“Müharibə” Qarabağdan Zəngəzura keçib: Kremlin addımı Azərbaycana qarşı yönəlib?

“Müharibə” Qarabağdan Zəngəzura keçib: Kremlin addımı Azərbaycana qarşı yönəlib?

Rusiyanın Zəngəzurda təcili konsulluq açmaq qərarı Azərbaycanda təəccüblə və narahatlıqla qarşılansa da, Moskvanın bu təşəbbüsü yeni deyil.

Əsas sual bu addımın Azərbaycana qarşı yönəlib-yönəlməməsi ilə bağlıdır. Digər məqam konsulluğun açılmasına dair qərarın Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə mümkün mənfi təsiri ilə bağlıdır.

Qeyd edək ki, Moskvada erməni-rus ekspertlərinin dəyirmi masasında Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktor müavini Sergey Paltov Zəngəzurda konsulluğu açılacağı barədə məlumat verib. Onun sözlərinə görə, mayın 25-də Moskvada keçirilən Paşinyan-Putin ikitərəfli görüşündə Ermənistan tərəfi Rusiyanın Zəngəzurda konsulluğunun açılmasına razılıq verib. Ən azı bir il çəkəcək dövlət konsulluğunun açılması üçün uzun prosedurların həyata keçirilməməsi, sadələşdirilmiş sxem üzrə aparılması qərara alınıb.

Xatırladaq ki, 2021-ci il oktyabrın 21-də İranın Qafan şəhərində Baş konsulluq açmasından sonra Rusiya tərəfi də analoji təşəbbüslə çıxış etmişdi. Həmin vaxt Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin mətbuata açıqlamasında bu məqsədlə Ermənistan Xarici İşlər Nazirliyinə müraciət etdiyini təsdiqləmişdi.

“Əldə etdiyimiz məlumata görə, Rusiya bu istəyini müxtəlif kanallarla Ermənistanın hakimiyyət orqanlarına bildirib. İndi Zəngəzurda İran konsulluğunun açılmasından sonra hakimiyyətin Rusiya Federasiyasının strateji müttəfiqinin Zəngəzurda konsulluq açmasına necə icazə verə bilməyəcəyi ilə bağlı müzakirələr gedir.

Nəşrimiz Rusiya Federasiyasının Zəngəzurda konsulluğun açılması məsələsi ilə bağlı Ermənistana rəsmi və ya qeyri-rəsmi müraciət edib-etməməsinə aydınlıq gətirmək istəyi ilə Ermənistan Xarici İşlər Nazirliyinə müraciət edib. Cavab olaraq Ermənistan XİN-dən bildiriblər: “Ermənistan Rusiya Federasiyasından Zəngəzur vilayətində Rusiya konsulluğunun açılması ilə bağlı rəsmi təklif almayıb”,-həmin məlumatda belə deyilirdi.

Göründüyü kimi, Ermənistan XİN 2021-ci ildə Rusiyaya bu istəyini reallaşdırmaq üçün dolayısı ilə “yox” cavabı verib. Ancaq indi konsulluğun sadələşdirilmiş prosedurlarla, yəni tələskən addımla açılması barədə razılaşma Paşinyanın özünün bu məsələdə maraqlı olduğundan xəbər verir.

Qeyd edək ki, Ermənistan üzərində ən böyük siyasi təsirə malik olan ölkə Rusiyadır. üstəlik, Rusiyanın Ermənistandakı səfirliyinin tərkibində konsulluq şöbəsi fəaliyyət göstərir. Bundan başqa, Gümrü şəhərində Baş Konsulluğu var. Bu mənada Ermənistan kimi kiçik ölkədə növbəti konsulluğun açılmasına bəlkə də ehtiyac yoxdur. Vəziyyətin təhlili göstərir ki, Moskvanın bu qərarının Azərbaycana münasibətlə əlaqəsi yoxdur və daha çox Qərblə Rusiya arasında artan geosiyasi rəqabətlə bağlıdır.

İrandan sonra Rusiyanın bu bölgədə konsulluq açması 1990-cı illərdə Qarabağda müşahidə olunan geosiyasi mübarizənin indi Zəngəzura keçdiyini göstərir. Bu baxımdan, rəqabətin artması nəticəsində Fransa, ABŞ və digər ölkələr də Zəngəzurda konsulluq açmaq qərarını elan edə bilər. Yəni Rusiya, ABŞ, Avropa İttifaqı, Fransa, İran, Türkiyə kimi güclər arasında Erməoistan və Zəngəzur uğrunda geosiyasi mübarizə artır. Konsulluq məsələsi prosesin hələlik diplomatik müstəvidə getdiyini göstərir. Növbəti mərhələdə isə bu qarşıdurma hərbi müstəviyə keçə bilər.

Nikol Paşinyanın dünya güclərini Ermənistana cəlb edərək geosiyasi çəkişmələrdən divident qazanmaq siyasəti təhlükəli nəticələr doğura bilər.

Politoloq Yeganə Hacıyeva Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiyanın konsulluq açmaq qərarı bu ölkənin Zəngəzur dəhlizi üzərində mövqelərini itirdiyindən xəbər verir:

“Zəngəzur layihəsi daha çox regional dəhliz kimi nəzərdə tutulsa da, qlobal daşımalarda tranzit vacib keçid hesab edilir. Bu keçidin mühüm hissəsi isə Azərbaycan ərazisinə düşür. Azərbaycan da öz növbəsində Zəngəzur dəhlizi ilə bağlı Konstitusiyanın tələblərinə və beynəlxalq hüququn prinsiplərinə uyğun davranacağını bəyan edib.

2020-ci il 10 noyabr Bəyanatı ilə müharibə bitib və Rusiya həm Zəngəzur dəhlizində, həm də Laçın dəhlizində təhlükəsizliyi təmin etməyə dair öhdəlik götürüb. Amma bu öhdəlik birtərəfli qaydada həyata keçirildi. Zəngəzur dəhlizi hələ açılmayıb və Ermənistan öz üzərinə götürdüyü öhdəliyə uyğun olaraq, yolun bir hissəsini qismən düzəldib, üstəlik hələ açılmayan Zəngəzur dəhlizi üçün Qərbdən maliyyə alıb.

Sonrakı mərhələdə isə Zəngəzurda İran kopnsulluq açıb, indi isə Rusiya bu qərara gəlib. Rusiyanın yanlış davranışı nəticəsində, yəni üçtərəfli Bəyanatın bəndlərini sədaqətlə yerinə yetirmədiyinə, öz imzasına sədaqətli olmadığına görə Moskvanın bu regionda mövqeyi Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının mühafizəsi altında dəhliz açmaq statusundan konsulluq səviyyəsinə düşüb. Yəni Rusiya Zəngəzur dəhlizində təhlükəsizliyi təmin etmək statusunu itirir və bu yoldan başqaları kimi yalnız istifadəçi kimi yararlana biləcək.

Zəngəzur dəhlizi ideyası Azərbaycana məxsusdur və sərhədlərimizin təhlükəsizliyi məqsədilə iqtisadi bufer zonanın yaradılması məqsədi daşıyır. Bu da Azərbaycan vətəndaşlarının Naxçıvana və əks istiqamətdə sərbəst hərəkətini təmin etmək məqsədi daşıyır”.

Müşfiq Abdulla
Cebhe.info