“Traktor” tarixində ilk dəfə İran çempionu olub

“Traktor” tarixində ilk dəfə İran çempionu olub

Təbrizin “Traktor” komandası İran Pro-liqasında ilk dəfə çempion olub.

“Report” xəbər verir ki, “qızıl qurdlar” XXVIII turun matçında Qəzvinin “Şəms Azər” komandasını 4:0 hesabı ilə məğlub ediblər.

Oyun Qəzvindəki “Sərdar Azadegan” stadionunda keçirilib. Artıq birinci dəqiqədə xorvatiyalı hücumçu Domaqoy Drojdek hesabı açıb. 8-ci dəqiqədə Əmirhüseyn Hüseynzadə üstünlüyü ikiqat artırıb, 30-cu dəqiqədə isə Drojdek dubl edərək fasiləyə qədər hesabı 3:0-a çatdırıb.

İkinci hissədə “Şəms Azər”in müdafiəçisi Homən Rəbiizadənin meydandan qovulmasından sonra “Traktor” penalti vurmaq hüququ qazanıb. 11 metrlik cərimə zərbəsini yerinə yetirən Rikardo Alveş topu tora göndərərk oyunda yekun hesabı müəyyənləşdirib - 4:0.

“Traktor” qələbə sayəsində mövsümün bitməsinə iki tur qalmış çempionluğu təmin edib.

Tribunalarda yerli iqtidar nümayəndələri və digər rəsmi şəxslər Təbriz komandasının tarixi qələbəsini izləyiblər.

28 turdan sonra Təbriz təmsilçisi 64 xal toplayıb. Onun ən yaxın təqibçisi "Sepahan"ın 56 xalı var. Beləliklə, "qızıl qurdlar" 30 turdan ibarət çempionatın vaxtından əvvəl qalibi olub.  

"Cebheinfo.az"