Doğu Perinçek: “Türkiyə seçkidən sonra yeni siyasi böhranın içərisinə düşəcək” - EKSKLÜZİV MÜSAHİBƏ

Doğu Perinçek: “Türkiyə seçkidən sonra yeni siyasi böhranın içərisinə düşəcək” - EKSKLÜZİV MÜSAHİBƏ

Türkiyədə yaxınlaşan seçki öncəsi maraqlı açıqlamalar davam edir.

Diqqəti çox çəkən fikirlər səsləndirən liderlərdən biri də Vətən Partiyasının sədri Doğu Perinçekdir. O, prezidentliyə namizədliyini irəli sürsə də, 100 min imza toplaya bilmədiyi üçün namizəd ola bilmədi. Həmçinin, zamanında Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkət Partiyası (MHP) ilə yaxın olan Vətən Partiyasının “Cümhur İttifaqı”na qatılmaması da təəccüblə qarşılandı. Partiyanın sədri Doğu Perinçekin açıqlamaları xeyli gündəm oldu və sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulara çevrildi. Belə ki, Doğu Perinçek 100 min imza toplamasının və Vətən Partiyasının hakimiyyətə gəlməsinin əngəlləndiyini bəyan edərək, ABŞ-ı ittiham etdi.

Vətən Partiyasının liderinin “Cümhur İttifaqı”nın Mühərrəm İncəyə, “Millət İttifaqı”nın isə Sinan Oğana səs verərək 100 min imza toplamalarına dəstək olduqlarını söyləməsi də gündəmi zəbt edən digər açıqlaması idi.

Qeyd edək ki, Doğu Perinçek 1978-1980-cı illərdə Türkiyə Fəhlə və Kəndli Partiyasının (TİKP), 1991-1992-ci illərdə Sosialist Partiyanın (SP), 1992-2015-ci illərdə Fəhlə Partiyasının (İP) sədri olub. 80 yaşlı siyasətçi 2015-ci ildən etibarən isə öz qurduğu Vətən Partiyasının sədridir. Doğu Perinçek 2018-ci ildə ildə Türkiyədə keçirilən prezident seçkilərində 100 min imza toplayaraq müstəqil namizəd olaraq mübarizə aparıb.

Açıqlamaları ilə diqqət mərkəzində olan Vətən Partiyasının sədri Doğu Perinçek Cebhe.info-nun “Siyasi Gündəm” rubrikasının qonağı olub.

- Doğu bəy, qardaş Türkiyədə keçiriləcək seçkilər Azərbaycanda da çox yaxından izlənilir. Bu mövzu ilə başlayaq. Seçkilərlə bağlı nə düşünürsünüz?

- Türkiyədə çətin günlər başlayıb. Amma ölkəmiz həm imperatorluqlar, həm də son 200 ildəki inqilabçı təcrübəsi ilə bu çətinliklərin öhdəsindən gələcək. Vətən Partiyası da bu məsələdə bütün vəzifələrə hazırdır. Partiyamızın lazımi proqramları və idarə heyəti var. Ancaq bu seçimdə Türkiyə Atlantik sistem tərəfindən iki namizədin arasına sıxışdırılıb. Kamal Kılıçdaroğlunun rəhbərliyindəki millətlə əlaqəsi olmayan, amma özünü “Millət İttifaqı” adlandıran koalisiya tamamilə ABŞ-ın alətinə çevrilib. Bu səbəbdən də çıxılmaz vəziyyətdədirlər və Türkiyənin heç bir problemini həll etmək bacarıqları da yoxdur. Çünki problemlərin hamısı ABŞ və Qərbdən qaynaqlanır. Həmçinin, “Cümhur İttifaqı” da problemləri həll edə bilməyəcək. Təəssüf ki, onlar da son zamanlar ABŞ-dan qorxdular.

