Azərbaycanda vətəndaşlar istədiyi yaşda pensiyaya çıxa biləcəklər?- YENİLİK 

Azərbaycanda vətəndaşlar istədiyi yaşda pensiyaya çıxa biləcəklər?- YENİLİK 

“Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün normativ hüquqi sənədlərin layihələri hazırlanır”.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, özəl sosial müdafiə fondlarının yaradılması istiqamətində araşdırmalar aparılır:

"Artıq bununla bağlı normativ hüquqi sənədlərin layihələri hazırlanır. Dövlət qurumları ilə müzakirələr yekunlaşdıqdan sonra baxılması üçün hökumətə təqdim olunacaq".

Qeyd edək ki, ölkədə özəl pensiya fondlarının yaradılması ilə bağlı artıq uzun müddətdir müzakirələr gedir. Vətəndaşlar tərəfindən də mövcud pensiya sistemi birmənalı qarşılanmır. Xüsusilə də pensiya yaşı və pensiya kapitalı bu sahədə əsas problemlərdən biri kimi göstərilir. Özəl pensiya fondunun yaradılması vətəndaşlar üçün hansı imkanlar yaradacaq?

İqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya bildirib ki, özəl pensiya fondunun yaradılması müsbət addımdır və bu baxımdan vətəndaşların ahıllıq dövrü üçün alternativ institutlardan istifadə etməklə yığım etmək imkanı yaranır:

“Yaxud da pensiya kapitalının hansı şərtlər daxilində toplanması istiqamətində qərara vermək üçün bir institut formalaşır. Məsələn, özəl pensiya fondları vətəndaşların vəsaitlərini, il ərzində istifadə etməsindən əldə edilən gəlirlərin müəyyən faiz nisbətində bir qismini vətəndaşın kapitalının üzərinə əlavə edir. Bu, müəyyən mənada vəsaitlərin qorunması və onun məbləğinin artması üçün imkanlar yaradır. Ancaq burada rəqabət məsələsi var. Dövlət Pensiya Fondu da vətəndaşların kapitalını ildə bir dəfə inflyasiya səviyyəsində artıra bilir. Hansı illərdə yüksək inflyasiya səviyyəsi olursa, həmin illərdə kapitalın Dövlət Pensiya Fondunda olması vətəndaş üçün daha avantajlıdır.

Ancaq əksər dövrlər üçün keçərli , inflyasiya səviyyəsi 2-4 faiz arasında olan dövrlərdə böyük ehitimalla, bizim pensiya fondları olacaqsa və onların təklif etdiyi faizlərdən asılı olaraq, özəl pensiya fondları daha cəlbedici görünə bilər. Özəl pensiya fondlarının bir üstünlüyü odur ki, müqavilə şərtlərinə uyğun olaraq vətəndaşlar istədiyi ildən etibarən pensiya almağa başlaya bilər. üstəlik müqavilə şərtlərinə uyğun olaraq pensiya kapitalının müəyyən hissəsini birdəfəlik ödəniş şəklində də ala bilər. Burada vətəndaş üçün manevr imkanları çoxdur”.

Ekspert bildirib ki, ancaq 2008-ci il maliyyə böhranı və ondan sonra yaranmış bir konyuktur var:

“Dünyada bir sıra özəl pensiya fondları 2008-ci il qlobal maliyyə böhranından sonra iflasla üzləşdi. Bu, müəyyən narahatlıqlar yaratdı. Xüsusilə Azərbaycan kimi ölkələrdə yeni təcrübələrin formalaşması zamanı müəyyən çətinliklərə səbəb olacaq. Azərbaycan o ölkələrdəndir ki, vətəndaşlar ən yaxşı halda hətta sığortalanan əmanəti 3-6 ay ərzində yerləşdirməyə üstünlük verirlər. Yəni qısamüddətli dövrdə yerləşdirməyə üstünlük verirlər.

Çünki sığortalandığı halda belə, bəzən maliyyə institutlarının fəaliyyətindən çəkinirlər. Yaxud 2016-cı ildən sonra 43 bankdan 19-u ləğv olundu və belə neqativ təcrübələr fondların inkişafına mənfi təsir göstərir. O cümlədən, uzunmüddətli dövrdə planlaşma tələb edən, yəni 20-30 il ərzində yığım, eləcə də gələcəkdə onun nəticələrindən bəhrələnmək tələb edən özəl pensiya fondları üçün bu daha ciddi risklərdən biridir.

