Nə alan var, nə satan: Azərbaycanda ilanların zəhəri təbiətə və insanlara axır

Nə alan var, nə satan: Azərbaycanda ilanların zəhəri təbiətə və insanlara axır

Dünyanın ilan zəhərinə olan illik tələbatı 10 kiloqramdır. Bu məhsulu dünya bazarına əsasən Cənubi Koreya, Çin, Vyetnam, Hindistan kimi Asiya ölkələri, eləcə də isti iqlimə malik digər ölkələr çıxarır.

Hesablamalar göstərir ki, ilan zəhəri çox gəlirli sahədir. 

Zəhərin emalı birinci ildə onun dəyərinin 40, sonrakı illərdə isə 60 faizi qədər gəlir gətirir.

Dünyada qurudulmuş ilan zəhərinin bir qramı 600-800 dollar arası dəyişir. Zəhər təmizlənib sertifikatlaşdırıldıqdan sonra bu qiymət təxminən 2 dəfə artır. Ədəbiyyatda “ilançılar” kimi təqdim edilən peşə sahibləri isə dünyanın hər yerində var. Onlar ilan ovuna təkcə onun zəhərinə görə yox, dərisinə görə də çıxırlar. Ovçulardan ilanları canlı və cansız olaraq tələb edirlər. Əgər sifarişçi ilanı sadəcə, onun dərisi üçün istəyibsə, ilan öldürülür, iy verməməsi üçün özəl olaraq hazırlanmış çantalar içində daşınır. İlan canlı istənilibsə, bu halda yenə özəl olaraq hazırlanmış çantalarda ölkə xaricinə çıxarılır. 

Maraqlıdır ki, bir çox Avropa ölkələri Türkiyəyə məhz diri ilan sifarişi verir. 

Maraqlıdır, ölkəmizdə ilan zəhərinin istehsalı ilə bağlı hazırda durum necədir? 

AMEA Zoologiya İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov “Cebhe.info”-ya açıqlamasında bildirib ki, ölkəmizdə hazırda ilan zəhəri istehsalı yoxdur: 

“Ölkəmizdə ilan zəhərinin istehsalı yoxdur. Əvvəllər, yən Sovetlər dönəmində Azərbaycanda ilan zəhəri kütləvi şəkildə həm istehsal edilir, həm də satışı həyata keçirilirdi. Bazarı da çox böyük idi. Zirədə ayrıca böyük zavod vardı. Dərmanlar üçün istifadə edilirdi. Lakin SSRİ dağıldıqdan sonra ölkəmizdə ilan zəhərinin istehsalı tamamilə dayandı”. 

Həmsöhbətimiz vurğulayıb ki, ölkəmizdə ilan zəhəri istehsalının bərpası üçün rəsmi satış bazarının yaradılmasına ehtiyac var:

“Ölkəmizdə rəsmi qaydada ilan zəhərindən istifadə etmək üçün satış bazarı və sifarişlər həyata keçirtmək lazımdır. Ancaq satış həyata keçirmək üçün hər hansısa bir sifariş yoxdur. Sifarişlər olarsa, ilan zəhərindən istifadə arta bilər. Eyni zamanda, ilan zəhəri istehsalı yenidən həyata keçirilər”. 

Həsən Məmmədov 
“Cebhe.info”