Yəni hər iki ittifaq da ABŞ və İsrail proqramının içindədir. Dolayısı ilə həm ABŞ-ın aləti olan “Millət İttifaqı”, həm də Vaşinqtondan qorxan “Cümhur İttifaqı” Türkiyənin qarşısındakı problemləri həll etmək bacarığına sahib deyil. üstəlik, hər iki koalisiyanın millət vəkilliyinə namizəd siyahısı da “çürümüş ünsürlər”dən formalaşıb. Həm FETÖ-cu, həm də PKK ilə bağlantısı olan adamlar millət vəkilliyinə namizəd olublar. Bu səbəbdən də Vətən Partiyası parlament seçkilərində təkbaşına mübarizə aparacaq. Bu seçkilərdə kim qalib gəlsə, Türkiyənin problemlərini həll edə bilməyəcək, ölkəni yeni siyasi böhranın içərisinə salacaq. Vətən Partiyası isə həmin anlarda vəzifəyə hazır olacaq.

- Bəs siz seçkilərdə kiməsə dəstək verəcəksiniz?

- Biz Vətən Partiyası olaraq özümüz parlament seçkilərinə giririk. 600 millət vəkili namizədi irəli sürmüşük. Bizim namizədlərimiz yaxşı sınaqlardan keçmiş Türkiyə əməkçilərinin və xalqının öndə gələnlərindən formalaşır. Ölkəni çətinliklərdən çıxaracaq təcrübələrə və biliyə sahib olan namizədlərdir. Parlament seçkilərində də, prezident seçkilərində də heç kimi dəstəkləmirik. Əgər dəstəkləsək, gələcəkdə utanacağıq, xəcalət çəkəcəyik və xalqımıza hesab verə bilməyəcəyik. Çünki hər iki variant uğursuzdur.

- Seçkilərdən sonra Türkiyə Böyük Millət Məclisindəki (TBMM) balansın dəyişə biləcəyi də ehtimal olunur. Sizin də bu barədəki təxminləriniz maraqlıdır. Sizcə, üstünlük hansı ittifaqda olacaq? Həmçinin, Vətən Partiyası hansı rolu üstlənəcək?

- 14 maydan sonra Türkiyənin problemlərinin həll edilmədiyini görəcəyik. Amma Vətən Partiyasının 14 mayda parlamentə girməsi Türkiyənin taleyini dəyişəcək. Çünki Vətən Partiyasının içində olduğu parlamentdə istehsalatçıların milli hökumətin qurulması ehtimalı ortaya çıxacaq. Bu baxımdan, Türkiyənin taleyində ən önəmli faktor Vətən Partiyasının bu seçimlərdə parlamentə girməsi olacaq. Digər partiyaların heç biri problemləri həll edə bilməyəcək. Dediklərimin doğru olduğunu bir il sonra görəcəksiniz.

- Bəs prezidentlik yarışı ikinci tura qalsa, Rəcəb Tayyib Ərdoğan və ya Kamal Kılıçdaroğludan hansını dəstəkləyərsiniz?

- Heç birini dəstəkləməyəcəyik. Çünki hər ikisi də problemləri həll edə bilməyəcəklər və ABŞ-a boyun əyiblər. Kılıçdaroğlu ABŞ-ın alətidir, Ərdoğan isə ABŞ-a qarşı başını dik tutmadı, qorxdu. Ona görə bu iki namizədə də heç bir şəkildə zamin deyilik.

- Əvvəllər Vətən Partiyasının “Cümhur İttifaqı”na yaxın olduğunu görürdük. Hətta bu koalisiya yarananda Vətən Partiyasının da ittifaqa qatılması gözlənilirdi. Lakin sizin partiyanızın yerinə bir çox partiya “Cümhur İttifaqı”na qatıldı. Siz bu təklifin Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən rədd edildiyini açıqladınız. Nə üçün Vətən Partiyası “Cümhur İttifaqı”nda yer almadı?

