Təqaüd veriləcək yazarların siyahısı təxirə düşdü - SƏBƏB

Təqaüd veriləcək yazarların siyahısı təxirə düşdü - SƏBƏB

Azərbaycan Yazıçılar Birliyində katibliyin mart ayında keçiriləcək iclası təxirə salınıb.

Bunu Cebhe.info-ya açıqlamasında AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib. Aprel ayından Azərbaycan Yazıçlar Birliyi yazıçılara təqaüd veriləcəyini açıqlamışdı. Qurumun məlumatına görə, yazıçıların müraciəti əsasında bir il ərzində verilən təqaüd üçün əvvəlcə siyahı hazırlanır və mart ayında sənədlərə baxılaraq yekun qərar verilir.

Lakin qurum rəsmisi iclasın xarici səfərlərlə bağlı təxirə düşdüyünü bildirib:

“Xarici səfərlər oldu, bir neçə katib və sədrimiz ölkədə olmayacaq. Ona görə də iclas gələn həftə olacaq və həmin iclasda siyahının müzakirəsi gedəcək”.

Xatırladaq ki, maddi durumu yaxşı olmayan yazıçı-filosof Əlisa Nicatın da adının həmin siyahıda olması gözlənilir. Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Prezident təqaüdü üçün ərizə ilə quruma müraciət etməlidirlər. Həmin ərizələr içərisindən 70 nəfər seçilərək, onlara il ərzində təqaüd verilməsi təmin olunur. Hər il 20 gənc yazara 200 manat, 50 yaşlı yazara isə 300 manat məbləğində təqaüd hesablanır.

Günay Şahmar
Cebhe.info