Məşhur müğənni kosmosa gedir:Heyətdə yalnız qadınlardır

Amerikalı məşhur müğənni Keti Perrinin tamamilə qadınlardan ibarət ekipajla kosmosa gedəcəyi xəbəri yayılıb.
“Cebheinfo.az” xəbər verir ki, “Blue Origin” şirkətinin “New Shepard” kosmik gəmisi ilə həyata keçiriləcək uçuşda müğənnini daha beş qadın müşayiət edəcək. Onlar arasında “Amazon”un təsisçisi Ceff Bezosun nişanlısı Lauren Sançes də yer alır. Uçuşun Texasdan GMT vaxtı ilə saat 15:30-da həyata keçirilməsi planlaşdırılır.
Bu missiya 1963-cü ildə sovet kosmonavtı Valentina Tereşkovanın tarixi uçuşundan sonra tamamilə qadınlardan ibarət ilk kosmik ekipaj olacaq. Tamamilə avtomatik sistemlə idarə olunan “New Shepard” şaquli şəkildə qalxacaq, daha sonra kapsul əsas hissədən ayrılaraq paraşütlərlə yerə enəcək. Təxminən 10 dəqiqə davam edəcək bu uçuş zamanı ekipaj üzvləri beynəlxalq səviyyədə kosmosun sərhədi hesab edilən Karman xəttindən kənara çıxacaqlar. Onlar qısa müddət ərzində yerlərini tərk edərək sıfır cazibə mühitində sərbəst hərəkət edə biləcəklər.
Əfsanə Rəcəb
“Cebheinfo.az”