Cərimələrini başqasına ödətdirir, qanundan gizlənir - DYP illərdir bu maşını niyə tapa bilmir?

Cərimələrini başqasına ödətdirir, qanundan gizlənir - DYP illərdir bu maşını niyə tapa bilmir?

Azərbaycanda avtomobillərin etibarnamə ilə satışı bir sıra hallarda nəqliyyat vasitələrinin əvvəlki sahiblərinə müəyyən problemlər yaradır. Problemlər özünü daha çox nəqliyyat vasitəsinin yeni sahibinin etibarnamənin qüvvədə olduğu müddətdə avtomobili adına keçirməməsi (özgəninkiləşdirilməsi) halında göstərir. Bu halda avtonəqliyyat vasitəsindən istifadə və idarəetməyə görə yazılan cərimələr, borclar, yaranan məsuliyyət avromobilin əvvəlki sahibinin adına rəsmilərşdirilir. 

Sfera.az xəbər verir ki, oxşar halla Yevlax şəhər sakini Salmanov İbrahim Yusif oğlu da üzləşib.

1951-ci il təvəllüdlü, ikinci qrup əlil olan İ.Salmanov sahibi olduğu “VAZ 2101” markalı, 66-BC-564 dövlət qeydiyyat nişanlı minik avtomobilini 2008-ci ildə 10 illik etibarnamə ilə satıb. Verilən etibarnamənin müddəti 2018-ci ildə sona çatsa da, avtomobili alan şəxs onu öz adına keçirmək üçün heç bir cəhd etməyib. 

İ.Salmanov redaksiyamıza ünvanladığı şikayətində bildirir ki, bu illər ərzində avtomobilin nə yeni sahibini, nə də özünü görüb. Avtomobilin yeni sahibinin əlaqə nömrəsi olmadığından İ.Salmanov həmin şəxsdən avtomobili onun adına keçirməsini tələb edə bilməyib. 

İ.Salmanov deyir ki, 12 il ərzində (2008-2020-ci illər) heç bir orqan tərəfindən bu məsələ ilə bağlı narahat da edilməyib. Yalnız 11 iyun 2020-ci ildə poçt vasitəsilə ona göndərilən məktubdan sonra İ.Salmanova məlum olub ki, avtomobil hələ də yeni sahibinin adına keçirilməyib:

“Poçt vasitəsilə mənə göndərilən məktubda qeyd edilir ki, guya, mən satdığım avtomobillə 2020-ci ilin iyunun 6-da Stansı Mingəçevir-Bəhramtəpə yolunun 72-ci km-də yükdaşıma qaydalarını pozmuşam. Buna görə də 40 manat cərimə olunmağım barədə elektron qərar qəbul olunub”.

İ.Salmanov bu qərarı aldıqdan sonra Daxili İşlər Nazirliyinin aidiyyatı qurumuna - Baş Dövlət Yol Polisi İdarəsinə avtomobilin sahibinin başqa şəxs olması ilə bağlı dəfələrlə şikayət məktubu ünvanlayıb. Şikayətçi qeyd edir ki, ötən 3 il müddətində bütün cəhdlərinə baxmayaraq, avtomobil hələ də yeni sahibinin adına rəsmiləşdirilməyib:

“Mənə avtomobilə görə 2020-ci ilin iyununda cərimə yazılması ilə bağlı qərar daxil olduqdan sonra onu göndərən şəxsin - Nuriyev Vahid Haqverdi oğlunun - ünvanına 11.06.2020 və 20.07.2020-ci il tarixlərində iki dəfə ərizə yazmışam. Yazdığım ərizələrə 17.07.2020-ci il və 13.08.2020-ci il tarixlərində Baş Dövlət Yol Polisi İdarəsindən rəis müavini Elşən Kazımov tərəfindən cavab göndərilib. Cavab məktubunda bildirilir ki, haqqımda verilmiş qərar üzrə icraat dayandırılacaq və sözügedən avtomobil saxlanılıb mühafizə olunan dayanacağa yerləşdiriləcək və mənə bu barədə məlumat veriləcək. Lakin mənə 2021-ci ilin avqustun 27-də məlum oldu ki, qərar üzrə icraat dayandırılmayıb və 40 manat cərimə dəbbə pulu ilə birgə 64 manat olub. Bundan sonra Daxili İşlər Nazirliyinin Qaynar Xəttinə müraciət etdim. Müraciətimə 2021-ci ilin sentyabrında məktubla yenə rəis müavini Elşən Kazımov tərəfindən üçüncü dəfə eyni cavab verildi”.

