Boşanmada qızıl geri alına bilər: “Ərinə xəyanət edir, sonra da deyir ki, qızıllar məndə qalmalıdır”

Boşanmada qızıl geri alına bilər: “Ərinə xəyanət edir, sonra da deyir ki, qızıllar məndə qalmalıdır”

“Məhkəmə praktikasında və qanunun təfsirində dəyişilməli olan bir digər məsələ, boşanma vaxtı ailə mülkiyyəti rejimində qızıl-ziynət əşyalarının statusudur. 

Bu baxımdan, qızıl-ziynət əşyalarını 2 yerə ayırmaq lazımdır nikahdan əvvəl verilənlərlə və  nikahdan sonra alınan qızıl-ziynət əşyaları. Əvvəlcə onu qeyd etməliyik ki, qızıl-ziynət əşyaları adı daşınar əmlak deyil, onlar investisiya mahiyyətində olan əşyalardır. Məsələn, evin xanımı yoldaşından icazəsiz onlar üzərində sərəncam verməsi adət-ənənəyə uyğun deyil və ailədə ciddi problemə səbəb ola bilər. Bunun səbəbini araşdırsanız aydın olar ki, qızıl-ziynət əşyaları nəsildən-nəsilə ötürülür və ailənin əlavə maddi təminatı, investisiya mahiyyətini daşıyır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu hüquqşünas-mediator Fərhad Mehdiyev deyib.

O, əvvəlcə nikah zamanı alınan qızıl-ziynət əşyalarına toxunub  və qeyd edib ki, Ailə Məcəlləsinin 34.2-ci maddəsi kifayət qədər açıq şəkildə qeyd edir ki, zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur:

“Yəni qanun deyir ki, zinət əşyaları fərdi istifadə əşyası kimi şəxsin özünə məxsus deyil, birgə mülkiyyətdir. Həqiqətən də, dəyəri nəzərə alınanda, niyə avtomobil birgə mülkiyyət sayılır, amma 20000 manatlıq bilərzik saylımır? Bunun izahatını tapa bilməzsiniz, yəni hər ikisi birgə mülkiyyətə aid edilməlidir. Üstəlik nəzərə alın ki avtomobilin qiyməti azaldığı halda, qızılın qiyməti ancaq artır.

Daha qəliz olan və qanuni tənzimləmə əskik olan məsələ isə, nikahdan əvvəl taxılan qızıl-ziynət əşyalarıdır. Məhkəmələrin adətən bunlara "şəxsin sırf özünə verilən hədiyyə" olaraq yanaşmaları doğrudurmu? 

Əvvəlcə onu qeyd etməliyik ki, qayınata-qayınananın bəyə-gəlinə verdikləri hədiyyə şərtli hədiyyələrdir, şəxsin sırf özünə deyil, ailə birliyinə verilir”. 

O, bunu tək-tək arqumentləri izah edib:

"1) Şərtli hədiyyə. Burada hədiyyə verilən insandan müəyyən bir davranış gözləntisi var. Bunlara da əsasən ailə birliyinə xələl yetirməyəcək şəkildə davranış göstərmədir. Hər halda heç bir qayınana onun üzünə duran, hətta bəzən onu döyən, ərinə (arvadına) xəyanət edən birisinə nəsə bağışlamaz. Mülki Məcəllənin 673.1.1. və 671.1.2-ci maddələri qeyd edir ki, bağışlamanı alan "onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda;
..... o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə" hədiyyə verən hədiyyədən imtina edə bilər. İndi siz təsəvvür edin, tərəf həyat yoldaşına xəyanət edir, sonra da deyir ki, mənə alınan qızıllar məndə qalmalıdır. belə şey mümkün ola bilərmi? 

2) Ailə birliyinə verilmiş hədiyyə. Sizcə qayınata ya da qayınanaya kim daha yaxındır, doğma bacısı/qardaşı, yoxsa gəlini? Təbii ki, öz doğması. Bəs doğma bacısına, qayınana 5000-lik qızıl bağışlayırmı? Xeyr. Belə olan halda, yad qızına o qədər bahalı şey niyə bağışlasın ki? Çünki burda qayınana düşünür ki, bu qızılı öz övladının ailəsinə hədiyyə edir, vaxtı gəldikdə bu qızıllar nəvələrinə, nəticələrinə  qalacaq. Həmçinin də hədiyyəni alan şəxs onları satıb özünə son model ayfon alsa, bu da həmin ailəni boşanmaya qədər  aparıb çıxara bilər”. 

Məsələnin digər tərəfi mülki hüquq münasibətlərinə tətbiq olunan adət-ənənə məsələləridir ki, birbaşa nəzərə alınmalıdır:

”Zənnimcə, ədalətli mövqe burada ondan ibarət olacaqdır ki, ailə birliyinin dağılmasında təqsirkar tərəf nikahdan əvvəl ona verilən qızıl-ziynət əşyalarının onda qalmasını istəyə bilməz və onları geri qaytarmalıdır. Yox, əgər ailə birliyinin dağılmasında onun təqsiri yoxdursa, o qızıl-ziynət əşyaları özündə saxlamalıdır, çünki MM 673-cü maddədə nəzərdə tutulan öhdəliklərə də zidd davranmayıb. Belə yanaşma həm ənənəyə, həm də hətta islam hüququna uyğundur. 

Evlillik müddətində alınan qızıl-ziynət əşyaları isə Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən birmənalı olaraq birgə mülkiyyətə aid ediləcəkdir. 
Düzdür, AM 34.2-nin tətbiq olunmamalı olduğu hallardan da bəhs etmək, müzakirə etmək olar. Məsələn, ad günü kimi xüsusi günlərdə alınan qızıllar  sırf hədiyyə sayılsın, adi günlərdə alınanlar isə investisiya mahiyyətli kimi. Amma bu məsələlər ümumiyyətlə nəzərdən qaçmamalıdır. 

Bizim hüquq tətbiqimizdə çox bilinməsə də, hüquqi əqdlər adətən səbəbli, səbəbə bağlı olur. Bu hal özünü tərəfin iradəsində göstərir, iradə də hüquqi əqdin zəruri elementlərindən biridir. Odur ki bağışlama kimi görünən əqdlərin də səbəbi olur və onu nəzərə almamaq, hüquqi əqdin düzgün qiymətləndirməməsinə gətirib çıxarır. Bu məsələlər haqqında Sərvər Suleymanlının "Mülki hüquqa giriş" kitabında daha müfəssəl izahatlar mövcuddur”.

Xəzər
“Cebheinfo.az”