Evi qarət olunan Əməkdar jurnalistdən Vilayət Eyvazova MÜRACİƏT

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Əməkdar jurnalist Afət Telmanqızının evi qarət olunub. O, hadisə ilə bağlı polisə müraciət etsə də, heç bir nəticə əldə etməyib.
Afət Telmanqızı baş vermiş hadisə ilə bağlı polis tərəfindən heç bir tədbir görülmədiyini əsas gətirərək daxili işlər naziri Vilayət Eyvazova müraciət edb.
"Cebheinfo.az" həmin müraciəti təqdim edir:
“Cənab nazir! Şəmkir rayon sakini, 1980-ci il təvəllüdlü, əvvəllər məhkumluq həyatı yaşamış Cavadova Aygün Hümbət qızı şəhid qızı adı altında ( şəhid qızı deyil - müəll.) Bakıda dələduzluq, oğurluq, saxta sənəd düzəltməklə məşğul olur və insanlara zərər vurmaqda davam edir.
Artıq bununla bğlı bir neçə fakt təsdiqini tapıb. Belə ki, adıçəkilən şəxs yaxşı şəraiti olan mənzilləri tapır, kirayə qalmaq adı ilə həmin mənzilə yerləşir və heç bir haqq ödəmədən 10-15 gün mənzildə yaşayır, kirayə haqqını ödəyəcəyinə dair yalan vədlər verərək, vaxt uzadır. Sonunda isə kirayə qaldığı evləri qarət edərək qaçır.
O, bu işi tək görmür. Oğlu və bir tanışı ilə birgə silsilə oğurluqla məşğuldur. Təəssüf ki, onun növbəti qurbanlarından biri də mənəm. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinatımla əlaqədar ailəmlə birlikdə Xankəndi şəhərinə köçəndən sonra mənzilimin kirayə elanını vermişəm.
Bu dələduz qadın da birbaşa, vasitəçi olmadan zəng edərək bizi tapıb və kirayə qalmaq istədiyini bildirib. Daha sonra Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən mənzilimdə bu ilin yanvar ayının 15-də kirayənişin kimi yerləşib.
Hər dəfə zəng edərək, votsap üzərindən səs göndərərək, pulu verəcəyini deyib. Nəhayət, pul ödəmədən, evi qarət edərək, yanvar ayının 30-u saat 17 radələrində evi tərk edib. Əlimizdə buna dair videogörüntülər var. Evdən çıxardığı əşyaların - kompüter, planşet, telefonun görüntüləri də polisə təqdim olunub. Soyğunçuluq edərkən istifadə etdiyi maska, papaq və digər sübutlar da mənzilimdən tapılaraq, polisə təqdim olunub.
Digər 2 evdən etdiyi oğurluqların da sübutunu əks etdirən səs yazıları, faktlar var. Narkotestin cavabı da ortadadır. 4 sutkalıq həbslə canını qurtaran qadın hazırda azadlıqdadır.
Hazırda mənə hədə-qorxu gəlir, buna dair səs yazısı var. Yalandan özünü şəhid qızı kimi təqdim edir. Şəhid qızı oğurluq edir? Dələduzluq edir? Saxta qəbz göndərir? Bütün sübutlar olduğu halda, o, hələ də saxlanılmayıb və digərləri üçün də təhlükə yaradır. Gələcəkdə bu şəxsin digər qurbanlarının olmaması üçün təcili tədbir görülməlidir.
Cənab nazir, xahiş edirəm ki, müraciətimin araşdırılması və tədbir görülməsi ilə bağlı müvafiq göstəriş verəsiniz".
"Cebheinfo.az"