Şəhid atası meşədə itkin düşdü - FOTO

Şəhid atası meşədə itkin düşdü - FOTO

Daşkəsəndə şəhid atası meşədə itkin düşüb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, rayonun Bayan kəndində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün, şəhid atası, 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlu dünən  saat 17:00 radələrində  kənd ərazisindəki meşəyə bitki yığmağa gedib, evə  qayıtmayıb.

Bildirilib ki, o, son olaraq dünən axşam saatlarında qızı ilə əlaqə saxlayıb və evə gələcəyini deyib. Lakin daha sonra K.Abdullayevdən xəbər almaq mümkün olmayıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, hazırda K.Abdullayevin yerinin müəyyən edilərək tapılması istiqamətində polis tərəfindən tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Kamil Abdullayev Vətən müharibəsi şəhidi Şəhriyar Abdullayevin atasıdır. Ş.Abdullayev 1987-ci il martın 2-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ş. Abdullayev oktyabrın 13-də Hadrut döyüşləri zamanı şəhid olub. Daşkəsəndəki Şəhidlər Xiyabanında dəfn olunub. Prezident Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”,  “Kəlbəcərin azad olunmasına görə”,  “Hərbi xidmətlərə görə”,  “Füzulinin azad olunmasına görə” medalları,  “Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Ailəli olub, 2 qızı yadigar qalıb.

"Cebheinfo.az"