Trampın tarif siyasəti: Azərbaycana necə təsir edir?

ABŞ Prezidenti Donald Trampın yeni gömrük tarifləri ilə bağlı qərarı dünya iqtisadiyyatında ciddi narahatlıqlar yaradıb.
Belə ki, Donald Tramp 2 aprel tarixində bütün ölkələrdən ABŞ-yə gətirilən idxal mallarına minimum 10 %-lik rüsum tətbiq etdi.
Hazırda bəzi ölkələr üçün bu rüsum daha yüksəkdir: Çin üçün bu tarif 34, Tayvan üçün 23, Vyetnam üçün 46 %, Yaponiya üçün 24 %, Böyük Britaniya üçün 10 %, Avropa İttifaqı üçün isə 20 faiz təyin edilib.
Məhz Trampın bu qərarından dərhal sonra maliyyə bazarlarında böhran başladı.
• ABŞ fond bazarları 4 % azaldı,
•Avropa və Almaniya indeksləri 1,5-2 % aralığında gerilədi,
• ABŞ dolları avro və yapon yeni qarşısında zəiflədi,
• Qızılın qiyməti isə tarixi maksimuma çatdı.
Əgər ABŞ-nın bu addımına cavab olaraq digər ölkələr də tarifləri artırsa, bu, genişmiqyaslı “ticarət müharibəsi”nə çevriləcək. Bu halda dünya iqtisadiyyata ciddi şəkildə zərər görə bilər.
Hazırda qlobal iqtisadi artım 3 % civarındadır. Ancaq “tarif müharibələri” bu göstəricini 1,5%-ə endirə bilər. Bu isə bir sıra ölkələrdə iqtisadi durğunluq, yəni resessiya deməkdir.
İqtisadçı-ekspert Natiq Cəfərli mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında bildrib ki, əgər tariflərin qarşılıqlı şəkildə və davamlı olaraq artırılması baş verərsə, bu, dünya iqtisadiyyatında daralmaya səbəb ola bilər.
Ekspert hesab edir ki, elə əsas problem də məhz budur.
"Belə ki, “tarif müharibələri”ndən öncə dünya iqtisadiyyatında ümumi artım tempi təxminən 3 faiz civarında proqnozlaşdırılırdı.İndi isə bu müharibələr səbəbindən artım tempinin yarıya qədər, yəni 1,5 faiz enməsi ehtimal olunur. Bu da bəzi ölkələrdə resessiyaya (iqtisadi durğunluğa) səbəb ola bilər.Nəticədə iqtisadi daralma digər ciddi sosial və iqtisadi problemlərə də yol aça bilər. Ona görə də “tarif müharibələri”nin nə qədər davam edəcəyi olduqca önəmlidir".
O qeyd edib ki, burada əsas məqsəd tariflərin daimi olaraq qüvvədə saxlanılması deyil:
“ABŞ bu tariflərdən daha çox təzyiq vasitəsi kimi istifadə edərək qarşı tərəfdən müəyyən güzəştlər əldə etməyə çalışır. Görünən odur ki, Vaşinqton bu məsələyə qalıcı rüsumlardan çox, danışıqlarda üstün mövqe qazanmaq baxımından yanaşır".
Onun sözlərinə görə, məlum tarif qərarlarının ölkəmizə birbaşa ciddi təsiri yoxdur:
"Çünki Azərbaycanın ABŞ-la ticarət dövriyyəsində balans onsuz da Amerikanın xeyrinədir, yəni onlar bizə daha çox mal göndərirlər. Digər ölkələrlə olan ticarət münasibətlərində isə, hətta müəyyən müsbət nəticələr mümkündür.
Məsələn, əgər Çin məhsullarına ABŞ-də 57 %-lik tariflər qüvvədə qalarsa, bu məhsulların bir hissəsi alternativ bazarlara, o cümlədən Azərbaycana yönələ bilər. Bu isə yerli bazarda məhsul çeşidinin artması və qiymət rəqabəti baxımından müsbət nəticə verə bilər.
Amma Azərbaycanın iqtisadiyyatı üçün əsas risk faktoru neft qiymətləridir. Qlobal iqtisadi daralma fonunda enerji daşıyıcılarına olan tələbat azala bilər və bu da neftin qiymətinə birbaşa təsir edər.Neft qiymətlərində ciddi azalma isə Azərbaycan iqtisadiyyatı üçün mənfi nəticələr doğura bilər".
Səbinə Uğur
"Cebheinfo.az"