Agentliyinin dəstəyi ilə “Alternativ turizm məhsulu” layihəsinin icrasına başlanıldı

01.09.2022-ci il tarixdən Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi tərəfindən “Alternativ turizm məhsulu” adlı layihənin icrasına start verildi.
“Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri və “Alternativ turizm məhsulu” layihəsinin rəhbəri Möhübbəli Nağıyev "Cebheinfo.az"-a verdiyi açıqlamada qeyd etdi ki, layihə Azərbaycan Respublikasında turizm sənayesinin potensial imkanları və inkişaf perspektivlari və regionlarda alternativ turizm məhsullarının inkişafı ilə Azərbaycan Respublikası Prezidenti Cənab İ. Əliyevin sərəncamlarına və "Regionların iqtisadi inkişafı üçün Yol Xəritəsi"-nə uyğun olaraq Dövlət Turizm Agentliyinin hazırladığı "2023-2026-cı illər üçün Turizm strategiyası"-nın tələbləri və eləcə də regional turizmin inkişafına Dövlət Dəstəyi proqramları ilə regionda turizm sahəsində çalışan sahibkarları və bu sahə ilə birbaşa və sıx əməkdaşlıq edən iş adamlarını (sahibkarları, sənətkarları) “Regional turizmin yeni mərhələsi və Alternativ turizm məhsulu” mövzusunda maarifləndirməkdən, Alternativ Turizmin inkişafı üçün həyata keçirilən fəaliyyəti və beynəlxalq təcrübələrə əsaslanan turizm sənayesinin yeni və müasir inkişaf proqramını əhali arasında təşviq etməkdən, nəticədə Dövlət qurumları, İctimai təşkilatlar və sahibkarlar arasında sıx əməkdaşlıq əlaqələrinin yaradılmasına dəstək olmaqdan bəhs edir. Bu gündən layihənin icrasına başlamışıq. İcra etdiyimiz layihənin əsas məqsədi Azərbaycan Respublikasının Şimal-Qərb bölgəsində yaşayan və turizm sektorunda fəaliyyət göstərən, eləcə də, qeyd etdiyim sahə ilə birbaşa və sıx əməkdaşlıq edən sahibkarların iqtisadi və təşkilati mövzularda maarifləndirilməsindən, layihəyə cəlb olunan iştirakçıların müxtəlif dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri ilə görüşlərini təşkil etməkdən ibarətdir. Qeyd olunan layihə çərçivəsində təşkil olunan tədbirlərə 20-25 nəfər iştirakçılar cəlb olunacaq.
Fürsətdən istifadə edib, turizm sektorunda çalışan və bu sahəyə marağı olan sahibkarları və sənətkarları (fiziki və hüquqi şəxsləri) tədbirlərdə iştirak etməyə dəvət edirəm. Həmçinin qeyd edim ki, artıq qeydiyyat başlayıb və yerlər məhduddur. (Əlaqə vasitələri: Ünvan: Azərbaycan Respublikası, Şəki şəhəri, M. Müşfiq küçəsi 45B, Tel: (050) 5779859, e-mail: [email protected]).
Əlavə olaraq xatıelatmaq istərdim ki, “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi 2006-cı ilin avqust ayında yaradılmış və 03 iyul 2007-ci ildə dövlət qeydiyyatından keçərək hüquqi şəxs statusu almışdır. Təşkilatın əsas fəaliyyət istiqaməti “Ölkədə yaşayan əhalinin və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamlarının (sahibkarların, fermerlərin, sənətkarların), eləcə də, gənclərin, qadınların, əlillərin təşkilati-hüquqi, və sosial-iqtisadi sahələrdə maarifləndirilməsindən və ümumilikdə Azərbaycan Respublikasının iqtisadi inkişafına dəstək olmaqdan ibarətdir.
"Cebheinfo.az"