Siyasilərin Laçın səfəri: Ümummilli məsələlərdə vahid mövqe

"Prezident İlham Əliyevin təşəbbüsü və iradəsi əsasında formalaşan yeni siyasi konfiqurasiya, eləcə də inkişaf, siyasi dialoq və milli həmrəylik kursu tədricən iqtidar-müxalifət münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşıyıb.
Azərbaycan ictimaiyyəti son beş il ərzində iqtidarın mövcud istiqamətdəki davamlı təşəbbüslərinin şahididir. Bu təşəbbüsün mühüm tərkib hissəsi kimi həyata keçirilən toplantılar, fərdi görüşlər, eləcə də müəyyən qanunların qəbulu ilə bağlı dinləmələr yeni dövrdə siyasi münasibətlərin inkişafına öz töhfələrini verir.
Proses uğurla davam edir və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin təşkilatçılığı ilə baş tutan görüşlər və birgə səfərlər siyasi həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm amil rolunu oynayır".
Bunu "Cebheinfo.az"-a politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, belə təşəbbüslərdən biri də Prezident Administrasiyasının bilavasitə təşkilatçılığı ilə baş tutan növbəti Qarabağ səfəri oldu:
"Ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərləri, politoloqlar, kütləvi informasiya vasitələrinin rəhbərləri və nümayəndələrinin iştirak etdiyi səfər çərçivəsində Laçında səfərdə olduq. Səfər çərçivəsində Zabuxçay su anbarı, Laçın şəhəri, o cümlədən Heydər Əliyev küçəsi, “Lacinema” kino mərkəzi, “Hoçazfilm” kinopavilyonu və Bəylik kəndində aparılan bərpa və yenidənqurma işləri ilə tanışlıq olduq, eləcə də “Zerti Aqro-Sənaye Parkı”nda fəaliyyət göstərən müəssisələr haqında ətraflı məlumatlar aldıq".
Politoloq qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə təşkil olunan səfərlər öz mahiyyətinə və bir çox mühüm xüsusiyyətlərinə görə seçilir:
"Bu, həm də siyasi iradənin, ortaq mövqenin və vətənpərvərliyin real təcəssümü kimi meydana çıxır. Uzun illər işğal altında olan dağıdılmış, viran qoyulmuş, yerlə yeksan edilmiş ərazilərimizdə sürətli bərpa işlərinin aparıldığını, insanlarımızın öz dogma yurdlarına qayıdışını görmək qürurverici bir hissdir.
Səfər çərçivəsində biz Laçının iqtisadi, habelə turizm potensialı ilə də tanış olduq. Təbii landşaft, nadir təbiət, gözəl meşələr, dağlar, bulaqlar, çaylar, habelə icra olunan infrastruktur layihələri - bütün bunlar regionun inkişafı üçün zəmin yaradır.
Məsələnin digər tərəfi isə təbii ki, bu cür səfərlərin hakimiyyətlə siyasi partiyalar arasında konstruktiv əməkdaşlığın qurulması üçün yeni imkanlar yaratması ilə bağlıdır. Bu cür təşəbbüslər ölkəmizdə yeni siyasi mədəniyyətin formalaşdırılmasına mühüm töhfələr verir.
Təsadüfi deyil ki, dövlətimizin başçısı öz çıxış və müsahibələrində siyasətdə sağlam münasibətlərin bərqərar olunması, siyasi dialoq mühitinin əhəmiyyəti və konstruktiv əməkdaşlığın vacibliyi kimi önəmli demokratik məzmunlu təzahürləri davamlı olaraq qeyd edir.
Bu səfərlər göstərir ki, partiyalar arasında siyasi baxışlarına, ideoloji əsaslara görə fərqlər olsa da, əsas məsələlərdə - ərazi bütövlüyü, suverenlik, dövlət müstəqilliyinin qorunması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi kimi fundamental mövzularda tam konsensus mövcuddur. Laçına birgə səfər bu baxımdan yalnız siyasi həmrəylik aktı deyil, həm də regionda həyatın bərpası və quruculuq işlərinə verilən siyasi dəstəyin ifadəsidir".
Səfər zamanı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Laçın şəhərində iştirakçılar qarşısında çıxış edərək ötən dövr ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı şəkildə təşviq olunan həmrəylik mühitinin strateji əhəmiyyəti və mövcud istiqamətdə görülmüş işlər haqqında geniş məlumat verib:
"Ölkədə həmrəylik mühitinin qorunmasında siyasi partiyaların müstəsna əhəmiyyətini vurğulayan Administrasiya rəsmisi bildirdi ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə bütün dünya azərbaycanlılarının qürur mənbəyidir.
Hakimiyyət nümayəndələrinin, siyasi partiya rəhbərlərinin, politoloq və media rəhbərlərinin Laçına birgə səfəri Azərbaycanın daxili siyasi dinamikasında milli maraqların hər şeydən üstün tutulduğunu bir daha sübut edir. Bu səfərlər həm də beynəlxalq ictimaiyyətə ölkəmizdə siyasi institutların yetkinliyini, ümummilli məsələlərdə vahid mövqe sərgiləməyi bacardığını nümayiş etdirir".
"Cebheinfo.az"