Media Reyestrinə qarşı “dirəniş” kimlərə sərfəlidir?

Media Reyestrinə qarşı “dirəniş” kimlərə sərfəlidir?

Kütləvi informasiya vasitələrinin Media Reyestrində dövlət qeydiyyatına alınması prosesi hələ başa çatmayıb.

Lakin kimlərsə buna qarşı əks-təbliğat aparmaqda, sosial şəbəkələrdə müxtəlif fikirlər yaymaqda maraqlıdır.

Görünür, KİV-in fəaliyyətinin hüquqi tənzimlənməsi bir sıra “jurnalistlər”in və kimlərinsə maraqlarına cavab vermir. Yəni uzun illər mətbuat və televiziya sahəsində mövcud olmuş nizamsızlığın, pərakəndəliyin davam etməsi bu sahəni özü üçün qazanc mənbəyi hesab edən media işbazları, onların havadarları üçün daha sərfəlidir. Peşəkar jurnalistika fəaliyyəti ilə məşğul olan istənilən kütləvi informasiya vasitəsi dövlət reyestrindən keçməkdən çəkinməməlidir.

Çünki reyestrdə qeydiyyatdan keçməyin başlıca prinsipi media orqanlarının qanunauyğun və şəffaf fəaliyyətini təmin etməkdir. Bundan yayınmaq həmin media strukturlarının işinə kölgə salır. Bu mənada, Azərbaycanda kütləvi informasiya vasitələrinin reyestrdə qeydiyyata alınması əslində, zərurətdən irəli gəlir. Bu da bütün dünya ölkələrində olduğu kimi, Azərbaycan mediasında da inkişaf və kreativ dəyişikliklərlə bağlıdır.

üstəlik, Azərbaycan beynəlxalq inteqrasiya proseslərində iştirak etdiyinə görə bütün sahələrdə olduğu kimi, medianın da müasir inkişaf standartlarına uyğunlaşması günün tələbinə çevrilib. Müstəqillik dövründə Azərbaycanda fəaliyyət növünə görə müxtəlif KİV-lər olub. Dövlət mətbuat və televiziya orqanları ilə yanaşı, tənqidi media və “reket jurnalistika” adlandırılan qondarma KİV-lər fəaliyyət göstərib. Yəni peşəkar və azad media paralel addımlayıb ki, bu da həmin sahədə sistemsizliklə müşahidə olunub. Bundan istifadə edən “jurnalistlər” KİV-ə insanları şantaj etmək, qara yaxmaq yolu ilə rüşvət almaq vasitəsi kimi baxıb. Media üçün ciddi problemə çevrilmiş bu anarxiyanı aradan qaldırmaq KİV-in fəaliyyətinin hüquqi tənzimlənməsini tələb edirdi.

Yəni Media Reyestrinin yaradılması peşəkar informasiya istehsalı ilə məşğul olan, cəmiyyətin mənəvi tələblərinə cavab verən mətbuat və telekanalların işinə əlverişli şəriat yaratmağa xidmət edir. Bu isə peşəkar jurnalistikanın “reket jurnalistika”dan ayrılmasına kömək edəcək. Reyestr qeydiyyatı media qurumlarına qanunvericiliklə müəyyən edilmiş qaydada şəffaf maliyyə əməliyyatları həyata keçirməyə, vergi ödənişləri və işçilərin sosial müdafiəsini təmin etməyə şərait yaradır.

Bu da öz növbəsində, jurnalistlərin maddi-sosial rifahının təmin olunması deməkdir. Təəssüflər olsun ki, qeyd edilən şərtləri qəbul etməyən media strukturları peşəkarlıq mühitindən, şəffaflıqdan yayındığı halda söz azadlığı və jurnalistlərin hüquqlarının təmin olunmasından danışır.

Müşfiq Abdulla
Cebhe.info