- Bunun tək bir səbəbi var. Vətən Partiyasının “Cümhur İttifaqı”nda yer alması ABŞ-a meydan oxumaq olacaqdı. Bu isə Türkiyənin müstəqillik yoluna girəcəyi, o cümlədən türk və Asiya ölkələri ilə birlikdə hərəkət edəcəyi mənasına gələcəkdi. Çünki türk dövlətləri Asiyada birləşirlər. Bununla yanaşı, Azərbaycanın Avrasiya yolunda olduğunu görə bilirik. Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan kimi bütün türk dövlətləri Asiyada Şanqay Əməkdaşlıq Təşlilatının üzv və ya üzvlüyə namizəddirlər. Amma təəssüf ki, Rəcəb Tayyib Ərdoğan bu layihədən üz döndərdi.

Düşünürəm ki, Ərdoğan ABŞ-dan qorxduğu üçün Vətən Partiyası ilə birlikdə hərəkət etməyə razı olmadı. Biz “Cümhur İttifaqı” ilə birlikdə hərəkət etmək istəsək də, onlar ABŞ-a meydan oxuya bilməyəcəkləri üçün təklifimizi qəbul etmədilər. Amma bizdən sonra gedib NATO-nun Şərqə doğru genişləməsinə, yəni Finlandiyanın alyansa daxil olmasına səs verdilər. Həmçinin, Hür Dava Partiyası (HüDA PAR) kimi tamamilə bölücü bir partiyanı da millət vəkilliyinə namizəd siyahılarına aldılar.

- Sizin “ABŞ Vətən Partiyasının iqtidara gəlməsini istəmir və bizi əngəlləyir” açıqlamanız sosial mediada gündəm oldu. Nə üçün belə düşünürsünüz? Yəni ABŞ niyə Vətən Partiyasını əngəlləməyə çalışır?

- Çünki onda Türkiyə ABŞ-ın nəzarətindən çıxacaq. Türkiyə istehsal sahəsindəki inqilabı ilə müstəqil bir iqtisadiyyat inşa edəcək və ABŞ-ın maliyyə mərkəzlərinin etdiyi vurğunlarının qarşısı alınacaq. Dünyanın böyük sələmçilərinin ölkəmizdə apardığı soyğunçuluğa son veriləcək. Bununla yanaşı, Türkiyə təhlükəsizlik baxımından qonşuları Azərbaycan, Rusiya, İran, Suriya, İraq, habelə digər türk və Asiya ölkələri, eləcə də Çinlə əməkdaşlıq edəcək. Bütün bunlar isə Ağ Evin planlarını pozur. Vətən Partiyası Avrasiya sivilizasiyasının yüksəlişində yer alacağı üçün ABŞ tərəfindən təhlükəli olaraq görünür. Ona görə də ABŞ partiyamızın iqtidarda olmasını istəmir. Hətta ABŞ-ın ən böyük dərdi Vətən Partiyasının güclənməsidir.

- Siz prezidentliyə namizəd olmaq üçün 100 min imza toplaya bilməməyinizə də ABŞ-ın səbəb olduğunu demisiniz. Nə üçün bu fikirdəsiniz?

- Yəni dolayı olaraq ABŞ və ya sistemdir. Sistem bütün gücləri ilə imza toplamağımızı əngəlləməyə çalışdı. Çünki sistem özü idarə etdiyi gücləri prezident seçkilərinə salır. Vətən Partiyası kimi Asiya yolunda, inqilabçı, müstəqillikçi və türk dövlətlərinin birləşməsi uğrunda mübarizə verən partiyanın heç bir şəkildə təsirli olmasına imkan vermək istəmirlər. Amma bu, ABŞ-ın nail ola biləcəyi siyasət deyil. Onlar artıq dünyanın hər yerində zəifləyirlər. Buna görə də ABŞ-ın Türkiyə ilə bağlı səyləri də qarşıdakı 1-2 il ərzində süquta uğrayacaq.

- Məmləkət Partiyasının sədri Mühərrəm İncənin “Millət İttifaqı”nın səslərini böldüyü iddia olunur. Bəs siz 100 min imza toplayıb, namizəd olsaydınız, sizə səs verəcək kütlə hansı partiyadan olacaqdı? Konkret olaraq, siz hansı ittifaqın səslərini böləcəkdiniz?

