Qafar Çaxmaqlı: “Rizvan Talıbov bunu 6-7 ay öncə elan edib, indi təkrar elan edir” - MÜSAHİBƏ

Sentyabrın 19-da Göyçə-Zəngəzur Respublikasının yaradıldığı elan edilib.
Bu barədə məlum olanlar qurumun bayrağının qəbul edilməsi, Rizvan Talıbovun rəhbər seçilməsi və Türkiyənin paytaxtı Ankara şəhərində nümayəndəliyinin yaradılması ilə bağlıdır. Lakin bu xəbər Qərbi azərbaycanlıları təmsil edən İrəvan Türk Cümhuriyyətində müsbət qarşılanmayıb.
İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlı Cebhe.info-ya müsahibəsində Göyçə-Zəngəzur Respublikasının yaradılmasını təxribat adlandırıb və Rizvan Talıbova qarşı ittihamllar səsələndirib:
- Mən təəssüf edirəm ki, bir sıra soydaşlarımız, o cümlədən jurnalistlər bu təxribata inanır. 200 nəfər ziyalı kimdir? Adları məlumdurmu? Bu bəyanatla çıxış edənlərin təhsili və siyasi savadı varmı?
Kimlərsə bir təxribatçı bəyanat verib, kütləvi informasiya vasitələri, sosial şəbəkələr də bu məlumatı yayıb. Özünü Göyçə-Zəngəzur Respublikasının prezidenti elan etmiş Rizvan Talıbov əvvəllər Qayıdış Birliyi adlı təşkilat yaratmışdı. Sonra biz İrəvan Türk Cümhuriyyətini təsis edəndə bütün Qərbi Azərbaycan təşkilatlarının birgə fəaliyyətinə nail olmaq məqsədilə Rizvan Talıbovu sıralarımıza dəvət etdik. O, təşkilata üzv olandan sonra müavinlik iddiasını ortaya qoydu. Biz də razılaşdıq və onu İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədr müavini təyin etdik. Bundan sonra o, “Facebook”da yazdı ki, Azərbaycan xalqının avanqardı Qərbi azərbaycanlılardır. Biz də İrəvan Türk Cümhuriyyəti olaraq xalq arasında bölücülüyə yol verən bu səfeh fikrin sosial şəbəkədən silinməsini tələb etdik. Rizvan Talıbov bizim tələbimizə əməl etmədi. Ona görə də biz onu üzvlükdən çıxartdıq. O, dinc dayanmadı və hədələyici bəyanatlar səsləndirir, belə bir qurum yaradacağını deyirdi. Halbuki, özünün Qayıdış Birliyində qalmaqallar olmuşdu. Rizvan Talıbovun əleyhinə yazılar, çıxışlar oldu. Bütün bunlar Azərbaycan xalqının gözünün qabağında baş verib. Bunu görmür, amma gedib özü kimi qeyri-ciddi bir adamı tapıb, bayrağını asıb, Göyçə-Zəngəzur Respublikasını elan edir. Rizvan Talıbovun keçmişi də qaranlıqdır. O, vaxtilə həbsdə yatıb. Rizvan Talıbov o zaman Əli İnsanovun hüquqlarını müdafiə komitəsi yaratmışdı. Əli İnsanov onu yaxın buraxmadı. Halbuki, onun həbsi Əli İnsanovun müdafiəsi ilə bağlı deyildi, tamam başqa səbəb var idi.
-Sizin “qeyri-ciddi”dediyiniz və Göyçə-Zəngəzur Respublkikasının elan edilməsində Rizvan Talıbova dəstək vermiş şəxs kimdir?
-Mən onu deyə bilərəm ki, Türkiyədə tanınmayan bir adamdır. Göyçə-Zəngəzur Respublikasını elan etmək 3-5 nəfər toplaşıb bayrağın önündə foto şəkdirib paylaşmaqla olmur. Amma bunun təxribat olduğunu bilmək lazımdır. İrəvan Türk Cümhuriyyəti elan olunub və Ermənistan adında dövləti tanımır. O isə öz yanından bu ideyanın, bu məmləkətin bir hissəsini götürüb deyir mən burada dövlət quracağam. Bu fəaliyyətin nə qədər zərərli olduğu, təxribat olduğu görünmürmü? Bu, Qərbi azərbaycanlıları bölməyə, parçalamağa yönəlmiş addımdır. Əminliklə deyə bilərəm ki, Rizvan Talıbov kənardan öyrədilmiş adamdır.
- Kim tərəfindən və nə məqsədlə öyrədilib?
- “5-ci kolon” və ya hansısa qüvvə tərəfindən öyrədilib ortaya atılmış adamdır. O, ciddi siyasi qərarlar qəbul etmək qabiliyyətinə malik deyil. Çox güman ki, ona kənardan İrəvan Türk Cümhuriyyətini parçalamağı diqtə edirlər. Məqsəd İrəvan Türk Cümhuriyyətinin güclənməsinin qarşısını almaq, bəzilərini öz tərəflərinə çəkməkdir.
