Kremlin də dəstəklədiyi layihə: Türkiyə beynəlxalq qaz qovşağına çevrilir? - MÜSAHİBƏ

Son illər neft-qaz sektorunda və Qara dənizdə kabrohidrogen ehtiyatlarının kəşf edilməsində nailiyyətlər, eləcə də yeni enerji ehtiyatlarından təbii qazın emalı üçün yeni infrastrukturun qurulması Türkiyəni dünyanın enerji mərkəzlərdən birinə çevirməkdədir.
Ölkənin enerji təhlükəsizliyini təmin etmək və digər ölkələrdən enerji asıllığını azaltmaq, habelə qlobal enerji bazarında əhəmiyyətinin artırılması istiqamətində zəruri və ciddi addımlar atılmaqdadır. Qara dənizdə neft-qaz axtarışlarının davam etdirilməsi Ankaranın enerji siyasətində mühüm yer tutur.
“Türkiyə Petrolları Anonim Ortaqlığı” (TPAO) şirkəti tərəfindən Qara dənizin ultradərinliyində aparılan kəşfiyyat işlərində indiyədək ümumilikdə 540 milyard kubmetr təbii qaz aşkar edilib. Türkiyənin Sakarya Qaz Sahəsinin İnkişafı Layihəsi dəniz altında qurulacaq təbii qaz hasilat sistemi, Filyos sahilində qurulacaq emal qurğusu və bu iki bloku birləşdirəcək boru kəmərlərindən ibarətdir.
Bununla bərabər, müxtəlif ölkələrdən təbii qaz idxal edən Türkiyənin orta və ya uzaq gələcəkdə karbohidrogen ehtiyatlarının qovşağına çevrilməsi ilə bağlı planlar da ölkənin siyasi gündəliyində müzakirə olunan əsas məsələ hesab olunur.
Türkiyənin qlobal enerji bazarında gələcək önəmli rolu ilə bağlı enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Cebhe.info-ya müsahibə verib.
-Zəfər müəllim, Qara dənizin Türkiyə sahillərində yeni kəşf edilmiş karbohidrogen ehtiyatları barədə düşüncəniz nədir?
-Bildiyiniz kimi, Qara dənizin Türkiyə hissəsində aşkar edilmiş qaz yataqlarının ümumi həcmi təxminən 540 milyard kubmetrdir. Bunun 400 milyard kubmetri ən böyük yataq - Sakarya yatağına aiddir. Yerdə qalan 140 milyard kubmetr Türkiyənin aktivində olan digər qaz yataqlarına məxsusdur. ümumilikdə, Qara dənizin Türkiyə sahillərində qaz yataqlarının ümumi həcmi 710-720 milyard kubmetr civarındadır. Lakin bu, o demək deyil ki, bu həcmlərin hamısı yüz faiz aid olduqları yataqlardan çıxarıla bilər. Məsələ burasındadır ki, Qara dənizin Türkiyə kəsimində Sakarya yatağı və digər yataqlar kifayət qədər dərinlikdə yerləşir. Bu yataqların geoloji konfiqurasiyası olduqca mürəkkəbdir. Dərinlik artdıqca, həmin yataqlarda hidrogen və silfugenin faizi və miqdarı yüksəlir. Bu isə həm hasilat işlərini ləngidir, həm də soyuq havada boru kəmərlərini çox qısa zaman kəsiyində sıradan çıxarır. Qara dənizdə ən əlverişli kabrohidrogen, yəni təbii qaz yataqları Rusiya və Ukrayna kəsimində mövcuddur. Çünki həmin qaz yataqları geoloji cəhətdən dayaz yerlərdə yerləşir. Amma Türkiyə, hətta Ruminiya tərəfdə qaz yataqları dənizin dərinliyindədir. Buna görə də həmin yataqlardan qazın hasil edilməsinin maya dəyəri yüksəkdir və bu yataqların sürətlə fəaliyyət göstərməsi üçün xüsusi texnologiyaya ehtiyacı var. Lakin bütün bunlara baxmayaraq, Türkiyənin Sakarya yatağından ilk qazın hasilatı bölgənin enerji xəritəsində çox ciddi dəyişikliklərə gətirib çıxaracaq.