Azərbaycanda əgər bu olacaqsa, ən yaxşı inkişafı o zaman mümkün ola bilər ki, 100 faiz toplanmış kapitallara dövlət təminatı verilsin. Yəni əmanətlərin sığortası mexanizmi olduğu kimi, kapitalın sığortası mexanizmi yaradılsın. İndiki şəraitdə özəl pensiya fondunun müsbət tərəflərindən biri odur ki, vəsaitləri toplayır və işlədir. Əgər həmin kapitalı Azərbaycan iqtisadiyyatında işlədərsə, bu, artıq əlavə maliyyə aləti kimi bazarda yeni mərhələnin başlanğıcı olacaq”.

O qeyd edib ki, Azərbaycanda maliyyə əlçatanlığı biznes üçün ən ciddi problemlərdən biridir:

“Belə bir fond formalaşacaqsa, onun böyük vəsaitləri olacaqsa, bu vəsaitlər banklara münasibətdə alternativ bir maliyyə mənbəyi olaraq bazara daxil ola bilər. Vətəndaşların əlində saxladığı, işlətmədiyi passiv yığımların da iqtisadiyyata cəlb edilməsi üçün bir alətə çevrilə bilər. Yaxud bunun digər üstün cəəhəti ondan ibarətdir ki, özəl pensiya fondunda 100 faiz varislik hüququ təmin olunur.

Bugünkü şərtlər daxilində özəl pensiya fondunun fəaliyyət mühitinin təhlili göstərir ki, gəlir səviyyəsi orta və daha yüksək olan sosial qurupların geniş yayıldığı ölkələrdə bu təcrübə özünü daha yaxşı doğruldur. Çünki insanlar yığım edə, vəsait ayıra bilirlər. Azərbaycanda həm risklərdən çəkinmə, maliyyə institutlarına etibarın aşağı olması, həm vətəndaşların uzunmüddətli planlama aparmaq üçün maliyyə imkanlarından gəlirliyin məhdudluğu qısamüddətli dövrdə özəl pensiya fondlarının inkişaf edə biləcəyi istiqamətində ehtimalları zəiflədir”.

Ekspertin sözlərinə görə, özəl pensiya fondlarının fərqli təcrübəsi var:

“Geniş yayılmış təcrübə ondan ibarətdir ki, vətəndaşla fond arasında vəsaitlərin istifadəsi forması müqavilə şərtləri ilə tənzimlənir. Yəni müqavilə şərtləri əsasında hansı ildən, hansı yaşdan, yaxud hansı məbləğə çatdıqdan sonra vətəndaş bu seçimləri edə bilir. Bu baxımdan da özəl pensiya fondları dövlətin pensiya mexanizmi ilə daha elastik bir imkan yaradır. Özəl pensiya fondunda varislik hüququ ilə yanaşı, yaş limiti tamamilə fərqlidir, pensiya kapitalı kimi hallar olmur.

Sadəcə müqavilədə bu şəkildə ola bilər ki, hansısa məbləğ toplandıqdan sonra vətəndaşın öz seçimindən asılıdır. Vətəndaş ahıllıq, yaxud növbəti dövrlər üçün maliyyəni necə qurmaq istəməsindən asılıdır. Müqavilə şərtlərinə uyğun olaraq vətəndaş daha rahat seçim edə bilir”.

Vətəndaş DSMF-yə vəsaitin ödənilməsini dayandırıb, özəl pensiya fonduna keçə bilərmi və yığılan kapitalını bu fonda köçürə bilərmi? Ekspert deyir ki, bu istiqamətdə indiki halda nəsə demək çox çətindir:

“Çünki bizdə özəl pensiya fondunun hüquqi çərçivəsi tam olaraq müəyyən edilməyib. Buna oxşar bir model yalnız “Həyat sığortası” sistemində var. Müəyyən dövr üçün DSMF ödənişlərinin dayandırılıb “Həyat sığortası” ödənilməsi imkanı yaradılıb. Ancaq özəl pensiya fondlarına belə bir imkanın yaradılacağı hələ aydın deyil. Məsələ odur ki, rəqabətli mühit və seçim imkanları yaransın.

Müəyyən mənada hansısa çərçivədə müvafiq şərait yaradılmalıdır ki, vətəndaş məcburi dövlət sosial sığorta önəşlərini özəl pensiya fondlarına ödəyə bilsin. Əgər olmasa böyük ehtimalla yalnız yığım hissəsinə icazə verilməsi istiqamətində təşəbbüslərin ortaya çıxacağını düşünürəm. Yığım da Azərbaycan təcrübəsində o qədər də effektiv mexanizm deyil. Çünki bu könüllülük prinsipinə əsaslanır. Azərbaycanda bu prisp əsasında bu məqsədlə vətəndaşlar vəsait ayırmağa o qədər meyil göstərmir”.

Nigar Abdullayeva
Cebhe.info