdə insan alveri qurbanlarının müəyyənləşdirilməsi, sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası ilə bağlı müvafiq qərarlar və proqramların təkmilləşdirilməsi müzakirə olunub. Monitorinq qrupu isə sosial media platformaları (TikTok, Instagram, Facebook) və tanışlıq saytlarında insan alveri elementləri daşıyan kontent və elanlar üzrə geniş təhlillər aparıb.

Maarifləndirmə və təlimlər

Koalisiya üzvləri ilə birlikdə "Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar" mövzusunda birgə təlimlər keçirilib. Bu təlimlərə sahə müvəkkilləri və uşaq inspektorları da cəlb olunub. Təlim modulu Koalisiya üzvü Günel Ələkbərova tərəfindən hazırlanıb.

Əməkdaşlıqlar və ictimai dinləmələr

Koalisiyanın təşəbbüsü ilə 17 yanvar 2025-ci ildə insan alveri ilə mübarizə üzrə ictimai dinləmə keçirilib, 41 nəfər iştirak edib. Həmçinin Sosial Tədqiqatlar Mərkəzi ilə gələcək əməkdaşlığa dair razılıq əldə olunub.

Mediada aktiv iştirak

Bu günə qədər Koalisiyanın fəaliyyəti ilə bağlı 156 media xəbəri dərc olunub. Sosial şəbəkələrdə müraciətlərin və sorğuların cavablandırılması üçün instaqram səhifəsi və yardım xətti fəaliyyət göstərir. Mehriban Zeynalova bildirib ki, Koalisiya bu hesabat təqdimatları ilə fəaliyyətində şəffaflığı artırmaq, üzvləri arasında əlaqələri gücləndirmək və insan alverinə qarşı mübarizədə daha geniş auditoriyanı maarifləndirmək niyyətindədir.

"Cebheinfo.az"