MRT-ni də süni intellekt çəkəcək
Süni intellekt sahəsində tanınan ABŞ şirkəti "Midjourney" səhiyyə sektoruna daxil olduğunu açıqlayıb.
Şirkət insan bədəninin qısa müddətdə skan edilməsinə imkan verən yeni texnologiya üzərində çalışdığını bildirib.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, "Midjourney Medical" adlanan yeni layihə çərçivəsində hazırlanan cihazın MRT (maqnit-rezonans tomoqrafiyası) səviyyəsində görüntüləmə imkanları təqdim etməsi nəzərdə tutulur. Şirkətin məqsədi mürəkkəb tibbi görüntüləmə proseslərini daha sürətli və əlçatan etməkdir.
Hazırda inkişaf mərhələsində olan sistem ənənəvi tibbi avadanlıqlardan fərqli dizayna malikdir. Texnologiyanın dayaz su hovuzu və insan bədənini əhatə edən ultrasəs sensor halqası vasitəsilə işləməsi planlaşdırılır.
Məlumata görə, sensor halqası bədənin müxtəlif nöqtələrinə ultrasəs dalğaları göndərəcək və geri qayıdan siqnalları toplayacaq. Əldə edilən məlumatlar isə süni intellekt alqoritmləri vasitəsilə yüksək keyfiyyətli tibbi görüntülərə çevriləcək. Şirkət bütün prosesin 60 saniyədən az müddətdə tamamlanmasını hədəfləyir.
"Midjourney" bu texnologiyanı "Midjourney Spa" adlı fərqli konsepsiya çərçivəsində təqdim etməyi planlaşdırır. İlk mərkəzin 2027-ci ildə San-Fransiskoda fəaliyyətə başlaması nəzərdə tutulur. Kompleksdə isti hovuzlar, saunalar, soyuq terapiya zonaları və bədən skanının aparılacağı xüsusi bölmələr yaradılacaq.
İlkin mərhələdə istifadəçilərə ətraflı bədən analizləri təqdim ediləcək. Lazımi tibbi təsdiqlər əldə edildikdən sonra isə sistemin daha geniş diaqnostik imkanlar təklif etməsi gözlənilir.
Şirkət qarşıdakı bir il ərzində həm avadanlığın, həm də proqram təminatının təkmilləşdirilməsi üzərində işləyəcək. Bundan sonra klinik sınaqlara başlanılması planlaşdırılır.
"Midjourney"-in uzunmüddətli planına əsasən, 2028-ci ildən etibarən texnologiya digər şəhərlərdə də tətbiq olunacaq və yeni nəsil skanerlərin istifadəsinə keçiləcək.
Şirkət 2031-ci ilədək dünya üzrə 50 mindən çox skaner qurğusundan ibarət geniş tibbi şəbəkə yaratmağı hədəfləyir.
Gülər
"Cebheinfo.az"

