Münasibətləri kəskinləşdirən ABŞ rəsmisi Bakıya gəlir

Münasibətləri kəskinləşdirən ABŞ rəsmisi Bakıya gəlir

Bu gün ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn Azərbaycana səfər edəcəyi gözlənilir. 

ABŞ Dövlət Departamentinin məlumatına görə, dövlət katibinin köməkçisi Bakıda olarkən Azərbaycan rəsmiləri ilə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, Azərbaycan və Ermənistan arasında sülhün dəstəklənməsinə dair görüşlər keçirəcək. 

Yenisabah.az xəbər verir ki, bu, yüksək vəzifə tutuan ABŞ diplomatının noyabrın 15-də Senatdakı Qarabağla bağlı son dinləmələrdən bəri Azərbaycana ilk səfəridir. 

Həmin dinləmələrdən sonra iki ölkə arasında münasibətlər kəskinləşmişdi. 

Noyabrın 27-də ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan Prezidentinə zəng edib. Onun İlham Əliyevə zəngi Azərbaycan və ABŞ arasında münasibətlərin kəskinləşməsini yumşaltmaq məqsədi daşıyıb. 

Rəsmi məlumatlara görə, Blinken Əliyevlə Vashington və Bakı arasındakı münasibətlərdə müşahidə edilən narahatlıqları müzakirə ediblər. 

Prezident İlham Əliyev qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı verilən son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub. 

Antoni Blinken İlham Əliyevdən münasibətlərin normallaşdırılması məqsədi ilə Ceyms O’Braynın dekabrda Azərbaycana səfərinə icazə verilməsini xahiş edib:

“Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib”.

"Cebhe.info"