İrəvan Moskva ilə bütün ipləri qoparır: Yeni format

İrəvan Moskva ilə bütün ipləri qoparır: Yeni format

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

Sözügedən iclas aprelin 12-də Minskdə keçiriləcək.

Qeyd edək ki, Ermənistanın MDB formatında keçirilən toplantılara qatılmaması halları artıb. Bu, isə Ermənistanın Rusiyanın liderlik etdiyi digər təşkilatlar kimi, MDB-dən çıxmaq istəyi ilə izah edilir.

Hələ ötən ilin oktyabr ayında Ermənistanın Baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının Qırğızıstanda keçirilən sammitinə qatılmaqdan imtina edib. Paşinyan bunu işlərinin çox olması ilə əlaqələndirmişdi. Ermənistan MDB xarici işlər nazirlərinin şurasının iclasında yalnız nazir müavini səviyyəsində təmsil olunmuşdu.

Bundan başqa, Ermənistan MDB ölkələrinin İqtisadi Şurasının Moskvada keçiriləcək 101-ci iclasına da yüksək səviyyəli nümayəndə heyətini göndərməkdən imtina edib.

İndi isə Ararat Mirzoyanın xarici işlər nazirlərinin zirvə görüşündən imtina etməsi yalnız rəsmi İrəvanın Rusiyanın siyasi orbitindən uzaqlaşaraq Qərbyönümlü kursa üstünlük verməsi ilə şərh oluna bilər.

Ermənistanın Kollektiv Təhlükəsizlik Təşkilatı, Avrasiya İqtisadi Birliyi, Avrasiya Gömrük İttifaqı və MDB-ni tərk edəcəyi ilə bağlı proqnozlar tez-tez səslənir. Paşinyan hakimiyyətinin KTMT ilə olduğu kimi, MDB strukturları ilə də münasibətləri dondurmağa başladığı aydın görünür. 

Xüsusilə də Nikol Paşinyanın aprelin 5-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Jozep Borrel və ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə Brüsseldə keçirdiyi birgə müzakirələrdən sonra Ermənistanın Qərbə interasiya siyasətinin daha sürətli hal alacağı gözlənilir. Ararat Mirzoyanın MDB-nin iclasına qatılmaması da bu prosesin tərkib hissəsidir.

Qeyd edək ki, Qərb Ermənistanı perspektivdə Gürcüstan, Ukrayna və Moldova ilə ilə eyni siyasi platformada görmək istəyir. Bunu şərti olaraq ingilis dilində GUAM (Georgia, Ukraine, Armenia, Moldova) formatı da adlandırmaq olar. Yəni bu birlikdə A hərfi Azərbaycanı deyil, Ermənistanı ifadə edir. Söhbət heç də vaxtilə mövcud olmuş GUAM formatının bərpasından getmir.

Sadəcə olaraq, adları çəkilən dövlətlər artıq Avropaya inteqrasiya kursu seçdiklərini rəsmən bəyan ediblər. Gürcüstan, Ukrayna və Moldova Qara dəniz regionunu əhatə edirdisə, Moldovanın bu prosesə qoşulmasından sonra bu əməkdaşlıq formatı geosiyasi baxımdan, Cənubi Qafqazı da əhatə edir. 

Əlbəttə, Gürcüstanın Cənubi Qafqaz ölkəsi olduğunu nəzərə alsaq, bu prosesə Ermənistanın strat verdiyini söyləmək olmaz. Lakin Ermənistanın Rusiyaya münasibətdə nümayiş etdirdiyi diskurs regionda geosiyasi balansın Qərbin xeyrinə dəyişməsini təmin edə bilər. Buna baxmayaraq, digər üç ölkədən fərqli olaraq, Ermənistan Rusiyanın hərbi müttəfiqi olaraq qalır. 

Rusiya Gürcüstanla, Ukrayna və Moldova ilə müharibə vəziyyətində olduğu halda, Ermənistanda hərbi bazalar saxlayır. Üstəlik, Ermənistan KTMT-nin üzvüdür. Ona görə də Ermənistan Qərbə inteqrasiya prosesini reallaşdırmaq üçün Rusiya ilə hərbi müttəfiqlik münasibətlərinə xitam verməlidir. Yalnız bundan sonra Avropa İttifaqı və ABŞ Ermənistanı etibarlı tərəfdaş kimi tam siyasi himayəsinə götürə bilər. Rusiyanın de-yure müttəfiqi olan Ermənistan hüquqi islahatlar aparmalı, neytral dövlət statusu aldıqdan və ya NATO-ya inteqrasiya kursunu seçdikdən sonra Qərbin təhlükəsizlik təminatlarını almaq imkanı qazanacaq.

Bu proses MDB ilə münasibətlərə də aiddir. “GUAM”a daxil olan dörd ölkədən üçü MDB-dən çıxıb. Ermənistan isə MDB-nin üzvü olaraq qalır. Çox güman ki, Qərbin Paşinyanın qarşısında qoyduğu əsas tələblərdən biri Ermənistanın MDB-ni tərk etməsi olacaq. Hətta bu prosesə başlanıldığını da söyləmək mümkündür. Bu, yalnız Ermənistanı Kremlin geosiyasi orbitindən uzaqlaşdırmaq üçün deyil, həm də Rusiyanın Cənubi Qafqazda hərbi mövcudluğna son qoymağa hesablanıb. 

Çünki Ermənistanla imzalanmış müqaviləyə görə, KTMT qoşunları MDB-nin xarici sərhədlərini müdafiə etmək məqsədilə bu ölkəyə yerləşdirilib. Yəni KTMT qoşunları adı altında Rusiya hərbçiləri Türkiyə və İranla sərhəddə nəzarət edir. Ermənistan MDB-dən çıxacağı təqdirdə, KTMT qoşunlarının Ermənistanda qalmasına ehtiyac qalmayacaq. 

Bu halda KTMT ilə imzalanmış müqaviləni qüvvədən düşmüş hesab etmək üçün Ermənistan əlverişli siyasi fürsət qazana bilər. Ona görə də Ermənistanın Qərblə yaxınlaşması adekvat olaraq MDB-dən uzaqlaşması ilə müşahidə olunacaq. 

Müşfiq Abdulla 
“Cebhe.info”