Magistraturada 6 yeni ixtisas: Nazir detalları açıqladı

Magistraturada 6 yeni ixtisas: Nazir detalları açıqladı

Ötən il Səhiyyə Nazirliyində yaradılmış işçi qrup tərəfindən "Əczaçılıq təhsilinin inkişaf Konsepsiyası" hazırlanıb.

"Cebheinfo.az" "Report"a istinadən xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev mayın 5-də Bakıda keçirilən "Azərbaycanın əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, konsepsiyada əksini tapmış "Ali məktəblər üçün virtual əczaçılıq zavodu" layihəsinin həyata keçirilməsi, tətbiqinə başlanılacaq davamlı peşəkar inkişaf proseslərinə əczaçıların cəlb edilməsi, Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq fakültəsinin nəzdində "Elmi-istehsalat təcrübə bazası"nın yaradılması və digər tədbirlərin icrası istiqamətində işlər aparılır:

"Konsepsiyanın tədbirlər planına uyğun olaraq, 2025/2026-cı tədris ilindən etibarən altı yeni ixtisaslaşma üzrə magistratura səviyyəsində mütəxəssis hazırlığına başlanılacaq".

Qeyd edək ki, konfrans Səhiyyə Nazirliyi, Macarıstanın Azərbaycandakı səfirliyi və "Scandens" əczaçılıq şirkətinin birgə təşkilatçılığı keçirilir. Tədbirdə yerli və xarici qonaqlar daxil olmaqla 300-ə yaxın iştirakçı bir araya gəlib.

Məqsəd ölkədə əczaçılıq sektorunun mövcud vəziyyətini təhlil etmək, gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçirmək, tibb və əczaçılıq təhsili sahəsində yeni çağırışları müəyyənləşdirməkdir.

Bu da Azərbaycanda əczaçılıq sənayesinin inkişafına və xarici tərəfdaşlarla təcrübə mübadiləsinə həsr olunmuş ilk beynəlxalq tədbirdir.

"Cebheinfo.az"