Cənubi Amerikadan Azərbaycana kokain gətirən dəstə saxlanıldı - VİDEO

Cənubi Amerikadan Azərbaycana kokain gətirən dəstə saxlanıldı - VİDEO

Cənubi Amerikadan Avropaya, oradan isə Azərbaycana tranzit yolla kokain gətirən dəstə üzvləri saxlanılıb.

Bu barədə Cebhe.info-ya Daxili İşlər Nazirliyininn (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə narkotik vasitələr gətirən mütəşəkkil dəstə üzvlərinə qarşı əməliyyatlar davam etdirilir.

Sonuncu tədbir zamanı Xalid İsgəndərov, Xəyyam Əsədov və Elman Yusifov saxlanılıblar. Onlardan 1 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik kokain və 3284 ədəd ekstazi həbi aşkar olunub.

Həmin narkotiklərin Cənubi Amerika ölkələrindən Avropaya, oradan isə tranzit yolla Azərbaycan ərazisinə gətirildiyi müəyyən edilib.

Belə ki, beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan “TIR” sürücüsü Elman Yusifovun bu işdə rolu narkotikləri ölkəyə keçirmək, Xəyyam Əsədovun vəzifəsi həmin narkotikləri sərhədyanı zonalardan götürərək Xalid İsgəndərova çatdırmaq, sonuncunun fəaliyyəti isə narkotik vasitə olan kokainin və ekstazi həblərinin Bakı şəhərində satışını təşkil etmək və əldə olunan “çirkli” pulları ölkə xaricinə çıxarmaq olub.

Araşdırmalar zamanı saxlanılan şəxslərin ölkə ərazisində kokain və ekstazinin əsas tədarükçülərindən olmaları müəyyən edilib.

Həyata keçirilən digər əməliyyatlar zamanı İrandan ölkəmizə narkotik vasitələri qanunsuz yollarla gətirən daha 5 nəfər - Yardımlı rayon sakini Xəqani Sultanov, paytaxt sakinləri Emin Əliyev, tanışları Kamil Əliyev və Natiq Aslanov, eləcə də, Vüqar Cəfərov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 50 kiloqram, o cümlədən 33 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 12 kiloqram marixuana, 5 kiloqram metamfetamin, narkotiklərin təmassız dövriyyəsində istifadə etdikləri bank kartları və 210 ədəd psixotrop tərkibli həb aşkar edilib. Saxlanılanlar İranda yaşayan və Azərbaycan əleyhinə fəaliyyət göstərərək ölkəmizdə narkotiklərin əsasən gənclər arasında geniş yayılmasına can atan şərti adları “Kazım”, “Fəridin” və “Babək” olan şəxslər tərəfindən narkokuryerliyə cəlb olunduqlarını etiraf ediblər.

Sonuncu əməliyyat zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən kanallardan daha bir neçəsinə zərbə endirilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.

Cebhe.info