"Azercell" nömrəsinin 1 ay açıq qalması üçün nə qədər pul ödəməliyik? - SADƏ İZAH

"Azercell" nömrəsinin 1 ay açıq qalması üçün nə qədər pul ödəməliyik? - SADƏ İZAH

"Azercell" 1 iyul tarixindən danışıq kartlarının istifadə müddəti və internet tarifləri ilə bağlı tətbiq etdiyi yeni dəyişikliklər geniş müzakirələrə səbəb olub. 

Xüsusilə, sosial şəbəkələrdə istifadəçilər dəyişiklər nəticəsində tariflərin qalxacağı və danışıq kartlarının nominalına uyğun istifadə müddətinin azalacağından şikayətlənərək, mobil operatorun boykot edilməsi yönündə çağırışlar edirlər. 

"Cebheinfo.az"  xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz teleqraf-a açıqlamasında bildirdi ki, əvvəllər insanlar sadəcə 1–2 manat balans yükləməklə nömrələrini daha çox açıq saxlaya bilirdilərsə, yeni qaydalarla bu artıq mümkün olmayacaq:

“Bu sistem azgəlirli ailələr, yaşlı istifadəçilər, yalnız əlaqə üçün nömrə saxlayan uşaqlı ailələr və kənd yerlərində yaşayanlar üçün müəyyən rahatlıq təmin edirdi. Məsələn, indiyədək 5 manat ödəyib 1 ay aktiv nömrə işlətmək, yəni kiməsə zəng etməklə danışmaq mümkün idi. İndi təklif olunan qaydalara görə isə bu 5 manatla vətəndaşın nömrəsi yalnız 5 gün aktiv olacaq. Balansda pul olsa da, danışmaq mümkün olmayacaq, bundan sonra sizin konturunuzun bəlli bir danışıq günü olacaq.

Tarifə qoşulanlar üçün isə vəziyyət daha incədir: Tarifiniz varsa, yalnız o tarifin tam haqqını yüklədikdə (məsələn, 10 manat), nömrəniz 30 gün açıq qalacaq. Əgər balansa 1 və ya 2 manat yükləsəniz – heç bir resurs aktivləşməyəcək, nömrə də cəmi 1-2 gün açıq qalacaq. Tarif “varmış” kimi görünür, amma realda istifadə etməyə icazə verilmir. Hər halda, görünən hələlik belədir”.

Osman Gündüz qeyd edib ki, rəqəmsal taransformasiyaya cavabdeh qurumlar fərqində olmalıdır ki, “Azercell” dövlət şirkətinin bu addımı dolayısıyla rəqəmsallaşmaya da mənfi təsir göstərəcək:

“Düşünürəm ki, Azercell tarif qaydalarına yenidən nəzər salmalı, ”1 manat – 1 gün” prinsipi ləğv edilməli, daha ağlabatan, müştəriyə yönəlik tariflər müəyyən etməlidir”. “Azercell” şirkətinin media açıqlamasında bildirilir ki, yeni qaydalara əsasən, abunəçi balansına tarif haqqı qədər vəsait əlavə etdikdə – misal üçün, 2 AZN – tarif avtomatik olaraq yenilənəcək və nömrə 30 gün müddətində aktiv qalacaq".

Bu, təqdim olunan danışıq və internet resurslarından tam və fasiləsiz istifadə üçün imkan yaradacaq. Qeyd edək ki, əvvəlki sistemdə nömrənin aktiv qalma müddəti balansa yüklənən məbləğə əsasən müəyyən edilirdi. Müddət bitdikdə balansda istifadə olunmamış resurslar mövcud olsa belə, xidmətlər dayandırılırdı. Məsələn, “Azercellim” və ya “Bölgə” tariflərinə qoşulmuş istifadəçi 2 AZN yüklədikdə nömrə yalnız 10 gün açıq qalırdı. Bu isə istifadə olunmamış internet və danışıq resurslarından yararlanmağa imkan vermirdi. Yeni mexanizm bu məhdudiyyəti aradan qaldıraraq istifadəçilərə daha çevik və müştəri yönümlü təcrübə təqdim edir.

Dəyişiklik bütün növ danışıq kartlarına (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) və elektron balans artırma üsullarına şamil olunur. Artıq balansa yükləmə məbləğdən asılı olmayaraq, sadəcə tarif ödənişi etməklə nömrəni tarif müddəti ərzində aktiv saxlamaq mümkün olacaq. Bu yenilik “Azercell Telekom”un müştəri təcrübəsini təkmilləşdirməyə və abunəçilərə gündəlik rabitə ehtiyaclarına uyğun daha səmərəli xidmətlər təqdim etməyə yönəlmiş strategiyasının bir hissəsidir.

İKT mütəxəssisi, texnobloger Fərid Pərdəşünas isə sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib ki, istifadəçilərin xəttlərinin aktiv saxlanması üçün gündə 1 manat, ayda 30 manat balansa ehtiyac yoxdur. Tarif planının aylıq haqqını ödəmək kifayət edir. "Azercell"im və "Bölgə" planlarında olanlar və ya indidən keçid edib və plandan çıxmayanlar ayda 2 manat ödəməklə davam edə biləcəklər.

"Beləliklə, 30 gün xəttiniz açıq qalacaq. Tarif hər ay 2 manata yenilənəcək. 2 manat yükləmədiyiniz halda isə xətt 90 gün bir tərəfli açıq qalacaq. Məsləhətim odur ki, tarif paketlərinizi indidən öyrənin və ödənişləri ona görə həyata keçirdin", - mütəxəssis əlavə edib.

Xatırladaq ki, yanvar-aprel aylarında mobil operatorlar 388 milyon manat gəlir əldə ediblər. Bu sahədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 7,8% artaraq 1122,3 milyon manat təşkil edib ki, onun da 74,6%-i əhali tərəfindən istehlak olunub. Hesabat dövründə rabitə xidmətlərinin qiymət indeksi 2024-cü ilin yanvar-aprel aylarına nisbətən 0.1% artıb.

"Cebheinfo.az"