- Sakarya, o cümlədən digər qaz yataqlardan hasil olunacaq təbii qaz sahəsində yaxın gələcəkdə Türkiyənin digər ölkələrdən enerji asıllığını nə dərəcədə azalacaq?
-Əlbəttə ki, Türkiyənin digər ölkələrdən qaz asıllığı azalacaq. Amma yeni kəşf edilmiş qaz yataqlardan qaz hasilatı mərhələli şəkildə artırılacaq. Məsələn, 2026-2027-ci illərə kimi Sakarya yatağında ilk qaz hasilatı 4 milyard kubmetr olacaq. 2027-ci ildən sonra Sakarya yatağından hasil olunan təbii qazın həcminin 40 milyon kubmetr civarında olacağını düşünürəm. Bu da ildə 15 milyard kubmetr qaz deməkdir. Türkiyədə sənayenin inkişafı və ölkənin digər bölgələrində qazlaşdırma işlərinin aparılması deməyə əsas verir ki, qarşıdakı illərdə Türkiyədə təbii qaza olan tələbat keçən illərə müqayisədə artacaq. Qaz asılılığını azaltmaqla yanaşı, qaz tədarükü məsələsində Türkiyə qaz ixrac edən ölkələrlə qiymət və müqavilənin şərtləri baxımından bərabər mövqedə çıxış edəcək.
-Yaxın gələcəkdə Türkiyənin karbohidrogen ehtiyatlarının qovşaq mərkəzinə çevrilməsi ehtimalı ola bilər?
-Hazırda Türkiyə əlverişli tranzit məkandır. Çünki həm Cənub Qaz Dəhlizi, həm Şimal Axını, həm də İraqın Kürdüstan ərazisindən enerji ehtiyatlarını daşıyan kəmər Türkiyə ərazisindən keçir. Eyni Türkmənistan və Qazaxıstanda öz karbohidrogen ehtiyatlarını Türkiyə vasitəsilə dünya bazarına ixrac edə bilər.
Lakin Türkiyə qlobal enerji qovşağına çevrilməsi üçün bir çox mərhələlərdən keçməlidir. İlk növbədə Türkiyənin qanunvericiliyində ciddi dəyişikliklər olmalıdır. Hazırda bu sahədə tədbirlər görülür. İkincisi, Türkiyədə böyük həcmli qaz ehtiyatlarının Avropa bazarlarına çıxarılmasından ötrü normal və yüksək infrastruktur qurulmalıdır. Bu infrastruktur üzərində hələ layihələndirmə işləri aparılır. üçüncüsü, Türkiyədə qaz infrastrukturları 24 saat yox, 32 saatlıq rejimdə fəaliyyət göstərməsi üçün yetirincə yeraltı qaz anbarları olmalıdır. Məsələn, Ukraynada hazırda yeraltı qaz anbarlarında təbii qaz 32 milyard kubmetrə yaxındır. Avropanın ən böyük qaz anbarları Ukrayna ərazisində yerləşir. Düzdür, Ukrayna Avropa İttifaqının üzvü deyil, amma Avropa məkanına yaxın olan ölkədir. Türkiyə öz ərazisində yeraltı qaz anbarlarının tikilməsi, alqı-satqı müqavilələrinin imzalanması ilə beynəlxalq dəstəyə malik olmalıdır.
Onu da qeyd edim ki, Türkiyənin qaz qovşağına çevrilməsi ideyası Rusiya tərəfindən irəli sürülüb. Bildiyimiz kimi, Rusiyanın Avropa və Türkiyənin yerləşdiyi regionda digər ölkələrlə Ukrayna və digər geosiyasi məsələlərdə fikir ayrılığı var. Məhz buna görə əvvəlcədən proqnozlaşdıra bilmərik ki, Avropa ölkələri Türkiyə üzərindən Rusiya qazının idxalına razı olacaq və ya olmayacaq. Bu məsələ hələ də qaranlıq olaraq qalır.
Türkiyənin beynəlxalq qaz qovşağına çevrilməsi gələcək illərin məsələsidir. Bu məsələdə Ankara mütləq beynəlxalq aləmin dəstəyini almalıdır. Bu olmasa, Türkiyənin beynəlxalq qaz qovaşağına çevrilməsi qeyri-mümkün olacaq.
Yunis Abdullayev
Cebhe.info