- Bizə bütün türk milləti səs verir. Özümüzü “Millət İttifaqı” və ya “Cümhur İttifaqı” ilə məhdudlaşdırmırıq. Biz işçilərin, fermerlərin, sənayeçilərin və bütün türk millətinin mənfəətlərini müdafiə edirik. Ona görə də hansı partiyada olmasından asılı olmayaraq, türk vətəndaşları Vətən Partiyasına səs verir. Partiyamızın proqramı ölkənin hər yerində səslənir və hər kəs tərəfindən qəbul edilir.

- Sizcə, namizəd olsaydınız, ikinci tura qalma ehtimalınız olardı?

- Önümüzdə Vətən Partiyasının uğurları var. Türkiyə Atlantik sistemi içərisində iqtisadi cəhətdən batır, təhlükəsizlik baxımdan da çox ciddi təhlükələrlə qarşı-qarşıyadır. Ölkəmiz artıq Atlantik sistemi içərisində qala bilməz və bu dönəm bizim üçün bitib. Dolayısı ilə təkbaşına da olsa Vətən Partiyası türk millətinin mənfəətlərini və gələcəyini təmsil edir. Türk millətinin partiyamıza yönəlməsi güclənərək irəliləyəcək. Yəni onu təxminlə demək lazım deyil. Amma ümumi cavab verə bilərəm ki, gələcəkdə Vətən Partiyası olacaq, sistemin partiyaları olmayacaq. Çünki sistem çökür və sistemi belində daşıyan partiyalar da onunla birlikdə çökəcək. Amma Asiya sivilizasiyasının yüksəlişində yerləşən Vətən Partiyası Türkiyənin gələcəyindəki ən böyük partiyadır.

- Ötən günlərdə çox gündəm olan bir açıqlamanız da olub. 100 min imza toplamaqda “Cümhur İttifaqı”nın Məmləkət Partiyasının sədri Mühərrəm İncəyə, “Millət İttifaqı”nın isə “ATA İttifaqı”nın namizədi Sinan Oğan səs verərək dəstək olduğunu dediniz. Belə düşünmənizə səbəb nədir?

- Bu, mənim düşüncəm deyil, reallıqdır. Hər kəs bunu görür. ümumiyyətlə, onlar “dovşan namizədlərdir”. AKP CHP və “altılı masa”nı bölmək üçün Mühərrəm İncəni dəstəkləyir. “Millət İttifaqı” isə MHP-ni bölmək üçün isə Sinan Oğanı dəstəkləyir. Yəni Mühərrəm İncə və Sinan Oğan özbaşına bir siyasəti təmsil etmirlər. Onlar toqquşan iki gücün alətləri olaraq siyasət meydanında yer alırlar. Bunlar düşüncə deyil, Türkiyədə hər kəsin gördüyü faktlardır.

- Mühərrəm İncənin də gündəm olan bir fikri var. O, Türkiyədə zəlzələdə ölən insan sayının 100 mindən çox olduğunu iddia edir. Siz bu barədə nə düşünürsünüz?

- Onun bunu deməsinin faydasının nə olduğunu bilmirəm. Biz dövlətin açıqladığı məlumatlara etibar edirik. Türkiyə dövlətinin bu məsələlərdə cəmiyyəti doğru məlumatlandırmaqla bağlı bir ənənəsi var. Əlbəttə ki, bəzi səhv hesablamalar da ola bilər. Çünki bütün ölənlərin dəqiq sayını bilmirik. Hələ də dağıntılar altında qalan çox sayda vətəndaşımız var. Allah hamısına rəhmət eləsin. Hansı ki, onların hesablanması aparılmayıb. Buna görə də irəlidə rəqəmlərdə bir fərq olacaq. Amma Mühərrəm İncənin dediyi qədər böyük bir rəqəmə çatmayacaq.

Elmir Mustafa
Cebhe.info