Paşinyana yeni rəqib gəlir: "Rusiya Ermənistanı cəzalandıracaq"

Paşinyana yeni rəqib gəlir: "Rusiya Ermənistanı cəzalandıracaq"

İrəvanın keçmiş meri Hayk Marutyan tezliklə partiya yaradacaq. 

“Azadlıq” radiosunun erməni xidməti xəbər verir ki, Hayk Marutyan və onun komandası “Yeni güc” adlı partiya yaradacaqlar. Onun partiyası "Yeni güc" adlanacaq. 

Deyilənlərə görə, yeni yaradılan partiyanın qurultayı mayın 1-də keçiriləcək. 

Qeyd edək ki, 2018-ci ildə Ermənistanda “məxməri inqılab” zamanı Hayk Marutyunyan Nikol Paşinyana fəal dəstək verən şəxslərdən biri olub. N.Paşinyan ölkənin Baş naziri seçiləndən sonra hakim partiya “Mülki Müqavilə” partiyasının namizədi olaraq İrəvan mer seçkilərinə qatılıb və seçkidə səslərin çoxunu əldə edərək İrəvan şəhər meri seçilib.

2018-ci il “məxməri inqilab” zamanı etirazların aparıcı fiqurlarından olmuş Hayk Marutyan N.Paşinyanla fikir ayrılıqları yarandığına görə, 2020-ci ildə hakim komandanı tərk edib. O, “Milli Tərəqqi” adlı partiya yaradaraq Paşinyan iqtidarına qarşı müxalifətdə olacağını demişdi.

Maraqlıdır, Hayk Marutyunyan Qərbin N.Paşinyana alternativ müxalif fiquru hesab oluna bilər?

Məsələ ilə bağlı politoloq Cümşüd Nuriyev “Cebhe.info”-ya şərhində qeyd edib ki, Qərbin Paşinyan hakimiyyəti daxilində fiqurları var:

“Ümumiyyətlə, beynəlxalq güc mərkəzləri - istər Rusiya, istərsə ABŞ, istərsə də Böyük Britaniya bir ölkə daxilində özünə bağlı bir siyasi fiqur yox, bir çox siyasi fiqurlar meydana atırlar. Buna daha çox siyasi “duplikat” deyirlər.

O ki qaldı Hayk Marutyanın Nikol Paşinyana alternativ fiqur olmasına, hazırkı Ermənistan iqtidarında Paşinyana alternativ olan fiqurlar var. İlk növbədə Qərb Nikol Paşinyanı Ermənistan parlamentinin spikeri Alen Simonyanla əvəz edə bilər. A.Simonyan Qərbə yaxın bir siyasətçidir. 

Bundan başqa, Armen Qriqonyan da Paşinyana alternativ fiqur ola bilər.

Bildirim ki, aprelin 5-də Brüsseldə Nikol Paşinyanın ABŞ və Aİ-nın rəsmiləri ilə görüşündən sonra Ermənistanda ciddi təlatümlərin baş verəcəyi ehtimal olunur. Sözsüz ki, Rusiya Ermənistanı cəzalandırmaq niyyətindədir. Paşinyanın Qərbə inteqrasiya yolunu tutması Moskva tərəfindən qəbul olunmur. Kreml də öz siyasi fiqurlarını qabağa çəkəcək”. 

Yunis Abdullayev 
“Cebhe.info”