Rusiya ilə Almaniya arasında daha bir gərginlik

Rusiya ilə Almaniya arasında daha bir gərginlik

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia, Almaniyanın Ukraynaya “Taurus” raketlərini verməsi halında birbaşa olaraq müharibəyə qoşulmuş sayılacağını bildirib. 

"Cebheinfo.az" xəbər verir ki, Nebenzia Anadolu Agentliyinin (AA) Almaniyanın “Taurus” raketlərini Ukraynaya mümkün təhvil verməsi və ABŞ-nin İrana qarşı hərbi güc tətbiq etməklə hədələməsi ilə bağlı suallarını cavablandırıb.

Nebenzia müxbirin: “Almaniya Ukraynaya “Taurus” raketlərini versə, o, birbaşa müharibədə iştirak etmiş sayılarmı? sualına, "Bəli" deyə cavab verib.

Almaniya və bir çox başqa ölkənin bir növ Ukrayna münaqişəsinə qarışdığını deyən Nebenzia əlavə edib:

"Bu ölkələr öz vəkil qüvvələrinin köməyi ilə Rusiyaya qarşı müharibə aparırlar. Əgər onlar (Almaniya) "Taurus" raketlərini də təmin etsələr, bu, gərginliyin artması istiqamətində daha bir addım olacaq".

ABŞ-nin razılıq əldə edilmədiyi təqdirdə İrana qarşı güc tətbiq edəcəyi ilə bağlı təhdidlərinə gəlincə, Nebenzia ABŞ-nin verdiyi açıqlamalarda siyasi həllə üstünlük verdiyini ifadə etdiyinə diqqət çəkib.

Nebenzia onların da bu varianta üstünlük verdiyini bildirib. Enerji obyektləri üçün qismən atəşkəs təklifinin martın 18-də Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığından sonra gündəmə gətirildiyini xatırladan Nebenzia, Rusiyanın bu təklifi dəstəklədiyini və orduya buna əməl etməyi tapşırdığını qeyd edib.

Nebenzia Rusiyanın təklifə ilk gündən əməl etdiyini, Ukraynanın bu təklifi açıq şəkildə dəstəkləməsinə baxmayaraq hər gün hücumlarını davam etdirdiyini bildirib.

Ukraynanın Rusiyanın enerji obyektləri də daxil olmaqla 120-dən çox hücum təşkil etdiyini deyən Nebenzia, əlavə edib ki, Ukrayna enerji infrastrukturunda qismən atəşkəs tətbiq etməyib:

“Ona görə də bu nöqtədə atəşkəsdən danışmaq real deyil". 

Nigar Hacılı 
"Cebheinfo.az"