Suriyada yenə qan axır: 100 ölü

Suriyada baş verən son silahlı toqquşmalar 100-dən çox insanın ölümünə səbəb olub və vəziyyət çox narahatlıq doğurur.
“Cebheinfo.az” xəbər verir ki, BMT-nin Suriya üzrə Komissiyasının bəyanatında belə deyilir.
Qeyd edilir ki, Dəməşq yaxınlığındakı kəndlərdə baş verən və Suveydə əyatələtinə yayılan son zorakılıq və məzhəb qarşıdurmaları Suriyanın insan hüquqlarına hörmət əsasında davamlı sülhə aparan yolu ilə bağlı dərin narahatlıq doğurur:
“Bir neçə mülki şəxs də daxil olmaqla, 100-dən çox insanın həlak olduğu deyilir”, - deyə sənəddə bildirilir.
BMT-nin komissiyası Suriya müvəqqəti hökumətini beynəlxalq hüququn pozuması halları ilə bağlı operativ, qərəzsiz və müstəqil araşdırmanın aparılmasını təmin etməyə, cavabdeh şəxsləri ölkə qanunlarına uyğun olaraq məsuliyyətə cəlb etməyə çağırıb.
BMT həmçinin hesab edir ki, İsrailin Suriyaya hava zərbələri mülki əhaliyə zərər vurulması riskini artırır.
Xatırladaq ki, aprelin 29-da Druz milislərinin hökumət qüvvələrinin şəhərə daxil olmasına mane olması Jaramana şəhərində toqquşmalara səbəb olub. Hakimiyyət bu qüvvələrin silahlı münaqişənin tərəfləri olmadığını və nizam-intizam yaratmaq üçün göndərildiyini bildirib.
Həmin gün axşam Suriya hökuməti və Jaramana ağsaqqallar şurası şəhərdə təhlükəsizliyin gücləndirilməsi və son hadisələri törədənlərin məsuliyyətə cəlb edilməsi barədə razılığa gəliblər.
Aprelin 30-na keçən gecə əhalinin əksəriyyətinin druzlardan ibarət olduğu Saxnada silahlı dəstələrlə druz özünümüdafiə döyüşçüləri arasında toqquşma baş verib. Suriya Daxili İşlər Nazirliyi daha sonra vəziyyətin “nəzarət altında” olduğunu açıqlayıb. Druzlar Livan, Suriya, İsrail və İordaniyada yaşayan ərəb etno-dini qrupdur.
Ötən ilin sonunda Dəməşqdə hakimiyyət dəyişikliyindən bəri İsrail rəhbərliyi Suriyadakı druzların müdafiəsinə sadiq olduğunu dəfələrlə bəyan edib.
Müşfiq Abdulla
“Cebheinfo.az”