Ayaz Salayev də qalmaqallı seçkidən danışdı: “Sədr seçilməyib…” 

Ayaz Salayev də qalmaqallı seçkidən danışdı: “Sədr seçilməyib…” 

Ötən ilin sonlarında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri aktrisa Şəfiqə Məmmədovanın yenidən bu vəzifəyə seçilməsi müzakirələrə səbəb olmuşdu.

Hazırda ittifaq ətrafında yaranan söz-söhbət daha da qızışıb. Belə ki, ittifaqın nizamnaməsinə uyğun olmayan, qanunsuz seçki keçirildiyini deyən və buna etiraz edən mətbuat xidmətinin rəhbəri Əli Vəliyev vəzifəsindən istefa verib. O, saytımıza açıqlamasında aktrisanın 10-15 nəfərlə seçki keçirdiyini və özünü sədr elan etdiyini bildirib. Əli Vəliyev ARKİ üzvü olan rejissorlar Cəmil Quliyev və Ayaz Salayevin də Şəfiqə Məmmədovanın sədrlik üçün namizədliyini irəli sürdükləri xəbərinin uydurma olduğunu və rejissorların buna etiraz etdiklərini bildirib.

Məsələ ilə bağlı kinorejissor Ayaz Salayevlə əlaqə saxladıq. Kinorejissor Cebhe.info-ya açıqlamasında bildirib ki, ittifaqda sədr seçkisi keçirilməyib:

“Seçki yox, ümumi yığıncaqda mən də təklif eləmişəm ki, Şəfiqə Məmmədova sədr seçilsin. Mən deyirəm ki, qurultay olsun və qurultayda yenə də Şəfiqə Məmmədova seçilsin. Yəni orada seçki yox idi, seçki keçirilməyib”.

Günay Şahmar
Cebhe.info