Trampın oğlu evləri belə satır

Dünyanın müxtəlif ölkələrindən minlərlə kriptosevər bu həftə Dubayda keçirilən “TOKEN2049” konfransında bir araya gəlib.
"Cebheinfo.az" xəbər verir ki, iki gün davam edən tədbirdə əsas mövzu sektorda yenidən canlanan maraq və Donald Trampın kriptovalyutalara olan dəstəyinin sektora təsiri olub. Tramp vaxtilə kriptovalyutalara skeptik yanaşsa da, son aylarda bu sahəyə açıq dəstək göstərir, tənzimləmələrin yumşaldılacağını bildirir və hətta öz kriptovalyutasını buraxıb.
Bu, 2022-ci ilin böhranından sonra inamın qismən bərpasına səbəb olub. Lakin son həftələrdə bazarda ehtiyatlılıq müşahidə olunur. Bitkoin bu il təxminən 12% ucuzlaşıb. Səbəb isə tənzimləmə sürətinin gözləniləndən aşağı olması və qlobal ticarət gərginliyidir.
Konfransda iştirak edənlər Trampın siyasətinə fərqli yanaşsalar da, ümumi əhval-ruhiyyə pozitivdir. “Uzunmüddətli baxsaq, bu, sektora fayda verə bilər, amma hər şey dünya iqtisadiyyatından asılıdır”, – deyə iştirakçılardan biri bildirib.
Konfransın diqqətçəkən qonaqlarından biri isə Trampın oğlu Erik Tramp olub. O, Dubayda "Trump Organization"-ın tikdiyi yeni binada mənzillərin artıq bitkoinlə satıldığını açıqlayıb.
Qeyd edək ki, Dubay və ümumilikdə BƏƏ getdikcə kriptovalyuta sektoru üçün əsas mərkəzə çevrilir. Dünyanın ən böyük kriptobirjası "Binance" bu il 2 milyard dollarlıq investisiyanı məhz BƏƏ-də cəlb edib. Həmçinin şəhərin azad iqtisadi zonasında 600-dən çox kriptokompaniya fəaliyyət göstərir və 2027-ci ilə qədər yeni “kripto qülləsi”nin açılması planlaşdırılır.
Səbinə Uğur
"Cebheinfo.az"