- Sentyabrın 13-də Ermənistan ordusunun Azərbaycanın dövlət sərhədində təxribat törətməsindən sonra baş verən hadisələrlə Göyçə-Zəngəzur Respublikasının elan edilməsi arasında bir əlaqə düşünmək olarmı?
- Rizvan Talıbov Göyçə-Zəngəzur Respublikasını 6-7 ay öncə elan edib. İndi yenidən bunu təkrar elan edir. Çünki o, savadsız adamdır. Azərbaycan Ordusunun yüksəklikləri azad etməsindən istifadə edib yenidən bu bəyanatı yayır, fürsətdən yararlanmağa çalışır. İrəvan Türk Cümhuriyyətinin sentyabrın 25-də keçiriləcək toplantısında bu məsələni müzakirə edəcəyik və ciddi qərarımız olacaq. Qərbi Azərbaycanın bölünməsinə yönəlik belə təxribatların qarşısının alınmasını tələb edəcəyik. Rizvan Talıbov çıxıb həmin 200 ziyalının adını açıqlasın. Kimlərdir onlar? Belə adamlar varmı? Təəssüflər olsun ki, Azərbaycan mediası bu təxribatlara inanır və onu yayır.
- Rizvan Talıbovun Göyçə-Zəngəzur Respublikasının rəhbəri seçildiyi bildirilir. Bu seçkinin keçirilməsi haqqında sizdə məlumat varmı?
- Nə vaxt, harada keçirilib o seçki? Kim onu “prezident” seçib? Rizvan Talıbov çıxıb ortaya təxribatçı açıqlamalar verir. İrəvan Türk Cümhuriyyəti iki ildən çoxdur fəaliyyət göstərməsinə baxmayaraq, prezidenti yoxdur. Rizvan Talıbovun savadsız, səbatsız, məntiqsiz bəyanatına inanmamaq lazımdır. Vaxtilə onunla bir yerdə fəaliyyət göstərmiş adamlar mənə zəng edir, təəccübləndiklərini bildirirlər. Mən isə deyirəm ki, bu, anormal addımdır, əhəmiyyət verməyin.
- Ermənilər və onların havadarları Azərbaycanı Ermənistan ərazisini işğal etməkdə ittiham edir. Halbuki, Göyçə və Zəngəzur istiqamətində hərbi əməliyyatların getdiyi mövqe tarixi Azərbaycan torpaqlarıdır və sərhədlərin delimitasiyası da aparılmayıb.
Sizin bu məsələdə mövqeyi necədir?
- Məlum olduğu kimi, sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistanın diversiya qrupu Azərbaycan sərhədini keçərək hərbi təxribat törədib, əraziləri minalayıb, sonra əsgərlərimizin qaldığı kazarmaya hücum ediblər. Nəticədə, xeyli sayda hərbçimiz şəhid olub. Sonra Azərbaycan Ordusu düşməni dəf etmək üçün köməyə gəlib və güclü döyüş zamanı yenə şəhidlərimiz olub. Bu, Ermənistanın diversiya qrupunun Azərbaycan ərazilərinə sızması nəticəsində baş vermiş açıq təxribatdır. Lakin əks-hücum əməliyyatı ilə şəhidlərimizin qisası alınıb və Ermənistan ordusunun atəş nöqtələri məhv edilib. Azərbaycan Ordusu mülki əhalinin yaşadığı yerlərə atəş açmayıb. Mən hər gün Ermənistan mediasını izləyirəm, erməni politoloqların fikirləri ilə tanış oluram. Azərbaycanın təhlükəsizlik məqsədilə bufer zona yaratmaq istədiyini də deyirlər. Hətta bəzi ermənilər bunu düzgün addım hesab edir. Bu fikrin tərəfdarları Ermənistan hökumətini qınayır və növbəti müharibədən qaçmağın vacib olduğunu deyirlər. Ermənilər bildirir ki, Paşinyan hakimiyyəti yenə xaricdən dəstək umur və ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri növbəti eskalasiya deməkdir. Onlar bu məsələyə beynəlxalq gücləri cəlb etmək istəyirlər. ABŞ-ın, Fransanın, İranın aktivləşməsi də Ermənistan siyasətinin tərkib hissəsidir. Araik Arutunyana da sifariş verdilər ki, bəyanatla çıxış etsin. O da Qarabağda yaşayan ermənilərin heç vaxt Azərbaycanın tərkibinə daxil olmayacağını söylədi. Belə bir durumda Azərbaycan özünün ərazi bütövlüyünü və təhlükəsizliyini qorumaq üçün tədbirlər görməlidir. Ermənistan silahlı briləşmələrinin Qarabağdan çıxarılması və Zəngəzur dəhlizinin açılması ilə bağlı 2020-ci il 10 noyabr Bəyanatında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Ona görə də Azərbaycan adekvat addımlar atmalıdır.
Müşfiq Abdulla
Cebhe.info