Nigar Həsənova: “Keçmişdə yeddi çərşənbə qeyd olunurdu” – MÜSAHİBƏ

Nigar Həsənova: “Keçmişdə yeddi çərşənbə qeyd olunurdu” – MÜSAHİBƏ

Qarşıdan xalqımızın ən əziz bayramı olan Novruz gəlir. Novruz bayramı öz adət-ənənələri ilə xalqımızın tarixi köklərini və milli dəyərlərini yaşadan bir bayramdır.

Bu bayram gur tonqalları, yanar şamlı xonçaları ilə tanınır və sevilir.

Novruz adətləri haqqında folklorşünas Nigar Həsənova "Cebhe.info" -ya müsahibə verib. 

Həmin müsahibəni təqdim edirik:

- Qarşıdan gələn Novruz bayramının tarixi haqqında fikirlərinizi bilmək istərdik...

- Novruz xalqımızın milli bayramıdır. Bəzi tədqiqatçılar Novruz bayramının tarixini həm islamiyyətlə, həm də xristianlıqla əlaqələndirirlər. Lakin bu bayramın kökləri daha da qədimlərə gedib çıxır.

- Tarixən neçə çərşənbə olub?

-  Keçmişdə yeddi çərşənbə qeyd olunurdu. Hazırda isə 4 əsas çərşənbə qeyd olunur. Bəzi tədqiqatçılar bu çərşənbələrin qeyd olunma ardıcıllığı barədə razılaşmırlar.

- Novruzda icra edilən rituallar, mərasimlər haqqında məlumat verə bilərsiniz?

- Novruzda ən gözəl rituallardan biri insanların bir-birinin evinə toplaşıb bayramın şirniyyatlarını hazırlamasıdır. Bu insanların birliyini əks etdirir, hamı birlikdə deyib-gülərək işləri görürlər. Təmizlik imandan gəlir, Novruzda da insanlar evlərini təmizləyir, yığışdırırlar. 

-  Novruzun əsas atributları hansılardır?

- Novruzun əsas atributu yazın gəlişini bildirən səmənidir. Tonqal qalamaq da növbəti bir atributdur, hansı ki bu da xalqımızın birliyini əks etdirir. Hazırda Bakıda qonşular bir-birinin evinə getmir, bəzən heç salamlaşmırlar. Amma çərşənbə tonqallarında həyətlərdə tonqallar qalanır və qonşular bir araya gəlir. 

Qeyd edim ki, bunların hamısı Qarabağ savaşında bizim birliyimizdən irəli gəlir. Biz 30 il boyunca bu adət-ənənələrimizdən uzaq düşmüşdük, bayram keçirməyə utanırdıq. Çünki hər qapıda bir şəhidimiz vardı. Ona görə bir yerə toplaşıb şənlənməyə xəcalət çəkirdik. Qarabağ savaşından sonra isə insanlar yenidən toplaşmağa, şənliyə yığılmağa meyillənibdir. 

- Bu bayramın əsl mahiyyəti nədən ibarətdir?

- Bir tədqiqatçı olaraq Novruz bayramının mənə ən xoş gələn tərəfi küsülülərin barışmasıdır. Bununla yanaşı, böyüklərin, xüsusilə şəhid ailələrin ziyarət edilməsi ən sevindirici haldır.

Ümumiyyətlə, insanlar baharın gəlişinin qeyd olunması onların qışın soyuğundan qurtulmaqlarına görə sevinməkləri ilə bağlıdır. Məlumdur ki, dekabrın 21-dən “Böyük çillə” başlayırdı və 40 gün müddətində davam edirdi. Daha sonra 20 gün davam edən “Kiçik çillə” gəlirdi. “Kiçik çillə” fevralın 20-də başa çatır və mart ayının 20-ə kimi “Boz ay” başlayır. Həmin 4 çərşənbə də “Boz ay” müddətində qeyd edilir.

Ləman İsmayıl
"Cebhe.info