Bakıda ev bazarı "dayanıb": Bahalaşma dalğası gəlir

Bakıda ev bazarı "dayanıb": Bahalaşma dalğası gəlir

Son günlər evlərin qiymətinin yenidən qalxacağı haqqında söz-söhbət yayılmağa başlayıb.

Belə ki, Azərbaycanda tikinti materiallarının qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 % artıb. Tikinti materiallarının qiyməti artığına görə həyət və bina evlərinin qiyməti artacağı gözlənilir.

Maraqlıdır, daşınmaz əmlak bazarında qiymətlər artacaqmı?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Cebhe.info”-ya açıqlamasında bildirib ki, ötən ilin oktyabrından başlayaraq daşınmaz əmlak bazarında qiymət artımı davam edir:

“Bir neçə aydır ki, qiymətlərin qalxması bazarda durğunluq yaradıb. Hazırda alıcıların əksəriyyəti güzəştli sosial ipoteka krediti şərtləri ilə daşınmaz əmlak alanlardır. Mərkəzə yaxın yeni tikilən binalarda 1 otaqlı evin qiyməti 100-180 min manat arası dəyişir”.

Ekspert bildirib ki, Bakıda bina tikmək üçün torpaq sahələri qalmadığı üçün bina evlərinin də qiyməti qalxacaq:

“Yeni tikilən binalarda bir kvadratmetri 1500 manata satılan mənzillərin maya dəyəri təxminən 300 manatdır. Məhz tikinti materiallarının qiymətinin artması da  yeni tikilən binalarda mənzillərin maya dəyərinə maksimum 20-30 manat civarında təsir edə bilər.

Tikinti materiallarının qiymətinin artması daha çox torpaq bazarına təsir edəcək. Eyni zamanda, tikinti normativlərinə edilən dəyişikliklər də mənzillərin qiymətinə öz təsirini göstərəcək. Ona görə də həyət və bina evlərində qiymətlərin artması gözləniləndir”.

Ekspert qeyd edib ki, yeni qərara əsasən, 2023-cü il oktyabr ayından başlayaraq çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub:

“Qanunvericiliklə, ev, yaxud qeyri-yaşayış obyektinə hər hansı bir kommunikasiya xətlərinin çəkilməsi üçün həmin ərazidə məntəqənin ünvanı olmalıdır. Bu isə fərdi evlərin böyük əksəriyyətində çıxarışın olmaması həmin ərazilərdə ünvanların verilməsində ciddi problemlər yaradır. Nəticədə bu, çıxarışlı mənzillərə tələbatı artırıb”. 

Həsən Məmmədov 
“Cebhe.info”