Yerdən 120 işıq ili uzaqlıqda həyat izləri tapıldı - FOTOLAR

Yerdən 120 işıq ili uzaqlıqda həyat izləri tapıldı - FOTOLAR

Kembric Universitetinin alimləri "James Webb" teleskopu vasitəsilə Günəş sistemindən kənarda yerləşən "K2-18 b" adlı planetin atmosferində Yer kürəsində yalnız canlı orqanizmlər tərəfindən istehsal olunan dimetilsulfid (DMS) və dimetildisulfid (DMDS) qazlarının izlərini aşkar ediblər.

"Cebheinfo.az" xəbər verir ki, bu, həmin planetdə həyat ola biləcəyi ehtimalını gücləndirir.

"K2-18b" planeti Yer kürəsindən 124 işıq ili uzaqda, “yaşanılabilən zona”da yerləşir. Alimlər bu planetin hidrogenlə zəngin atmosferə və su ilə örtülü səthə malik olduğunu düşünürlər. Bu xüsusiyyətlər həyat üçün əlverişli şərait yarada bilər.

Tədqiqatı aparan Kembric Universitetinin astrofiziki Nikku Madhusudhan bildirib ki, bu müşahidə kainatda həyat axtarışında dönüş nöqtəsi ola bilər.

Amma o, ehtiyatlı yanaşmanın vacibliyini də vurğulayaraq bildirib ki, nəticələr təkrar yoxlanmalı, qazların bioloji olmayan yollarla yaranması ehtimalı  araşdırılmalıdır.

Qeyd edək ki, müşahidələr "James Webb" teleskopunun tranzit üsulu ilə aparılıb.

Planet öz ulduzunun qarşısından keçərkən, ulduz işığındakı dəyişikliklərə əsaslanaraq atmosferin kimyəvi tərkibi öyrənilib.

Hazırda bu qazların bu qədər yüksək miqdarda yalnız bioloji fəaliyyətlə əlaqəli olduğu düşünülür, lakin alimlər hələlik həyatın mövcudluğunu rəsmi elan etmirlər.

Səbinə Uğur
"Cebheinfo.az"