Şikayət ediblər, indi məhkəməyə gəlmirlər: Biri İstanbulda, digəri Dubayda...

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın məhkəməsi yenə təxirə salınıb.
"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, buna səbəb zərərçəkmiş şəxslərdən ikisinin prosesə gəlməməsidir.
Həmin zərərçəkmişlər “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə və sahibkar Yadigar İsrafilovdur. İttihamda yazılıb ki, Alışan Bəbəkin 1 milyon 300 min, Yadigarın isə 200 min dollarını ələ keçirib.
Onlar Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində ifadə verib, şikayətçi olublar. Amma bu gün məhkəməyə gəlmirlər.
Babəkin vəkilinin dediyinə görə, müvəkkili işi ilə bağlı İstanbuldadır. Bu səbəbdən əvvəlki ifadəsinin elan edilməsini istəyir.
Amma məhkəməyə sədrlik edən hakim Aytən Əliyeva zərərçəkmişin ismarışını qəbul etməyib:
“Şəxs ağır cinayətdə ittiham olunur. Lakin zərərçəkmiş gəlib ifadə vermir. Biz bilmirik o, istintaq vaxtı necə danışıb. Gəlməməsi mümkün deyil. Zərərçəkmişdirsə, məhkəmədə dindirilməlidir”.
Maraqlıdır ki, adətən məhkəmədən yayınan tərəf ya şahid, ya da sərbəst mühakimə edilən müttəhim olur. Bu işdə isə vəziyyət fəqlidir. Bundan əvvəlki iclasda zərərçəkmiş Yadigar İsrafilov barəsində də məcburi gətirilmə qərarı çıxarılıb.
Qərarın icrası polisə həvalə edilib. Deyilənə görə, Y.İsrafilov hazırda Dubaydadır.
Zərərçəkmişlərdən yalnız Zeynal Usubov məhkəmədə dindirilib. İstintaq materiallarına əsasən, Zeynal bu işdə 545 min dollar itirib.
Proses 24 apreldə davam edəcək.
Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elariz Məmmədoğlunun isə kürəkənidir.
"Cebheinfo.az"