Aprelin 5-də Azərbaycana qarşı nə baş verəcək?

Aprelin 5-də Azərbaycana qarşı nə baş verəcək?

 

Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 5-də Brüsselə səfər edəcək.

O, Avropa Komissiyasının sədri Ursula von der Leyen və ABŞ dövlət katibi Entoni Blinken ilə görüşəcək. Lakin sözügedən üçtərəfli görüş müzakirələrə səbəb olub. Ekspertlər görüşün Azərbaycan və Rusiyaya qarşı ola biləcəyini düşünürlər. Buna baxmayaraq, verilən açıqlamalarda görüşün Azərbaycana qarşı olmadığı, Ermənistanın Avropa İttifaqı və ABŞ ilə qarşılıqlı əlaqələrini dərinləşdirmək məqsədi daşıdığı bəyan edilib. Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə sözügedən görüşün Rusiyaya qarşı yönəldiyini deyib. 

Mövzu ilə bağlı “Cebhe.info”-ya açıqlama verən politoloq Natiq Miri bildirib ki, Ermənistanın Ukraynaya çevrilməməsi üçün belə bir görüş təşkil olunur:

“Yəni görüşün keçirilməsinin məqsədi Gürcüstan və Ukrayna hadisələrinin Ermənistanın başına gəlməsinin qarşısını almaqdır. Bunun tələbkarı da bilavasitə Nikol Paşinyan hakimiyyətidir. Çünki Qərb Ermənistanın Rusiyanın orbitindən uzaqlaşmasını tələb edir, amma rəsmi İrəvan müəyyən təminatlar almaq istəyir. Bu təminatlar bütün sahələr üzrə özünü göstərməlidir. Nəzərə almaq lazımdır ki, bu sadəcə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağı özündə ehtiva etmir. Hətta Kreml xəbərdarlıq edib ki, Ermənistan KTMT-dən çıxsa, Avrasiya İqtisadi İttifaqının verdiyi imtiyazlardan da istifadə edə bilməyəcək. Bu isə erməni məhsullarının bazara çıxışını tamamilə məhdudlaşdıra bilər. Ona görə də bütün bu məsələlər üzrə müəyyən təhlükəsizliyə ehtiyac var”. 

Politoloq diqqətə çatdırıb ki, bunların müzakirəsi 5 aprel görüşündə mümkün olacaq:

“Ermənistanın sadəcə ticari və iqtisadi məsələləri deyil, enerji təchicatı da müzakirə olunacaq. Çünki Ermənistan KTMT-dən uzaqlaşacağı təqdirdə, Rusiyanın təmin etdiyi enerji daşıyıcıları da dayandırılacaq. Ona görə də alternativlər müəyyənləşdirilməlidir. Həmçinin, Rusiyanın qarşısında dayanıqlı Ermənistan ordusunun yaradılması nəzərdə tutulur. Bu da hərbi təlimlər, orduda islahatlar və ordunun iri silahlarla təchizatı ilə əlaqəlidir”. 

Natiq Miri hesab edir ki, görüşün əsas məqsədi Ermənistanı Rusiyadan sığortalamaq olsa da, Azərbaycana da təzyiq mexanimzləri yaratmaq hədəflənir:

“Ermənistan işğalçı ölkədir və 30 ilə yaxın müddət torpaqlarımızı işğal altında saxlayıb. Üstəlik, hələ də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzanmayıb. Deməli, potensial müharibə təhlükəsi mövcuddur. Belə bir vəziyyətdə Ermənistanı silahlandırmaq, ordusunu gücləndirmək, eləcə də təhlükəsizlik təminatı ilə bağlı hüquqi sənədlərin imzalanma ehtimalı Azərbaycan üçün müəyyən risk amilləri özündə daşıyacaq. Azərbaycan da məhz buna görə narahatdır.

Onu da nəzərə almaq lazımdır ki, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası tədricən NATO-laşdırılır. Bu missiyaya Avropa İttifaqına daxil olmayan ölkələr də olmaqla gələcəkdə NATO missiyası ilə əvəzlənə bilər. Çünki Kanada kimi ölkələr oradadırsa, o missiya Avropa İttifaqının müşahidə missiyası adlana bilməz. Əgər 5 apreldə təhlükəsizlik təminatı ilə bağlı sazişlər imzalansa, təxribatlar olanda ölkəmizə qarşı təzyiq mexanizmlərindən istifadə edə bilərlər. Yəni yalançı hesabatlar orataya qoyaraq beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə qətnamələr qəbul etdirə bilərlər. Ona görə də Azərbaycan haqlı olaraq narahatdır”. 

Elmir Mustafa 
“Cebhe.info”