Azərbaycanlılar qazancını yeməyə və dərmana xərcləyir

Azərbaycanlılar qazancını yeməyə və dərmana xərcləyir

 Məlumdur ki, inkişaf etmiş ölkələrdə insanlar pulun xərclənməsi üzrə bölgü aparır.

Onlar təhsilə, səhiyyəyə, istirahətə, ərzağa xərcləyəcəkləri vəsaitin miqdarını əvvəlcədən müəyyənləşdirirlər. Nəzər salsaq, görərik ki, Amerika kimi ölkələrdə insanlar xərclərini bölərək dünya səyahətinə də çıxırlar, özünüinkişafa da vəsait ayırırlar. 

Maraqlıdır ki, Azərbaycanda ailələr aylıq qazanclarını əsasən nəyə xərcləyirlər? 

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli "Cümhuriyət"-ə açıqlamasında bildirib ki, Azərbaycanda qazanılan vəsaitin hara və nə qədər xərclənməsi ilə bağlı detallı məlumat verilmir:

"Lakin vətəndaşın xərclərinin istiqaməti bilinir. Təəssüf ki, Azərbaycanda insanlar xərclədikləri vəsaitin 50%-ni ərzaq məhsullarına, təqribən 3%-ni dərman preparatlarına, 3%-dən çoxunu yanacağa, 10-15%-ni isə kommunal xidmətlərə xərcləyir. Bu göstəricilər ürəkaçan deyil, çünki inkişaf etmiş ölkələrdə insanlar gəlirlərinin 10-15%-dən çoxunu ərzağa xərcləmir.

İnsanlar gəlirlərinin çox hissəsini ərzağa xərcləyirsə, deməli, gəlirlər aşağıdır. Bu da ilk növbədə özünüinkişafa, mədəni istirahətə imkan vermir. Əslində Azərbaycanda əhalinin ərzağa xərclədiyi vəsaitin gəlirinin təqribən beşdə birindən, yəni 20-25 faizdən çox olmamalıdır". 

Məsələyə münasibət bildirəm iqtisadçı Elşad Məmmədov isə bildirib ki, hər bir ölkədə insanların xərclərinin strukturunda təhsilə, səhiyyəyə, özünüinkişafa, eyni zamanda istirahətə istiqamətlənmiş xərclərin payının çox olması onların sosial, humanitar, iqtisadi inkişafı nöqteyi-nəzərindən mühüm göstəricilər kimi dəyərləndirilir:

"Şübhəsiz ki, hər hansı ölkədə orta statistik olaraq insanlar daha çox gəlirlərini qeyd olunan istiqamətlərə xərcləyirlərsə, o ölkələrdə sosial, iqtisadi inkişaf da qabaqlayıcı olur. Lakin orta statistik azərbaycanlı ailəsinin xərclərinin 50%-dən çoxu ərzaq bazarı ilə bağlıdır. Nəzərə almaq lazımdı ki, kredit xərcləri, bununla yanaşı, kommunal xərclərin ödənilməsi də böyük paya malik olur. Nəticədə təhsilə, səhiyyəyə, özünüinkişafa və istirahətə çox az  vəsait qalır.

Təhsil və səhiyyənin məcburi seqmentləri var ki, onlara vəsait mütləq xərclənməlidir. Lakin bu, özünüinkişaf nöqteyi-nəzərindən böyük imkanlar açmır. Çünki təhsil və səhiyyədə elə xərclər var ki, profilaktik olaraq həmin xərclər reallaşmalıdır. Eyni zamanda, təhsilin xərcləri var ki, onlar da məcburidir. Bütün bunlar onu deməyə əsas verir ki, bizim ölkədə insanlar özünüinkişaf və istirahət üçün kifayət qədər resurslara malik deyilik. Bu da iqtisadiyyatın gücləndirilməsinin lazımi olduğuna əsas verir ki, əlimizdə əlavə maddi resurslar qalsın". 

Ləman İsmayıl
"Cebheinfo.az"