Bu ölkədə 15 yaşından kiçiklərə QADAĞA
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 15 yaşından kiçik uşaqların sosial mediadan istifadəsi qadağan olunub.
"Cebheinfo.az" xəbər verir ki, BƏƏ-nin rəsmi agentliyi WAM-ın yaydığı məlumata görə, Nazirlər Kabinetində uşaqların sosial media platformalarına girişini tənzimləyən yeni qərar qəbul edilib.
Qərara əsasən, ölkədə sosial mediadan istifadə üçün minimum yaş həddi 15 olaraq müəyyən edilib.
Bu qərar 15 yaşından kiçik uşaqların şəxsi sosial media hesabı açmasını və ya mövcud hesablardan istifadə etməsini qadağan edir, həmçinin sözügedən istifadəçilərin bu platformaların bütün funksiyalarına girişini məhdudlaşdırır.
BƏƏ-NİN Baş naziri və Dubay Əmiri Məhəmməd bin Rəşid Əl Məktum qeyd edib ki, bu tənzimləmə BƏƏ-nin rəqəmsal məkanda uşaqların qorunması istiqamətində qabaqcıl bir model yaratmaq, texnologiyadan istifadədəki sürətli dəyişikliklərə uyğunlaşaraq rəqəmsal təhlükəsizliyi artırmaq hədəfini əks etdirir.
Uşaqların təhlükəsiz, balanslı və yaşlarına uyğun rəqəmsal mühitdə texnologiyadan faydalanmalarını hədəflədiklərini vurğulayan Əl Məktum valideyn icazəsinin tətbiq edilən qadağa və məhdudiyyətlər üçün bir istisna təşkil etməyəcəyini deyib.
Nigar Hacılı
"Cebheinfo.az"

