BMT Təhlükəsizlik Şurasına beş yeni qeyri-daimi üzv seçilib

Bəhreyn, Kolumbiya, Konqo Demokratik Respublikası, Latviya və Liberiya 2026-cı ilin yanvarından başlayaraq iki illik müddətə BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü seçilib.
Onlar 2027-ci ilin sonunadək beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına cavabdeh olan BMT orqanında xidmət edəcəklər.
AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, yeni üzv ölkələrlə yanaşı, keçən il seçilən beş qeyri-daimi üzv - Danimarka, Yunanıstan, Pakistan, Panama və Somali də 2026-cı ilə qədər fəaliyyət göstərəcək. Son seçilən üzvlər səlahiyyət müddəti 2025-ci ilin dekabrında başa çatacaq Əlcəzair, Qayana, Koreya Respublikası, Sierra Leone və Sloveniyanı əvəz edəcəklər.
Təhlükəsizlik Şurasının 15 üzvü var: beş daimi üzv - Çin, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ - veto hüququna malikdir. Buna əlavə olaraq, BMT TŞ-da Baş Assambleya tərəfindən iki illik müddətə seçilən on qeyri-daimi üzv fəaliyyət göstərir.
Seçkilər hər il gizli səsvermə yolu ilə, yerlər regional qrup tərəfindən ayrılmaqla keçirilir. Namizədlər seçilmək üçün 193 üzvdən ibarət Baş Assambleyada üçdə iki səs çoxluğunu təmin etməlidirlər.
Seçkidə 188 üzv dövlət iştirak edib və yalnız bir raund səsvermə tələb olunurdu. Afrika və Asiya-Sakit okean qrupunda Bəhreyn 186, Konqo Demokratik Respublikası (KDR) 183, Liberiya isə 181 səs toplayıb, bir ölkə bitərəf qalıb.
Şərqi Avropa qrupunda Latviya 178 səs toplayıb, 10 ölkə isə bitərəf qalıb.
Latın Amerikası və Karib hövzəsi qrupunda Kolumbiya 180 səs toplayıb, 8 ölkə isə bitərəf qalıb.
Latviya tarixində ilk dəfə Şurada yer alacaq. Bu ölkə istisna olmaqla, bütün seçilmiş ölkələr əvvəllər qeyri-daimi üzv seçiliblər; Kolumbiya yeddi dəfə, DRC iki dəfə, Bəhreyn və Liberiya hərəyə bir dəfə bu qurumda təmsil olunub.
BMT Təhlükəsizlik Şurasında qeyri-daimi yerlər dörd regional qrupa görə bölünür: Afrika və Asiya; Şərqi Avropa; Latın Amerikası və Karib hövzəsi; Qərbi Avropa və digər dövlətlər qrupu. Builki seçkidə beş yer ayrılıb, onlardan ikisi Afrikaya, biri Asiya-Sakit okeana, biri Şərqi Avropaya, biri isə Latın Amerikası və Karib hövzəsinə məxsus olub.
"Cebheinfo.az"