“Alkatras” həbsxanası yenidən açılır

“Alkatras” həbsxanası yenidən açılır

1963-cü ildə fəaliyyəti dayandırılmış Amerika həbsxanası “Alkatras” yenidən açılacaq.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində bildirib.

ABŞ Prezidenti Donald Tramp, muzeyə çevrilmiş məşhur “Alkatras” həbsxanasının yenidən fəaliyyətə başlaması üçün göstəriş verib.

Bərpa işlərindən sonra istifadəyə veriləcək həbsxanaya ən təhlükəli cinayətkarlar yerləşdiriləcək.

San-Fransisko sahillərində yerləşən həbsxananın təmir olunaraq genişləndirilməsi nəzərdı tutulub.

Tramp bildirib ki, ABŞ uzun müddətdir zorakılıq meyilli cinayətkarlarla mübarizə aparır:

"Keçmişdə daha ciddi və qərarlı bir millət idik, təhlükəli cinayətkarları cəzalandırmaqdan çəkinməzdik. Bu şəxslərə daha artıq dözümlü yanaşmayacağıq".

Onun sözlərinə görə, təhlükəli şəxslərin cəzasız qalmaması üçün “Alkatras” həbsxanası yenidən işə salınmalıdır.

Qeyd edək ki, San-Fransisko körfəzində yerləşən “Alkatras” adası, bir zamanlar dünyanın ən yüksək təhlükəsizlik tədbirlərinə malik həbsxanalarından biri kimi tanınırdı.

1934-1963-cü illərdə fəaliyyət göstərmiş bu müəssisə, azğın və təhlükəli cinayətkarların saxlanıldığı, qaçışın isə demək olar ki, mümkünsüz olduğu bir yer kimi yadda qalıb.

“Alkatras”ın ağır şəraiti onu adətən əsir düşərgələrinə bənzədilirdi və bir çox filmlərə mövzu olmuşdu.

1973-cü ildən etibarən muzey kimi fəaliyyət göstərən ada, hər il təxminən 1,5 milyon turist tərəfindən ziyarət olunur.

Əfsanə Rəcəb 
"Cebheinfo.az"