“Kəfən pulu”nu oğurlamayan nəvə: “Bilirdim ki, halal puldur”- CİNAYƏT İŞİ

“Kəfən pulu”nu oğurlamayan nəvə: “Bilirdim ki, halal puldur”- CİNAYƏT İŞİ

Maştağada nənəsinin qızıl qolbağını götürən şəxs saxlanılıb.

Qızıl qolbağı götürməkdə məqsədi sataraq restoranda yeyib-içmək olub. Lakin bu arzusuna çatmamış saxlanılıb.

"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, 27 yaşlı Murad Maştağada nənəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləməyən Murad nənəsinin pensiyası ilə dolanırmış.

Hadisədən bir gün əvvəl Murad dostları ilə restoranda yeyib-içdikdən sonra qərarlaşdırıblar ki, növbəti gün də restoranda görüşsünlər və Novruz bayramını daha dəbdəbəli şəkildə qeyd etsinlər. Lakin Muradda bunun üçün pul olmayıb.

Murad nənəsinin qızıllarını və illərdir yığdığı “kəfən pulu”nun evdə olduğunu xatırlayıb. Evə gedən Murad nənəsinin qızıl qolbağını götürüb.

İfadəsində deyib ki, nağd pul olsa da onu götürməyib. Buna səbəb isə həmin pulun nənəsi tərəfindən əziyyətlə yığılmış “kəfən pulu” olduğunu bilməsi imiş:

“Nənəmin qızılı və pulu düyü torbasında gizlədəndə görmüşdüm. Konkret nə qədər pul və qızıl olmasını bilmirdim. Düyü torbasının içindəki bankanı götürdüm. Burun dəsmalına bükülmüş mirvari boyunbağı, qolbaq və nağd pul var idi. Nənəm pulu uzun illərdir “kəfən pulu” kimi yığmışdı. Bilirdim ki, halal puldur. Ona görə pula dəymədim. Ancaq qolbağı götürdüm. Atamgilə gedib qolbağı bankaya qoyub həyətdə basdırdım. Sonra eşitdim ki, nənəm polisə məlumat verib. Həmin gecəni evə gəlmədim. Polislər məni kənddə saxlayanda etiraf elədim, qızılın yerini də göstərdim”.

Murad nənəsinin onu bağışladığını, məhkəmədən yüngül cəza verilməsini xahiş edib.

Zərərçəkmiş kimi ifadə verən yaşlı qadın əvvəlcə nəvəsi Muraddan şübhələnmədiyini deyib. Bildirib ki, evə gələndə qızılları və pulu qoyduğu düyü torbasının yerinin dəyişdiyini görəndə şübhələnib: “Torbanı açanda gördüm ki, qolbaq yoxdur. Polisə məlumat verəndən sonra araşdırdılar. Muraddan şübhələndiklərini deyəndə inanmadım. Amma qızıl tapılanda Murad olduğunu bildim. Ondan şikayətim yoxdur. Murad mənim yanımda böyüyüb. Mənim pensiyamla dolanırıq. Murad heç yerdə işləməyib”.

Məhkəmə Muradın iki il islah işlərinə cəlb edilməsi ilə bağlı hökm çıxarıb.

"Cebheinfo.az"