Müəllimlərin imtahanı ilə bağlı yenilik: DİM keçirəcək?

Son illər müəlimlər Elm və Təhsil Nazirliyi tərəfindən müxtəlif imtahanlara cəlb edilir.
Həmin imtahanlardan Müəllimlərin İşə Qəbul imtahanı (MİQ) və sertifikasiya imtahanları daha çox yadda qalır. Son günlər sosial şəbəkələrdə müəllimlər tərəfindən müzakirə obyektinə çevrilən əsas mövzulardan biri də həmin imthanların Elm və Təhsil Nazirliyi deyil, Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilməsi ilə bağlıdır.
Qeyd edək ki, artıq bağça və ümumtəhsil məktəblərinə inzibati və pedaqoji heyətin - direktorların, müəllimlərin qəbulu, yerdəyişməsi, o cümlədən müəllimlərin sertifikasiyasını Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi həyata keçirəcək.
İmtahanların hansı qurum tərəfindən keçirilməsinin nəticələrə təsiri varmı?
Təhsil eksperti Kamran Əsədov Cebhe.info-ya müsahibəsində bir çox önəmli məsələlərə də aydınlıq gətirib:
- Bu gün MİQ, sertikasiya imtahanlarında iştirak edən müəllimlərin bir qismi həmin imtahanların DİM tərəfindən keçirilməsini daha məqbul sayırlar. Sizcə bu, nə dərəcə məqsədəuyğundur?
- İmtahanları kimin keçirməsinin heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, imtahanlar şəffaf, ədalətli, əlçatan olsun. Bu gün DİM 30 ildən çoxdur ki, müxtəlif imtahanları keçirmək ənənəsinə malikdir. Ancaq bu o demək deyil ki, ölkədə başqa qurum imtahan keçirə bilməz. Elm və Təhsil Nazirliyi ölkədə təhsil siyasətini həyata keçirən və ən böyük işəgötürən bir qurumdur. Onlar da artıq uzun illərdir ki, müxtəlif imtahanlar, olimpiadalar, müsabiqələr keçirirlər.
Biz test tapşırıqlarının modellərini müqayisə etsək görərik ki, DİM-in keçirdiyi imtahanlar daha akademik səviyyədədir. Bilikyönümlüdür, yaddaşı yoxlayır. Ancaq ETN-in keçirdiyi imtahanlar da artıq təkmilləşir. İmtahanlarda hər il müəyyən qədər test tapşırıqlarında elmi səhvlər olsa da, düzəlir. Ən vacib məqam imtahan prosesində şəffaflığın təmin olunmasıdır ki, DİM və ETN bunu bacarır.
Ancaq bəzi hallarda DİM, məsələn, işəgötürənin istəyinə uyğun yox, öz standartları ilə yoxlayır. Bu səbəbdən ETN birmənalı şəkildə öz müəllimində hansı bilik və bacarıqlar olmalıdırsa onu bilir. Məhz bu amil də onu deməyə əsas verir ki, imtahanların ETN tərəfindən keçirilməsində bir problem yoxdur. ETN-də kifayət qədər bu sahəni bilən, təkmilləşmiş mütəxəssislər var.
Son 3 ildə keçirilən MİQ imtahanında hər hansı bir elmi səhvin olmaması, iştirakçıların böyük əksəriyyətinin müsabiqə şərtini ödəməsi, suallarda texniki qüsurların olmaması, hətta kompüter vasitəsilə kütləvi imtahanları keçirmək vərdişlərinin olmasına görə birmənalı şəkildə ETN tərəfindən bu imatahanların keçirilməsində problem görülmür. Əvvvəlki illərdə imtahan nəticələri, nəticələrin statistik təhlili ilə bağlı problemlər vardısa, artıq ETN kifayət qədər yaxşı səpkidə statsitik təhlillər apara bilir.
- Bəzən belə fikirlər də səslənir ki, ETN özünün ali təhsil müəssisələrinin verdiyi təhsilə güvənmədiyi üçün məhz imtahanları da özü təşkil edir. Bu fikirlə razılaşırsınızmı?
- Əsas məqam o deyil ki, ETN özünün verdiyi diplomlara inanmır, xeyr. Bizim hər il ali təhsil müəssisələrindən 20 minə yaxın pedoqoji kadr məzun olur. Ancaq vakant yerlərin sayı 6-7 mindir. Biz 20 min məzunu 6-7 minlik yerə yerləşdirməliyik.
Əvvəllər məzun sayı az idi, təyinatlar vardı və bu sahədə problem yox idi. İndi isə hər il azı pedoqoji ixtisasları bitirmiş 12-13 min şəxs bu ixtisas üzrə işləyə bilmir. Bu da imtahanlarda nəticələrin zəif olması ilə bağlıdır. Kütləvi imtahanların məqsədi diplomlara, hansısa təhsil müəssisəsinə inamsızlıq deyil, sadəcə məzunlar arasında ən yaxşıları seçməyə imkan verir və bu seçimi də müvafiq qurum, yəni ETN kifayət qədər yaxşı aparır.
İndiki Agentlikdə də köhnə işçilərdir, onlar onsuzda bu işi yerinə yetirirdilər. Əvvəllər ETN-in İnsan Resursları bu işi görürdüsə, indi ayrıca Agentliyin adı altında bu işi görəcəklər. Yəni onlar üçün yeni bir iş deyil. Onsuzda bu komanda 10 ildən çoxdur ki, bu imtahanları keçirir və imtahan nəticələri, müsahibə, müsabiqə də vaxtında açıqlanır. Yəni ETN-in müvafiq Agentliyi işin öhdəsindən gələcək.
- Bəzi müəllimlər bildirir ki, imtahan sualları asandır. Asan suallar müəllimlərin mövcud imtahanlara alışması, yoxsa bilik səviyyəsinə görə üçün belə təşkil edilir?
- Ümumiyyətlə, suallar var ki, yaddaşyönümlü, suallar var ki, bilikyönümlüdür. Onlar müəllimdirlər və tədris etdikləri fənnlərdən imtahanlara cəlb olunurlar. Bu, bizim müəllimlərin daha yaxşı bilik və bacarığa, savada malik olmasının göstəricidir.
Ümumlikdə bildiyiniz sizə asan, bilmədiyiniz çətin gələ bilər. Test tapşırıqlarını təhlil etdikdə görürük ki, asan və orta tipli test tapşırıqları daha çox idi və çətin tapşırıqlar ümumi test tapşırıqlarının cəmi 15 faizini təşkil edir. Ona görə ki, ilk dəfə keçirilirdi, daha çox müəllimi kəsmək yox, ilkin mərhələdə yoxlamaq istəyirlər.
Gələcəkdə təbii ki, daha da təkmilləşdiriləcək. Getdikdə müəyyən qədər orta və çətin tipli sualların sayı artrılacaq. Bütün hallarda nazirliyin kifayət qədər resursu, bazası var. DİM də müxtəlif imtahanları keçirir və müəllimlərin imtahanını ETN keçirsə, daha yaxşıdır.
Nigar Abdullayeva
Cebhe.info