Ortaq türk əlifbası: Təkcə mədəni yox, siyasi təsiri də var
Xəbər verdiyimiz kimi, Ortaq Türk Əlifbası Komissiyasının dördüncü iclası Astanada keçirilib.
Türk Akademiyası tərəfindən təşkil olunan və Türk Dilçilik Birliyi əməkdaşlıq şəraitində baş tutan iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan Komissiya üzvləri, eləcə də ölkələrində dil siyasətinə cavabdeh olan rəsmi qurumları təmsil edən Türk Akademiyası müşahidəçiləri iştirak ediblər.
Görüşdən sonra Ortaq Türk Əlifbasının tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb.Əsas qərarlardan biri onun tətbiqi üçün Təlimatların, eləcə də Ortaq Türk Əlifbası əsasında hazırlanmış Qazaxıstan və Qırğız əlifbalarının tövsiyə olunan variantlarının təsdiqlənməsi olub.
Xatırladaq ki, Ortaq Türk Əlifbası Komissiyası 2022-ci ildə Türk Akademiyası çərçivəsində, Türk Dövlətləri Təşkilatının koordinasiyası ilə yaradılıb. 11 sentyabr 2024-cü ildə Bakıda keçirilən üçüncü iclasda 34 hərfdən ibarət Ortaq Türk Əlifbası qəbul edilib.
Ortaq türk əlifbasının tətbiqi hansı strateji əhəmiyyətə malikdir? Türk Dövlətləri Təşkilatının inkişafında hansı rolu oynayacaq?
“Cebheinfo.az”-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov bildirib ki, ortaq türk əlifbası türk dünyasının inteqrasiyasında mühüm rol oynayır:
.jpg)
“Ortaq türk əlifbası türk dövlətləri arasında əlaqələri daha da möhkəmləndirəcək. Türk dünyasının inteqrasiyasında, əlaqələrin genişlənməsində, əməkdaşlıq səviyyəsinin yüksəldilməsində və gələcəkdə vahid güc mərkəzinə çevrilməsində bir çox amillərlə yanaşı, ortaq əlifba məsələsi də çox mühüm rol oynayır.
Dövlətlər arasında siyasi, iqtisadi, ticari, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafı olduqca vacibdir. Logistika, nəqliyyat və digər əlaqələrin mövcudluğu, qarşılıqlı investisiyaların artırılması da böyük əhəmiyyət daşıyır”.
Onun sözlərinə görə, mədəni əlaqələr türk dünyasının inteqrasiyasının əsas sütunlarından biridir:
“Eyni zamanda, mədəni əlaqələr də son dərəcə zəruridir. Çünki məhz bu əlaqələr nəticəsində dövlətlərarası münasibətlər cəmiyyətlərarası münasibətlər formasında da inkişaf edir və xalqları bir-birinə daha da yaxınlaşdırır.
Nəzərə alsaq ki, türk dünyasını birləşdirən əsas amillərdən biri ortaq mədəni və mənəvi dəyərlərdir, əlifba da həmin dəyərlərin vacib komponentlərindən biridir.
Bu baxımdan, ortaq əlifbanın qəbul olunması türk dövlətləri və xalqları arasında yaxınlaşmanın sürətlənməsinə, əlaqələrin genişlənməsinə və əməkdaşlığın daha da inkişaf etməsinə mühüm töhfə verəcək”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”

