Dövlət maraqlarını necə qorumalı? 

Dövlət maraqlarını necə qorumalı? 

İSTİQAMƏT: 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

Dövlət maraqları hər bir vətəndaş üçün hər şeydən öndə gəlir.

Birmənalı olaraq hər kəs ilk növbədə dövlət maraqlarını müdafiə etməlidir. Bu, hər kəsin vətəndaşlıq borcudur. Dövlət maraqları müdafiə olunmasa, ölkənin suverənliyi, təhlükəsizliyi təhdid altına düşmüş olar.

Bu baxımdan siyasi, sosial, dini, irqi kimliyindən asılı olaraq hər bir vətəndaşın ən ümdə vəzifəsi məhz dövlət maraqlarının müdafiəsi olmalıdır. ümumi olaraq, hər bir ölkə, millət üçün ictimai və dövlət maraqları ön planda olmalıdır. Bu məsələlərdə kiçik bir fikir ayrılığı sonda ölkə üçün ciddi problemlərə yol aça bilər. Azərbaycan cəmiyyəti ümumilikdə ictimai və dövlət maraqları kontekstində daim birlik nümayiş etdirib. Bunun ən bariz nümunəsi isə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqının nümayiş etdirdiyi birlikdir. Müharibə dönəmində Azərbaycan əhalisi, siyasi, ictimai təşkilatlar, o cümlədən xaricdəki azərbaycanlıları vahid yumruq kimi birləşdi və Azərbaycan dövlətinin, ordusunun yanında olduğunu açıq şəkildə dünyaya bəyan etdi. Bu birlik müharibədə qazanılan tarixi qələbədə böyük paya sahibdir. Prezident İlham Əliyev də müharibə dönəmində və sonrakı zamanlarda xalqa müraciəti zamanı bu məsələyə toxunaraq birliyin vacibliyini xüsusi olaraq vurğulamışdı.

“Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, “Dəmir yumruq”dur. Bu “Dəmir yumruq”la düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq”,-deyə Prezident İlham Əliyev vurğulayıb.

Bilirik ki, Azərbaycanın qələbəsini, bölgədəki gücünü, lider dövlət statusunu qəbul etməyən region dövlətləri və beynəlxalq güclər var. Həmin güclər bölgədəki maraqlarını təmin etmək üçün Azərbaycanı hədəf kimi seçib və bu və ya digər formada təzyiqlər etməyə cəhd göstərirlər. Belə məqamda Azərbaycanın dövlət maraqlarını hər birimiz ön planda tutmalı və bütün güclərə qarşı Azərbaycan dövlətinin mövqeyini müdafiə etməliyik.

Mövzu ilə bağlı Cebhe.info-ya danışan Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov deyib ki, çağdaş dünyada milli və dövlət maraqlarının müdafiəsi naminə vətəndaş həmrəyliyinin əldə edilməsi ən önəmli nüanslardan biridir:

“Özəlliklə də qlobalist və imperialist şüurun dünyadakı mühafizəkar sistemlərə qarşı açdığı savaş fonunda milli dövlətçilik ənənələrinin təbliğatınn genişləndirilməsi, eyni zamanda dövlətlərin cəmiyyət daxilində milli mənafeyinin qorunması uğrunda birləşmək üçün vətəndaşlar arasında maarifləndirmə işinin genişləndirilməsi əsas ideoloji çağırışlardan biridir.

Hansı dövlətlərdə ki, ictimai və dövlət maraqları naminə vətəndaşlar tək yumruq olmağı bacarır, eyni zamanda xalq-dövlət birliyi modeli uğurla tətbiq olunur, həmin dövlətlər qlobalist şüurların kataklizmlərindən uğurla çıxa bilir. Həmin cəmiyyətlər həm də daha dayanıqlı olur, dövlətlərdə ictimai-siyasi sabitlik uzun illər xalqın təhlükəsiz şəraitdə yaşamasına rəvac verir. İctimai və dövlət maraqlarının müdafiəsi kontekstində vətəndaş həmrəyliyinin təmin edilməsi, həm də insanların təhlükəsiz şəraitdə yaşamağa olan inam və etiqadını daha da gücləndirmiş olur”.

T.İsmayılov əlavə edib ki, Azərbaycan ictimai və dövlət maraqlarının təmin edilməsi sahəsində kifayət qədər uğurlu model formalaşdıra bilib:

“Bu gün dövlətin milli mənsubiyyətindən, dini inancından asılı olmayaraq bütün vətəndaşlar üçün tolerant mühit formalaşdırması, eyni zamanda inanc fərqliliyinə baxmayaraq, hər kəsə bərabərhüquqlu vətəndaş kimi yanaşması dövlətə olan sevginin artması ilə müşahidə edilir. Azərbaycanda xalq-dövlət birliyi, ictimai və dövlət maraqları kontekstində informasiya müharibəsində hər kəsin bir əsgər kimi fəal olması, beynəlxalq mediada, sosial şəbəkələrdə ölkəmizə qarşı informasiya hücumlarında hər kəs aktiv şəkildə dövlətin müdafiəçisi qismində çıxış edir.

Bəzən də ölkə maraqlarını qorumaq üçün aktiv hücum xəttində rol alırlar. Hesab edirəm ki, bu gün Azərbaycan vətəndaşının dövlətin taleyində önəmli məsələlərdə göstərdiyi sücaət, milli birlik modeli indiki həssas dövrdə dünyanın bir çox cəmiyyətlərinə örnək ola bilər. Bu baxımdan Azərbaycanda olan mühit dünya dövlətləri üçün də dərs çıxarılası vəziyyətdir”.

Göründüyü kimi, ictimai və dövlət maraqlarında xalqı ayırmaq mümkün deyil. Azərbaycan bu baxımdan vahid mövqeyə və sarsılmaz birliyə sahibdir. Bundan sonrakı dönəmlər üçün də bu amil əsas götürülməlidir. Bütün ictimai-siyasi təşkilatlar da bu məsələdə aktiv olmalı, ictimai və dövlət maraqlarının müdafiəsində ön sıralarda dayanmalıdır.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar
Cebhe.info