Maştağadakı heyvan bazarı açılır? - RƏSMİ
Ölkənin müxtəlif ərazilərində heyvan bazarlarının yenidən qurulması, infrastrukturun müasirləşdirilməsi və sanitar tələblərə uyğunlaşdırılması istiqamətində işlər sürətlə davam edir.
Bu prosesin məqsədi həm satıcılar, həm də alıcılar üçün daha təhlükəsiz şəraiti yaratmaqdır.Son günlər Maştağada yeni heyvan bazarının yaradılması ilə bağlı yayılan məlumatlar bölgə sakinləri və satıcıların diqqətini çəkib.
Bununla vətəndaşların sağlam və təhlükəsiz ət əldə edəcəyinə dair ümidləri də artıb.Bəs həmin ərazidə aparılan tikinti və yenidənqurma işləri tam yekunlaşıb?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlma verən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Hüsniyyə Həsənova bildirib ki, nümunəvi eskiz layihələri təqdim olunub, görülən tədbirlər həmin layihələr əsasında görülür:
“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkədə epizootoloji stabilliyin qorunması məqsədilə respublikanın müxtəlif bölgələrində heyvan bazarlarında monitorinqləri davam etdirir. İlkin nəticələrə əsasən, ölkə üzrə bir sıra bazarlarda artıq yenidənqurma işlərinə aparılır.
Bazar sahiblərinə ərazilərin AQTA Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq işlərin aparılması üçün nümunəvi eskiz layihələri təqdim olunub, görülən tədbirlər həmin layihələr əsasında görülür. Ərazilərə dezbaryerlər quraşdırılır, baytar həkimlərin fəaliyyəti üçün şərait yaradılır”.
O qeyd edib ki, bazarların fəaliyyətə başlaması bilavasitə bazar sahiblərindən asılıdır.“İnfrastrukturun normativ tələblərə uyğun şəkildə tam yenilənməsi, uyğunsuzluqların aradan qaldırılması və Agentliyin yekun qiymətləndirməsindən sonra həmin bazarların fəaliyyətinə icazə veriləcək”.
Gülər
“Cebheinfo.az”