İ.Salmanov bu məsələyə görə daha bir problemlə sürücülük vəsiqəsinin yenilənməsi zamanı rastlaşıb:

“Sürücülük vəsiqəmin müddəti bitdiyi üçün onu yeniləmək məqsədilə 2023-cü ilin martında Bərdə rayonunda yerləşən ASAN xidmət mərkəzinə müraciət etdim. Orada bildirdilər ki, adımda 64 manat cərimə borcu olduğu üçün sürücülük vəsiqəsi verilməyəcək. ASAN xidmətə nazirlikdən gələn cavabları təqdim etsəm də, heç bir müsbət nəticə əldə edə bilmədim. Həmin gün Yevlax rayon Yol Polis Bölməsinə müraciət etdim. Bildirdilər ki, sözügedən avtomobil Ağcabədi rayonundadır. Sürücü sərxoş olduğu üçün protokol yazılıb və maşın polis bölməsində həbsdədir. 

2023-cü ilin fevralın 25-də Ağcabədi rayon Yol Polisi Bölməsinin rəisi Ümman Qardaşxanovun qəbulunda oldum. O bildirdi ki, sürücü yeni cəriməni ödəyib və maşını buraxıblar. Ona maşının 2020-ci ildən bəri axtarışda olduğunu, axtarışda olan maşını necə buraxdıqlarını, sürücünün sərxoş və ya qeyri-sərxoş halda qəza törədib kiminsə canına və ya malına zərər verəcəyi təqdirdə kimin cavabdeh olacağı suallarını verdim. Ümman Qardaşxanov bildirdi ki, həmin gün saat 3-dək maşını tapdıracaq və 64 manat cərimə ödətdiriləcək. Hətta mənə öz əlaqə nömrələrini verdi. Lakin nə maşın tapıldı, nə də cərimə ödətdirildi”.

İ.Salmanov sürücülük vəsiqəsini yeniləmək üçün bu ilin martın 1-də 64 manat cəriməni özü ödəməli olub. 

Şikayətçini narahat edən avtomobilin yeni sahibinin adına rəsmiləşdirilməməsinə görə daha böyük problemlərin yaranması ehtimalıdır. İ.Salmanov ömrünün ahıl vaxtında bu cür problemlərlə yaşamasından mütəssir olub

“Mənim 72 yaşım var, artıq uzun müddətdir ki, bu məsələyə görə problemlər yaşayıram. Axtarışda olan maşını tutub sonra buraxırlar, özüm qayda pozmadığım halda kiminsə cəriməsini ödəyirəm, sabah, ya da bir gün sözügedən atomobillə həmin şəxs qəza törədərsə, əmlaka və ya cana zərər vurarsa, bunun günahı kimin boynunda qalacaq? 

İstədiyim tək şey axtarışda olan “VAZ 2101” markalı, 66-BC-564 dövlət qeydiyyat nişanlı avtomobilin polis tərəfindən tapılması, maşının adımdan çıxarılması və ödədiyim 64 manat cərimənin mənə geri qaytarılmasıdır”. 

Qeyd edək ki, şikayətlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlamışıq. Amma sorğuya hər hansı cavab verilmədiyindən rəsmi qurumun mövqeyini dərc edə bilmirik.

Cebhe.info