Qrenlandiya uğrunda "döyüş" başlayır
ABŞ Prezidenti Donald Trampın Arktikadakı ada üzərində nəzarəti ələ keçirmə istiqamətində təzyiqlərini artırmasından sonra Danimarka və Qrenlandiyanın xarici işlər nazirləri Vaşinqtonda ABŞ-nin vitse-prezidenti Vans və dövlət katibi Marko Rubio ilə görüşəcəklər.
Bundan əlavə, Danimarkanın müdafiə naziri Troels Lund Poulsen gələn həftə NATO-nun baş katibi Mark Rutte ilə görüşəcək.
"Cebheinfo.az" xəbər verir ki, Danimarka, Qrenlandiya və ABŞ arasında üçtərəfli zirvə keçiriləcəyi açıqlanıb. Kopenhagendə jurnalistlərə açıqlama verən Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen görüşün formatının müəyyənləşdirildiyini bildirib:
“ABŞ-nin vitse-prezidenti Vans də görüşdə iştirak etmək istədiyini bildirib və toplantıya ev sahibliyi edəcək. Bu səbəbdən görüş Ağ Evdə keçiriləcək”.
Rasmussen Trampın Danimarka Krallığına bağlı muxtar bölgə olan Qrenlandiyanı ələ keçirməklə bağlı təhdidlərini yenidən gündəmə gətirməsindən sonra qrenlandiyalı həmkarı Vivian Motzfeldt ilə birlikdə ABŞ dövlət katibi Marko Rubiodan görüş tələbi etdiklərini xatırladıb.
Rasmussen görüş tələbinin əsas səbəbini belə izah edib:
“Məqsədimiz bizə təqdim edilən bu görüş imkanı sayəsində bütün bu müzakirəni bir-birimizin gözünə baxaraq məsələləri danışa biləcəyimiz bir toplantı otağına daşımaqdır.”
Nigar Hacılı
"Cebheinfo.az"


